Yuxarı

"İlk öncə" demək olarmı?

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İlk öncə" ifadə olaraq XX əsrin birinci yarısından fəal işlənməyə başlayıb.

Məsələn,

Mən gurultu qoparmağı ilk öncə

alov gözlü şimşəklərdən öyrəndim (M.Müşfiq).

Keçən əsrin əvvəllərində "ilk" sözü "əvvəl" sözü ilə də işlənirdi. Məsələn, "İstiqlalımıza təcavüzə qarşı ilk əvvəl üsyana qalxan özüm olacağam".

Nitqdə "ilk" sözünün "ən" mənası da özünü göstərir: ilk əvvəl - ən əvvəl. Anlayış eyni, ifadə formaları fərqlidir.

Əgər "ilk" sözünün "öncə" zaman zərfi ilə işlənməsinə dildə tarixən ehtiyac olsaydı, 5 əsr qabaq da işlənə bilərdi. Belədirsə, nə üçün bu proses dildə gec baş verib?

Əvvəlcə, qısa şəkildə bu sözlərin nitq hissəsindəki yeri barədə:

"İlk" və "öncə" sözləri ayrı-ayrı nitq hissəsidir. "İlk" sözü sifət, "öncə" isə zaman zərfidir. Sinonim sözlər deyil. "İlk" sözü müstəqil şəkildə zərf kimi işlənə bilmədiyi üçün mütləq özündən sonra zaman anlayışı tələb edən sözlə işlənməlidir. Məsələn, ilk gündən - yəni, birinci gündən. Digər hallarda "ilk" sözü sifət olduğu üçün özündən sonra isim tələb edir. Məsələn, ilk arzum, ilk baxış, ilk sıra və s.

İzahlı lüğətdə "ilk" sözünün beş mənası verilib: birinci, əvvəlinci, lap birinci, lap əvvəl (ilk gündən, yəni birinci gündən), başlıca, əsas, ən vacib, ən mühüm (ilk amalım - yəni, əsas, başlıca amalım və s.), əvvəlcə, görən kimi, baxan kimi və ilki şəklində.

Buna baxmayaraq, sonuncu bənddə "ilk öncə" sözünün "ən birinci olaraq", "əvvəlcə" mənaları verilib.

"Öncə" sözünə gəlincə, bu sözün lüğətdə iki mənası verilib. 1.Qabaqca, əvvəlcə, birinci olaraq (Öncə ona söz verdilər) 2. Vaxtında, qabaqcadan (Tədbiri öncə görmək lazımdır).

Deməli, sualımızın izahı məhz "öncə" sözünün birinci mənası ilə bağlıdır. Əvvəlcə, birinci olaraq. Məs.: Öncə mənə söz verin (Yəni, hamıdan qabaq, lap birinci, birinci olaraq, əvvəlcə). Sual olunur: Belə olan halda "ilk" sözünün işlədilməsinə ehtiyac varmı? Təbii ki, yox!

Deməli, bəzən sözün işlənməsi vəziyyətdən, fikrin emosionallığından asılı olur.

Müqayisə edək: ilk öncə - ilk əvvəl. Yuxarıda yazdıq ki, bunların hər ikisi işlənir. Nə üçün "ilk öncə" sözü dildə işlənə bildiyi halda, ilk əvvəlcə sözü işlənmir? Axı bunlar eyni qrammatik göstəriciyə malik sözlərdir. "İlk öncə" işlənirsə, "ilk əvvəlcə" də işlənməliydi. Onda "ilk əvvəl" məntiqi ilə "ilk öncə" yox, "ilk ön" işlənməliydi.

Bu anlaşılmazlığın səbəbi həmin sözün və şəkilçinin inkişafı ilə bağlıdır. Elə buna görə də -ca, -cə şəkilçisinin dilçilikdə yeri tam dəqiqləşdirilməmişdir. Ali və orta məktəb dərsliklərində düzəltmə zaman zərfi kimi "öncə" sözünün izahı ilə bağlı heç bir məlumat verilmir.

Ümumiyyətlə, çağdaş dərsliklərin əksəriyyəti köhnə dərsliklərin əsasında yazılır, dilə praktik cəhətdən yanaşılmır, normativlər əvvəlki gələnəklər üzərində qurulur.

- ca, -cə şəkilçisinə geniş toxunmaqda məqsədim var. Ən azı ona görə ki, "ön" və "əvvəl" sözləri -ca, -cə şəkilçisi ilə də işlənir: İlk ön+cə, əvvəl+cə.

Bu şəkilçi dildə hansı mənaları ifadə edir? Dolaşıqlığa diqqət edək:

1. -ca, -cə morfoloji üsulla sifətin çoxaltma dərəcəsini yaradır: xırda+ca, zorba+ca.

2. -ca, -cə qüvvətləndirici ədat kimi də işlənir: olduq+ca, zorba+ca, bollu+ca (Diqqət edin, eyni söz (zorbaca) həm sifət, həm də qüvvətləndirici ədat kimi verilib).

3. -ca, -cə fikrin mənbəyini bildirən modal söz kimi verilir: mən+cə, sən+cə, biz+cə ..

4. -ca, -cə şəkilçisi isimdən zərf düzəldir: türkcə, rusca və s. (vurğusuz)

5. -ca, -cə zərfdən zərf düzəldir. yavaş+ca, indicə

6. -ca, -cə sifətdən zərf düzəldir: xəfif+cə.

7. Q.Kazımov bir qədər irəli gedərək adverbiallıq yaradan bu şəkilçiyə (öncə sözünü işlətmir) "əvvəlcə" sözünü də nümunə gətirir.

Hər bir dilin öz xüsusiyyəti var. Bu, o demək deyildir ki, başqa dildə mövcud olan hansısa xüsusiyyət mütləq bizim dildə də öz əksini tapmalıdır. İnkişaf, dildə gedən dildaxili proseslər dili sadələşdirir. Dil düşüncə və məntiq məsələsidir.

Müqayisə edək:

Mənim əvvəlim (başlanğıcım)

Mənim önüm (ön tərəfim, üzə tərəf olan, qabağım)

Yaxud:

Paxıllıq ilk öncə insanın özünü məhv edir (fikir bitir).

Paxıllıq öncə insanın özünü məhv edir… (fikir bitmir, sanki "sonra" sözünü tələb edir.)

Göründüyü kimi," ilk" sözü "öncə" demək deyil. Bir əsrə yaxındır dilimizdə işlənsə də, o qədər də uğurlu birləşmə sayılmır. Düşünmək olar ki, "ilk öncə" sözü keçən əsrin əvvəllərindən Türkiyə türkcəsindəki "öncəliklə", "daha öncə olaraq" birləşməsinin qarşılığı olaraq dildə formalaşıb və bunu tavtologiya adlandırmaq doğru deyil. Dilimizdə "öncəliklə" sözü artıq işlənməyə başlayıb, bu da təbiidir!

Tarix
2014.11.01 / 18:38
Müəllif
Şahlar Məmmədov
Şərhlər
Digər xəbərlər

Əndirəbadi sözlər

Əziz Yıldırım istefa verəcəyi tarixi açıqladı

Rusiya: “6400 insan öldürülüb”

Çərşənbə sözü necə yaranıb?

Kiflənmiş KİV və alişan ariflər

Millətimizin sərvəti

Mədəni – şəhərli deməkdir

“WhatsApp" necə yazılmalıdır?

Qor aparan necə qorapalan oldu?!

Dövlətin sərt üzünə ehtiyac varmı?!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla