Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
13 Dekabr 2018


Onun ölümü bağışlanmazdı, amma…

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan kinosu: Kadr və kadr!

Rasim Ocaqov yaddaşımızın heç vaxt köhnəlməyən, “arxivləşməyən” hissəsində qorunan bir isimdir. Onun haqqında hamı danışa bilər: kənddəki çoban da, şəhərdəki həkim də, Moskvadakı məşhur kinoman da… Keçmişdəki "sovet ziyalısı"nın da, müstəqillik dönəminin postmodernistinin də - hamının axtardığı, dəyər verdiyi personadı. Çünki onu hamının sevdikləri sevir! Amma o, kinonu sevirdi! Özü də iri plandakı kadrlarıyla. İri planlı kadrların ustası elə özünü də kino tarximizin ən iri planlı kadrı kimi yaddaşlara yazdı.

Dünya kinosundakı italyan neorealizminə Azərbaycan sovet kinosu ekranında həyat verən Rasim Ocaqov bizim müstəqillik dönəmimizdə də ötən əsrdə təşəkkül tapmış cərəyanla ümumi axında öz yerini qorudu. Rasim Ocaqov 14 filmin operatoru, 70-ə yaxın filmin rejissoru olub. O, həm yaxşı operator, həm yaxşı rejissor olmaqla bərabər, həm də yaxşı oğul, ata, qayınata, baba idi, özü də heç vaxt unudulmayacaq ampluada! Azərbaycan kinosunda xarizmatik obrazların təqdimatçısı idi, özü də xarizması olan sənətkar kimi yaddaşlara yazıldı.

İncəsənətin digər qolları kimi, kino sahəsi də intriqa və dedi-qoduların əskik olmadığı bir meydandır, fəqət Rasim Ocaqov bu irili-xırdalı "cəngəllik adətləri"ndən uzaqda idi. Damağından siqareti, ürəyindən insanlığa məhəbbət əskik olmadı. Həyat verdiyi obrazların humanizmi, dünyagörüşü, ruhi-psixoloji sarsıntıları hər bir tamaşaçını öz obrazını çəkməyə təkan verdi: onun kinolarından dünyaya boylanaraq, özləri həyatlarının obrazını yaradıb, öz filmlərini çəkiblər. Sevgi filmləri yox, sevilən filmləri çəkməklə sevilən rejissor təkcə ideya-bədii dəyərləriylə tamaşaçının qulaq yaddaşında deyil, həm də hər kadrı bir salnamə olan kompozisiyalarla göz yaddaşlarına həkk olunub.

Rasim Ocaqov hələ uzun müddət kinolentlər bir yana, canlı kadrlarda qalacaq, ən azından Şeyx Əbdül Mahmudbəyov, Rasim Balayev, Fəxrəddin Manafov, Hacı İsmayılov gözümüzün qabağında olduqca, biz həm Rasim Ocaqovu xatırlayacağıq, həm də Şahmar Ələkbərovu, Şəfiqə Məmmədovanı... Filmlər isə bizə heç kimi unutmağa qoymayacaq. Həyat dolu bu filmlər həyatı anlamağa, yaşamağa vəsilə olacaq.

Ocaqov! - Həyatda da, kinoda da bəxti gətirən bir insan. O, hətta həyatda ən uğursuz insan olsaydı belə, yenə də Azərbaycanın ən uğurlu kadrı olacaqdı. Çünki həyata bu həyatın şəkillərini foto lentinə çəkməklə başlamışdı - ailəsi üçün. Sonra həyatın şəkillərini kino lentinə çəkdi - Azərbaycan üçün və təkcə Azərbaycan üçün yox, həm də dünyanın altıda birini əhatələyən SSRİ üçün!

Onda dünya SSRİ boydaydı və Rasim Ocaqov SSRİ boyda DÜNYA üçün çəkirdi, amma dünya boyda çəkirdi! Daha sonra Azərbaycan adına dünya üçün çəkməyə başladı, fəqət Azərbaycan dünya boyda böyüməyə təzəcə başlayırdı və bu dönəmdə ürəyi dayandı! Bax, bu anda adamın içindən hayqırmaq gəlir: ölsən, bağışlamayacağam!

Rasim Ocaqovun ölümü bağışlanmazdı, amma ölməyi Rasim Ocaqova bağışlamaq olar.

O elə bir kadrdı ki, hər zaman kadrda olacaq - iri planda! Noyabrın 22-si ad günüdü. 1933-cü ildə dünyaya gələn Rasim Ocaqov 2018-ci ilin 22 noyabrını da adlaya biləcək. İnanıram və inanmaq lazımdı ki, iki müharibəni - İkinci Cahan savaşını və Qarabağ müharibəsini adlayan Ocaqov üçüncü döyüşü də adlayacaq. O döyüşün adı yaddaşlara həkk olunmaqdı!

İnanıram və inanmaq lazımdı ki, nə olursa olsun, Azərbaycan xalqı yaddaşını - göz və düşüncə yaddaşını heç vaxt itirməyəcək. Bizim üçün vuruşan Rasim Ocaqovu yaşatmaq üçün biz vuruşacağıq! Bu bizim "rejissor" kimi borcumuzdur. Ən yaxşı operator kimi kinoya gəlib ən yaxşı rejissor kimi bu dünyanı bizə buraxan Rasim Ocaqovun ən yaxşı tamaşaçıları olaraq biz bunu etməliyik! Özü demişkən, "əgər... onda mən kino çəkməmişəm ki!"

Dostlarının hamısının hörmətlə "Ocaqov" çağırdığı Rasim müəllim haqqında hər dəfə deyilən fikir son söz kimi qəbul olunsa da, hər dəfə Onun haqqında danışmağa başlayanda 1933-cü ilin 22 noyabrı başlanğıc olacaq və bu tarix bitməz! Hər zaman üçün anasının istəklərini üstün tutan Oğul xatırlanacaq; Hər zaman üçün kürəkənini Oğul qədər istəyən qayınata xatırlanacaq; Hər zaman üçün heç kimin diqtəsini nəzərə almayıb, aktyoru çəkiliş meydançasında eşşək sudan gələnəcən işlətsə də, eyni zamanda aktyor üçün Ata qədər qayğı göstərən Kişi kimi Oğul xatırlanacaq!

Hər zaman... hər bir situasiyada... hər bir kadrda!

Tarix
2018.11.22 / 22:04
Müəllif
Anar Yusifoğlu
Şərhlər
Загрузка...
Digər xəbərlər

Gəncədə qətlə yetirilən polislər niyə silah çıxarmadı?

Anar Yusifoğlunun Əli Həsənova – Şok müraciəti

Qoy, azərbaycanlılar məni bağışlasın… - Rus polkovnik

Ermənilər hər gecə əlaqəyə çıxır bizimkilərlə...

Bizi yerdən əzizlərimiz götürür...

Ölümə qarşı bir can kimi...

Dünyanın Vətən dərdi çəkən xoşbəxt adamı

Bu xoşbəxtlik uğrunda ölmək…

Niyə belə etdin ki!..

Ən qiymətli qızıl medal

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla