Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
24 Yanvar 2018


Fazil Mustafaya açıq məktub

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əziz Fazil bəy!

Sənin mətbuatda ardıcıl çap olunan ictimai-siyasi məzmunlu məqalələrin məni sevindirir; bu yaxınlarda işıq üzü görmüş "Azərbaycanda türk kimliyi və saxta tarix problemi" adlı əsərin də ciddi bir mövzuya həsr olunmuşdur və onu da məmnuniyyətlə oxuyacağam; təəssüf ki, bizdə bu növdən olan kitablar seyrək yazılır, siyasətçilərin sayı çoxalsa da, xeyli özündənrazı məmur, millət vəkili, təhsillimiz olsa da, dünyanın gedişatını dərk edən, bu barədə aydın mövqeyi və fikri olan, nəhayət, öz düşüncələrini normal bir dillə yazıb cəmiyyətə çatdıra bilən adamlar azdır.

Bəlli bir nəzəri, fəlsəfi, siyasi hazırlıq, təcrübə, dünyada gedən proseslərdən xəbərdarlıq, aydın vətəndaş mövqeyi, cəmiyyətə sayğı olmasa – yazılan fikirlərin də dəyəri olmaz!

Sənin şablonlara, kütlənin ötəri rəğbətinə uymadan, ictimai rəyin populyar istəklərindən imtina edərək, bəzən populyar olmayan, ancaq real inkişafa, həqiqətin aşkarlanmasına istiqamətlənmiş mövqeyini bəyənirəm. Bu sırada iqtidarla müxalifət arasında düşmənçiliyə son qoyulması, dözümlülük mühitinin yaradılması, müstəqilliyin qorunması naminə hakimiyyət uğrunda savaşların vətəndaş həmrəyliyi müstəvisinə keçirilməsi, iqtidarın xarici siyasət kursunun dəstəklənməsi kimi, elə fikirlərin və ya iqtidarın vətəndaşa ədalətli münasibətinin zərurəti, inhisarçılığın azaldılması, sahibkarlığın inkişafına mane olan əngəllərin aradan qaldırılması ilə bağlı elə tənqidi qeydlərin və təkliflərin də var ki, on-on beş il əvvəl olsaydı, birinci mövqeyinə görə müxalifət, ikinci mövqeyinə görə iqtidar səni gözümçıxdıya salardı. Cəmiyyət dəyişilməli və tədricən qaragüruhçuluğun yerini aydın düşüncə tutmalıdır. Buna görə də tərəddüd eləmədən inandığın həqiqətləri xalqa çatdırmalısan; ziyalının əsas borcu da budur!

Bu girişdən sonra gəlirəm məktubu yazmağımın əsas səbəbinə!

Əziz dostum!

Elə milli məsələlər var ki, ona şübhə yaratmaq və ya onu gündəlik siyasət məntiqilə, dövlətlərin indiki gücü, nüfuzu və istəyi prizmasından əsla təhlil etmək və qiymətləndirmək olmaz! Buna görə də "Bütöv Azərbaycan ideyası: tamam, ya davam?" adlı məqalən məni təəccübləndirdi. Məqalə təxminən iki ay öncə dərc olunmuşdu, lakin o vaxt bir kitabımın son fəsilləri üstündə çalışdığımdan fikrimi başqa istiqamətə dağıtmaq istəmədim. İndi başım ayılıb və hesab edirəm ki, rəyimi sənə çatdırmalıyam; çünki sən cəmiyyətdə bəlli bir mövqeyi, hörməti olan, fəal millət vəkilisən, istedadlı qələm sahibisən və görünür, məqalədəki mövqeyinə bundan sonra da qayıdacaqsan. Qabaqcadan deyim ki, məncə, heç bir Azərbaycan vətəndaşı sənin məqaləndəki mövqeyinə şərik olmamalı, sənin fikrini paylaşmamalıdır; çünki bu mövqe ziyanlı mövqedir!

Məqalən aksiom kimi təqdim etdiyin fəlsəfi bir girişlə başlanır: "Bütün hallarda (?) ideyalar bir insanın düşüncəsinin məhsulu olur, bir qrup və ya zümrə tərəfindən ictimailəşir (ictimailəşdirilir - S.R.) və inandırıcılığı mənimsənilən halda idealist insan tiplərinin yetişməsi ilə yaşamaq haqqı qazanır". Məncə, sənin bu hökmünün Azərbaycanın bütövlük və birləşmək istəyi və ya idealı ilə qətiyyən əlaqəsi yoxdur. Bir ulus, el – paramparça olandan sonra, yüzlərlə ailənin, kəndin, tayfanın, nəslin yarısı o tərəfdə, yarısı bu tərəfdə qalandan sonra qanlı savaşların nəticəsi olan bu yaranın sağaldılması uğrunda mübarizənin – "idealist insan tipləri"nə nə ehtiyacı? Xalq üzləşdiyi bəlanı, içində qövr eləyən dərdi hər hansı "ideya daşıyıcısının" dilindən eşitməyincə anlamır bəyəm? Məncə, Arazın güneyində və quzeyində yaşayan sadə adamlar da çayın qarşı tərəfindəki qardaşından ayrı düşdüyünü anlayır, siyasi həllini təsəvvür eləməsə də, sərbəst get-gəlişi, birləşməyi arzulayır, bu onun təbii istəyidir ki, bu, istək - ideya sayıldı-sayılmadı - xalqın ürəyindən çıxan deyil.

Taleyindən, xatirələrindən, həyat şərtlərindən gələn bu təbii istəyi xalqa heç kim öyərtməyib - nə ən böyük şairlər, nə ən böyük siyasətçilər! Bütövlük, birləşmək arzusu - ideya anlayışına sığmayan bir mücadilə yoludur. Ayrılıq ağrısı analarımızın sızıltıyla oxuduqları "Qaragilə"lərdən, atalarımızın dilindən düşməyən Təbriz, Marağa həsrətli bayatılardan dolub içimizə!

Əgər bu gün Təbriz haqqında, Araz haqqında əvvəlki həsrətlə, hərarətlə şeir yazılmırsa və ya yazılanlar insanları əvvəlki kimi həyəcanlandırmırsa – bu, heç də Azərbaycanda milli bütövlük istəyinin sönməsi deyil və sənə "Azərbaycanın birləşməsi ideyası da əslində inandırıcı olmayan, fəlsəfi təməli olmayan, nəzəri əsaslandırması olmayan bir ədəbiyyat hadisəsi kimi anlaşılmalıdır" kimi heç bir fəlsəfi, nəzəri, ən başlıcası, milli əsası olmayan fikir söyləmək haqqı vermir.

Görəsən, çar ordusu Güney Qafqaza girəndə Azərbaycan xanlarının – xüsusən Gəncə xanı, Quba xanı, İrəvan xanının - ona qarşı ölüm-dirim savaşları da "ədəbiyyat hadisəsi"ydi? Yüz minlərlə insanı vətən uğrunda, öz ocağı, kəndi, şəhəri uğrunda savaşa hansı fəlsəfi təməl, nəzəri əsas aparırdı? Yurdunu qorumaq instiktindən qədim və əzəli "fəlsəfə" var? O tökülən qanları, "ya vətən, ya kəfən" deyərək savaşa atılanları unudaraq, o vaxtkı yazışmaları, görüşləri, diplomatik səyləri, rusları Qafqaza dəvət edən erməni hiylələrini, xanların öz aralarında və Osmanlı dövləti ilə yazışmalarını nəzərə almadan və nəhayət, ayrılığın tarixini obyektiv şəkildə araşdırmadan – birləşmə istəyinin məntiqini və zərurətini də anlamaq olmaz.

Bütövlük istəyinin əsassızlığını göstərmək üçün – ayrılığı inkar edir, işğala qurtuluş donu biçirsən: "...Gülüstan və Türkmənçay müqaviləsinin möhürlərinə Azərbaycanın İran qaranlığından, Səfəvi cəhalətindən, İslamın təməl mahiyyətindən uzaq qalmasından qurtuluş və qopma tarixi kimi baxmalıyıq" deyə sovet dövrünün uydurma "könüllü birləşmə" yalanını təkrar edirsən. Bəlkə Cavad xan öz yurdundan qopub Sisianovun qucağına atılmışdı, bəlkə İrəvan xanı çar ordusunun qabağına duz-çörəklə çıxmışdı? Səncə, o savaşlar qurtuluş və qopma uğrunda aparılırdı? Qurtulmaq istəyən özünü, ailəsini qurban verərdimi?

Sonra yazırsan: "Buna parçalanma, ayrılma tarixi deməyin hansısa elmi əsasını həqiqətən görə bilmirəm". Əziz qardaşım, işğalın, savaşın nəticələri iki yüz ildən sonra da ortada ola-ola bunun elmi əsasını axtarmaq – Çar Rusiyasının tökdüyü qanlara və işğalçılıq müharibələrinə haqq qazandırmaqdır ki, buna etiraz olaraq onlarla ciddi kitab yazılmışdır. Sənin məntiqinlə yanaşsaq, gərək 1918-ci ildə Çar Rusiyasından qopub müstəqil dövlət qurmağımızı da və onu bərpamızı da artıq və əhəmiyyətsiz bir iş sayaq. Bu fikrinə "Düşmən faydası" adlı başqa bir məqaləndə də rastlaşmışdım. Orda da belə bir qəribə məntiqlə yazırsan ki, guya ermənilər bizim torpaqları işğal etməklə bizi ayıltmış və bizə "fayda" vermişlər...

Sənin fikrincə, "Gülüstan, Türkmənçay müqavilələrinə rus işğalının başlanğıcı olmaqla yanaşı, həm də milli dirçəlişin başlanğıcı, xalqın bir hissəsinin iranlı kimliyindən modern türk kimliyinə qovuşması kimi baxılmalıdır. Rus işğalla yanaşı bizi molla mədrəsəsinin içindən çıxarıb məktəbin içinə soxdu. ... Hərbi biliklərə yiyələnmək imkanı verdi".

Düzdür, Rusiyanın işğal etdiyi Quzey Azərbaycan Avropaya yaxınlaşdı. Lakin Rusiyanın siyasəti qətiyyən milli dirçəlişə, türk kimliyinə qovuşmağa xidmət etmirdi. Milli dirçəliş daha çox dünyada gedən proseslərin, kapitalizmin, Bakı neftinin, rus inqilablarının və ziyalılarımızın yorulmaz əməyinin nəticəsiydi. İran o vaxt türk kimliyini Rusiyadakı kimi əzə bilmirdi. İranda bu gün də azərbaycanlılar öz adlarını qoruyublar, özlərinə türk deyirlər. Rusiya isə bizə müsəlman, tatar, adırbaydjansı kimi adlar verdi, yüz illərlə istifadə etdiyimiz ərəb hürufatını dəyişdi, bizi allahsız elədi. Xaçpərəstlər üçün açdığı məktəblərə biz yalnız 60-70 il sonra ayaq aça bildik, orduda xidmət üçün dinimizdən imtinanı şərt qoydu.

Rusiya ilə savaşan İran deyildi, rusların və Avropanın Persiya, yəni Farsistan adlandırdığı, lakin əhalisinin, əsgərinin, sərkərdəsinin çoxu türk olan Qacar sülalə dövləti idi.

XVIII əsrin ortalarında güclənən fars zehniyyətindən, fars mərkəzçiliyindən qaçan Azərbaycan türkləri 20 xanlıq yaratmışdılar. Sənin məqalə boyu təriflədiyin almanlar da həmin dövrdə elə bizim vəziyyətdəydilər və iç savaşları ara vermirdi. Sonra onların bir araya gəlmək imkanı oldu və yalnız 1871-ci ildə birləşə bildilər, bununla belə, bir millət olsalar da, federasiya zehniyyəti davam etməkdədir.

Azərbaycan xanlıqları da didişmə və özünüdərk dövrünü keçərək bütöv Azərbaycan dövləti qurmağa doğru gedəcəkdilər. Başqa yolları yox idi. Bu müzakirələr gedirdi... Təəssüf ki, Çar Rusiyası ilə savaşlar bu arzunun reallaşmasına imkan vermədi, on xanlıq Rusiyanın əlində qaldı. Qacar dövlətində türk əhalisinin sayı azaldı və fars təsiri daha da gücləndi. Bu parçalanma nəticəsində Quzeydə ruslaşanlar, Güneydə farslaşanlar oldu, fərqli ideologiyalar, fərqli sistemlər bir xalqın iki parçasını bir-birinə düşmən etməyə çalışdı. Quzeydə assimilyasiya mexanizmləri işə düşdü, Güneydə fars şovinizmi ingilis layihəsinə uygun şəkildə türk sülaləsini hakimiyyətdən uzaqlaşdırdı, türk düşmənçiliyi gücləndi. Lakin bu – bir milləti iki millət edə bilmədi! Buna görə də İrandakı türklərə "türk vücudu ilə düşmən fars" damğası vurmaq olmaz. Biz quzeydə sovet xalqı, güneydə iranlı adları altında milli kimliyin unutdurulması siyasətinin içində də heç vaxt əsil türk kimliyimizi unutmadıq. Sovet xalqının bir parçası və ya iranlı olmaq heç vaxt bizi rusa və ya farsa çevirmədi! Biz yenə Azəbaycan türküyük, azərbaycanlıyıq - orda da, burda da!

Bu birliyi, bu təməli qoruyan nədir?

Yazırsan ki, almanlardan fərqli olaraq azərbaycanlıların mənəvi kodunu təyin edən heç bir fəlsəfi məktəb olmayıb. Deyək ki, belədir, onda onun türklük süurunu, vətən sevgisini, inancını, ailə və icma bağlılığını, dürüstlüyünü, rəhmdilliyini, Allaha bağlılığını, insan sevgisini, cəfakeşliyini və yurdu uğrunda vuruşmaq qabiliyyətini formalaşdıran və qoruyan nədir? Məncə, dünyanın altıda birini zəbt edən orta əsrlər Rusiyasının da, Amerikanı, Avstraliyanı vətən edən avropalıların da belə bir fəlsəfi məktəbləri yox idi. Bu hərəkətliliyin kökündə bir məktəb dayandı - "güc". Ən böyük fəlsəfi məktəb milli coğrafiyada milli varlığını, dilini, mədəniyyətini, azadlığını, birliyini qorumaq istəyidir.

Nikolay Berdyayevin sözləri ilə desək, "millətin öz dövlətini itirməsi, öz müstəqilliyini və suverenlyini itirməsi – böyük bir bədbəxtlikdir, millətin ürəyini parçalayan ağır bir xəstəlikdir".

35 milyonluq Azərbaycan türkünün İranda mövcud olmuş dövlətini itirməsi belə bir ağır xəstəliklə nəticələnib və onu sağaltmaq üçün dərman - azadlıq eşqindədir; fəlsəfi kod dediyin də elə bu azadlıq eşqidir və şükür heç bir assimlyasiya siyasəti o eşqi millətimizin ürəyindən çıxara bilməyib.

Azərbaycanın Volteri, Russosu, Didrosu, Hüqosu, Hegeli, Qerderi olmayıb, düzdür. Amma kim deyə bilər ki, insanlığın mənəvi dəyərləri yalnız Avropa yazarlarının və filofoslarının yazdıqlarından ibarətdir və onların fikir çərçivəsindədir.

Şərqi hər məsələdə Avropa tərəzisində çəkmək yeni vərdişdir. Fars, ərəb təsirindən, islam fanatizmindən qopmaq üçün böyüklərimizin Avropaya üz tutmasını başa düşürük. Biz də bu yoldayıq. Ancaq bu o demək deyil ki, Avropanın bəlli fəlsəfi məktəbləri olmadan xalq kimi mövcud olmaq və öz müstəqilliyini, bütövlüyünü fikirləşmək mümkün deyil. Məncə, nə yaponlar, nə Çin, nə Koreya müstəqil dövlət, bütöv xalq niyyətlərini Avropa fəlsəfi məktəblərindən öyrəniblər. Yüz illər boyu Şimal ilə Cənubu birləşdirmək uğrunda mübarizə aparmış Misir də, iki min il öz yurduna qayıtmaq arzusuyla yaşayan yəhudi xalqı da bu məktəbdən keçməyib. Avropanın özündə də millətləşmə ideyasını fransızlar bir cür başa düşürdü, almanlar başqa cür. Bu günün özündə də xalq, millət, milli dövlət, dövləti olmayan xalqların taleyi ilə bağlı nə Avropada, nə Amerikada, nə Rusiyada hamının şəksiz qəbul etdiyi və ya edəcəyi bir fəlsəfi mövqe, aydın konsepsiya, kod modeli yoxdur.

"Birləşmənin dini və fəlsəfi təməli olmalıdır" deyərək oxucunu dağa-daşa salmaq lazım deyil. Dini təməl əsas olsa, müsəlman ərəblərin 20 dövləti yaranmazdı. Fəlsəfi təməl mücərrəd və dağınıq bir anlayışdır. Bütün təməllərin başında toplumun bir millət olduğunu dərk etməsi dayanır. Bir millət olmanın şərtləri içində qan və din birliyi də var, dil, tale, adət-ənənə, torpaq, ortaq tarix, ortaq fəlsəfi baxışlar sistemi də. Bunlar olmasa, millət olmaz. Millət anlayışını dövlət coğrafiyaları ilə məhdudlaşdıran nəzəriyyələr də var. Ancaq bu fikrin əleyhinə olanlar da kifayət qədərdir. Hansı dövlətin ərazisində yaşamaq əsas götürülsəydi, gərək çoxdan Kvebekdəki fransızlar fransızlığını, müxtəlif ölkələrə səpələnmiş ruslar rusluğunu unudaydı, ərəblər də çoxdan iyirmi fərqli xalqa çevrilmiş olaydı...

Avropada millətləşmə mərhələsini ən uğurlu keçən, dövlətini etnik coğrafiyasında quran və sənin dediyin kimi, fəlsəfi məktəbləri olan xalqlardan biri almanlardır. Bəs niyə o fəlsəfi məktəblər və almanların "mədəniyyət stereotipləri", "protestant dinamizmi" ötən əsrdə yüz milyona yaxın insanın məhvi ilə nəticələnən iki dünya savaşının qarşını ala bilmədi? İnsanlığın və dünyanın fəlakətlərinə yol açan irqçilik, faşizm, antisemitizm, işğalçılıq təəssüf ki, "sivil ölkələrin fəlsəfə məktəbləri"nin dərsləridir və bu dərsləri keçməkdənsə, "savadsız" qalmaq daha yaxşıdır! Mən hələ şəklini dəyişmiş inkivizasiyadan, terrorçuluqdan, davam edən səlib müharibələrindən və onların dini "fəlsəfi" əsaslarından danışmıram.

Birinci Dünya müharibəsindən sonra almanların hansı mənəvi düşkünlük içində olduqlarını, yəqin ki, bilirsən. Onları bu depressiya və ümidsizlikdən milliyyətçi ideoloqların təbliğatı çıxartdı.

Düzgün mıllı ideologiyalar bir çox xalqı dirçəltmiş və azadlığına qovuşdurmuşdur.

Deməli, millətin içindəki ocağı alışdırmaq olsa, o öz məktəbini yarada, hədəflərini müəyyənləşdirə və bu hədəflərə çata bilər.

Cəhalət, müqavimətsizlik, öz yolundan sapmaq, ətalət, başqa millətlərin dilinə, yaşam tərzinə heyranlıq pisdir. Lakin bu, heç bir millətin anadangəlmə xasiyyəti deyildir; bu, zamanla şəraitin aşıladığı xüsusiyyətdir. Əsil milli dövlət, milli ideologiya bu məsələni qısa bir müddətdə həll edə bilər. İstək və bacarıq olsa! Buna görə biz də Azərbaycan Respublikasını əlli mlyonluq Azərbaycan türkünün gələcəyinin, birlik və bütövlüyunün təminatı hesab edirik və onun qorunmasını ən böyük vətəndaşlıq borcu sayırıq.

Bundan ötrü millət ilk növbədə özünə və öz dövlətinə inanmalıdır. Sənin vəziyyəti real qiymətləndirmək, uyğun şəraiti, vaxtı gözləmək, istəyini və bu istəyin arxasında dayanan xoş niyyəti başa düşürəm. Təəssüf ki, bu niyyətini ifadə tərzinlə, yəni milli ideya qaynaqlarımızdan birinə "tamam" deməyin və bunu təbliğ etməyinlə razılaşmaq mümkün deyil. Çünki bu mövqeyin real düşüncəyə dəvət adına milləti tarixi reallıqlardan uzaqlaşdırmağa, ümidsizləşdirməyə xidmət edir.

İllər uzunu formalaşmış, neçə-neçə nəsil insanın fikir süzgəcindən keçmiş, uğrunda saysız şəhidlər verilmiş, cəhənnəm əzablarında, sürgün və mühacirət yollarında belə insanlara güc vermiş, hava kimi, su kimi yaşam şərtinə çevrilmiş bir ideyanı, bir milli hədəfi şübhə altına almaq günahdır. Bu elə bir işdir ki, fərdlərin rəyinə uymaz, bu rəylər heç nəyti dəyişə bilməz.

Mən şəxsən bütöv Azərbaycan Birliyi və ya Dünya Azərbaycanlıları Konqresi kimi qurumları, bütövlük ideyasını millətimizin siyasi gələcəyi sayır və bunu "inandırıcılığını itirən" ideyalardan hesab etmirəm.

1985-ci ildə Sovet Azərbaycanın da müstəqil ola biləcəyi inandırıcı görünmürdü.

Daha sonra məqalədə oxuyuram: "Bir şairin şeirləşdirdiyi bu tarix eynilə nəsrləşdirilən, romanlaşdırılan Səfəvilərlə bağlı tariximiz kimidir. İmperiya gopalogiyasına, iki milyonluq absurd ərazi işğalına, türk dilinin şahə qalxmasına özümüzü inandırdığımız kimi, Azərbaycanın 1813-cü ildə və 1828-ci ildə parçalanmasına da o dərəcədə özümüzü inandıraraq (?) birləşmə idealını tarixi zərurət olaraq təbliğ etməyə başladıq".

Bu cümlə son vaxtlar dəbə dönmüş bir vərdişin davamıdır; keçmişimizdə işıqlı heç nə yoxdur, hər şey pis olub, bütün tarixi şəxsiyyətlərimiz və onların qurduğu dövlətlər, şairlərimiz və onların yazdığı əsərlər – hamısı anlaşılmaz bir nihilizm, atasını bəyənməmək xəstəliyi içində gözdən salınır.

Mən heç nəyi ideallaşdırmağın tərəfdarı deyiləm. Ancaq olanı inkar etmək də doğru deyil. Kimsə Səfəvilərdən rəğbətlə, sevgiylə danışa bilər, kimsə onu imperiya saya bilər - bütün bunlara "gopalogiya", "absurd ərazi işğalı", "dilin şahə qalxması" kimi ironik damğalar basmağa haqqımız yoxdur. Bunlar yaşanmış tarxilərdir. Səfəvilər də orta əsrlərin böyük dövlətlərindən biridir. O vaxtın başqa dövlətlərinin öz ərazilərini böyütmək üçün savaşlarına necə baxırıqsa, ona da elə baxmalıyıq. Fakt odur ki, Azərbaycan ərazisində və onun hüdudlarından xeyli kənarda Səfəvi sülaləsinin qurduğu və bir neçə əsr yaşamış bir dövlət olub. İran imperiyasının varlığını qəbul edirsənsə, min il onu idarə etmiş türk sülalərinin imperiyasını da qəbul etməlisən! Şiəliyi qabartması, qardaş savaşları – tarixi səhvlər və faciələrdir. Ancaq o vaxtkı Şərqdə hansı sülalə, hansı dövlət bu səhvləri etməyib? O ki qaldı türk dilinə - bəli, Səfəvi dövlətinin ilk çağlarında saray və ordu dili türk diliydi, əyalətlərə əsasən oğuz bəyləri başçılıq edirdi. Orta yüzillərdə dövlətlərin etnik yapısını müəyyənləşdirən əsas şərtlərdən biri ordu diliydi. Ordu türk dilində danışırdısa, deməli, dövlət də türk dövlətiydi. Xətai türkcə yazırdı və s. Bunu deməyin Azərbaycanın birlik və bütövlük idealına nə dəxli var?

"Və bir də İranın içərisində beş yüz il, iki yüz il öncəkindən düşüncə sisteminə görə fərqlənməyən əhali var, bu əhalinin də adı azərbaycanlılardır. Ayrılma yoxdursa, birləşmə ifadəsini hardan götürmüşük? Biz İrandan qurtulmuşuq, qopmuşuq". Son iki cümlən bir-birini inkar edir. Qopmuşuqsa, deməli, ayrılıq var! Ancaq bu əsas deyil. Əsas odur ki, sən İranda gedən prosesləri, ordakı xalqların tarixi inkişafını, İran türklərinin ötən əsrdə ara verməyən azadlıq hərəkatını (hansı xarici ölkə tərəfindən dəstəklənməsindən asılı olmayaraq!) diqqətdən qaçırırsan. "Cənubi Qafqaz bizimdir, yenidən bizim olmalıdır" - İran tərəfi bu istəyini ortaya atanda gərək biz də İranda türk xanədanlığnın və ya Azərbaycan xanlıqlarının bərpasını tələb edək. Güneyli qardaş-bacılarımızın bütün təzyiqlərə baxmayaraq keçdikləri inkişaf yolunu, "haray, haray, mən türkəm!" çağırışlarını, İranda ildən-ilə güclənən milli şüuru, həbsxanalarda yatan milli fəalların zəhmətini inkar edən bu yanaşma heç cür qəbul edilə bilməz. Bu gün Güneydə bizim gözlədiyimiz bir milli azadlıq hərəkatı və inqilab yoxdursa, bu onların beş və ya iki yüz il öncəki düşüncə sistemindən irəli gəlmədikləri demək deyildir.

Xalqın birləşmək arzusu heç də Səfəvi ərazisinin qaytarılması və imperiyanın bərpası anlamına gəlmir. Buna görə də birləşmək istəyinə qarşı Səfəvi imperiyasının olmadığını sübuta çalışmaq və ya Səfəvi zehniyyətini molla zehniyyəti ilə eyniləşdirmək mənasızdır. Bu günkü İrandan fərqli olaraq, Səfəvi dövləti şiə məzhəbini önə çəksə də, din dövləti deyildi, bir türk sülalə dövləti idi və savaşa dua oxuyaraq başlamırdılar, saz havası ilə başlayırdılar. Sarayda din-üləma məclisi yox idi, ölkənin tanınmış söz-sənət adamlarının toplaşdığı məclislər vardı. Bu gün də Xətai deyimləri adı ilə Türkiyədə geniş yayılmış türkülər moizə deyil, Xətainin inanc və qəhrəmanlıq şeirləridir.

Sən də son zamanlar dəbə minmiş bir yolu seçərək hədəfimizi real və görünən məsafəyə yönəltməyi məsləhət görürsən.

Görünən hədəf nə deməkdir? Bakının zəngin və harın məclislərindən baxanda neft mədənlərimizdən və çılpaq Qobustan təpələrindən uzağı görə bilmirsən! Bu rahatlığın içində çoxları var ki, Qarabağı da uzaq hesab edir; biz bununla barışmalıyıqmı? Biz Avropa millətləri kimi onlara aidiyyəti olmayan Antraktidanı bölüşmürük, Ayda ərazi tutmuruq, Marsa uçmağa hazırlaşmırıq – biz deyirik ki, Arazın o tayı ilə bu tayında eyni millət yaşayır, bu tayda müstəqil dövlətimiz var, şükür, o tayda da heç olmasa öz dilimizdə oxumaq imkanımız olsun, normal insan haqlarımız qorunsun. Dünyada bir millətin öz tarixi torpaqlarında birgə, bərabər, arada sərhəd olmadan yaşamaq istəyindən yaxın hansı hədəf ola bilər?

Bu gün türk dövlətlərinin parlamenti, əlaqələndirmə şurası, akademiyası, mədəniyyət nazirliklərinin birliyi var; daha da yaxınlaşmaq istiqamətində addımlar atılır. Bu birlik də bir hədəfdir və Avrasiya adlı bir genişlikdə türk dünyasının varlığı ildən-ilə daha güclü şəkildə görünəcək. İndi biz buna göz yumub ancaq Bakı ilə Gəncə arasını düşünməliyik? Bu birliklər, bu əlaqələr hələ zəifdir, başa düşürəm. Ancaq bu, müstəqilliyini qazanan, yəni yaxın hədəflərinə çatan xalqların iradəsinin ifadəsidir. Ən böyük fəlsəfi təməl elə bu iradədir!

Əlbəttə, Qarabağda uduzmuşuq, bizi uduzdurublar və bu sorunu həll etməmiş başqa, daha böyük məsələlərdən danışanda bizi qınayanlar çox olur. Lakin bu da bir həqiqətdir ki, böyük ideallar olmasa, kiçik naliyyətlərimizi də qoruyub saxlaya bilmərik.

Bəli, doğrudan da "Güney Azərbaycanda yaşayan insanalar da, Borçalıda, Dərbənddə yaşayanlar da bizim canı bir, qanı bir qardaşlarımızıdır... Onların yaşadıqları ərazilərin hüquqlu, zəngin, dövlət idarəçiliyinə təsir gücü olan vətəndaşlarına çevrilməsinə kömək etməliyik!" Yaxşı arzudur! Ancaq hansı yolla? Bütöv Azərbaycan ideyasını unutdurmaq yolu ilə! Milli hədəflərindən və ideallarından uzaq düşmüş heç kəs başqa bir dövlətin içində nə qədər zəngin olsa və nə qədər uca vəzifəyə yüksəlsə də, başqa dövlətin və millətin xidmətçisi olaraq qalacaq.

Keçmişin bütün mirasını qeydsiz-şərtsiz "uğursuz" hesab etmək olmaz. O keçmiş olmasa, biz də, dövlətimiz də olmazdı.

Bu gün Azərbaycanda milli kimlik mövzusunda kəndirbazlıq eləyənlər çoxdur. Türk etnosu içindən 1918-ci ildə Azərbaycan türkləri adı ilə yeni bir kimliklə çıxmağımız barədə fikrinə sözüm yoxdur, ancaq dünyada oxşar taleyi yaşayanların başqa yanaşmaları da var. Məsələn, Yəmən Konstitutsiyasında – Ana Yasasında yazılır: "Yəmən xalqı birdir – o ərəb millətinin bir parçasıdır".

Azərbaycan türkləri də vahid bir xalqdır, lakin o, "türk etnosundan çıxmamışdır", türk etnosunun bir parçası olaraq qalır.

Azərbaycanda birləşmə ideyası yalnız dil birliyi, say amili və ya şiə məzhəbçiliyi ilə bağlı deyildir. Şiə məzhəbçiliyi – sənin dediyin kimi, fars düşüncə sistemindən yaranmasına, islam aləmində böyük problemlər yaratmasına, İran türklərinin assimilə edilməsinə şərait oluşdurmasına baxmayaraq, bütün milləti öz milli kimliyindən qopara bilməz. İrançı düşüncə və ya şiə təəssübkeşliyi ilə tərziylə farscı düşüncə tərzini eyniləşdirmək olmaz. İrandakı qardaşlarımızın özlərini türk, azərbaycanlı saymaqla yanaşı, həm də iranlı hesab etmələri anlaşılandır. İran ərazi adıdır, türklərin tarixi vətənidir və bu sözü Farsistan sözü ilə eyniləşdirmək olmaz. Fars İranın balaca bir əyalətidir. Türklərin qürurla "mən iranlıyam!" deməsi onların farslaşması kimi qəbul edilə bilməz!

Say, dil, din amilindən başqa, Güney və Quzey Azərbaycan əhalisinin bir millət olmasını şərtləndirən mədəniyyət birliyi, yaddaş və qan birliyi, mənəvi, psixoloji dəyərlərin birliyi kimi çoxlu başqa şərtləri də var ki, İran teoloji sistemi heç vaxt bu birliyin körpülərini yandırıb türk millətini farsa çevirə bilməz. Firdovsinin "Şahnamə" zəhəri bacarmayan bir işi mollaların moizəsi heç bacarmaz!

Son 20 ildə Təbrizlə-Bakı mənən bir-birindən uzaqlaşmayıb, bu gün onlar real yaxınlığlarını daha yaxşı dərk edirlər. Uzaqlıq görüntüsü yaradan İran siyasəti və bizim öz xalqımızın istəklərini arxa plana keçirmək hesabına olsa da, qonşu dövlətlə dinc qonşuluq münasibətlərini qoruyub saxlamaq istəyimizdir.

Bütöv Azərbaycan ideyası yenidən İran dövlət modeli içinə qayıdış diqtə edə bilməz! Çünki İran türkləri üçün ayrı model də mövcuddur və bunu "Bakı-Təbriz-Ankara, fars hara, biz hara?" şəklində ifadə edirlər.

"Biz bütövlüyümüzün bir ideya kimi əsaslandırılmadığını iddia edərkən, bu gün İranın şimalında yaşayan qanı qanımızdan, dili dilimizdən, süuru süurumuzdan olmayan qardaşlarımızın taleyini, gələcəyini necə görürük?"

Məncə "olmayan" yox, "olan" deməliydin!

Yazırsan: "... ancaq islam tarixinin intriqalarının bir islam inancı kimi yaşanması Azərbaycan insanının hər zaman qovğalı, parçalanmış vəziyyətdə olmasının mənbəyi kimi qalacaqdır". Doğrudan da, ərəb tayfalarının hakimiyyət qovğalarının bu gün türk toplumlarının düşüncəsinə bu şəkildə təsiri, bu qovğaların əsil islam inancının yerini tutması tariximizdə faciəli izlər qoymuşdur. Lakin bu cəhalət sistemi belə milləti bölə bilməz. Necə ki, Quzey Azərbaycanda və Türkiyədə şiəçilik və sünnüçilik milləti bölə bilməyib! Günah bu məzhəblərdə deyil. Dünyanın bütün dinlərində belə məzhəb ayrılıqları var. Günah bu məzhəblərin İrandakı kimi siyasiləşdirilməsi, din halından qoparılıb dövlət ideologiyasına çevrilməsidir. Bu durumu dəyişməyin də yeganə yolu İran türklərinin farslarla yollarını ayırmasıdır.

Bütöv Azərbaycan üçün zəruri ərazini İran, ABŞ bizə verməz, deyirsən! Təbii ki, verməz! Çünki Azərbaycan türkləri, erməni kimi, başqalarından torpaq dilənmir. Qonşu torpağını işğal etmək niyyətimiz də yoxdur; öz torpaqlarımız var ki, bu gün də üstündə yaşayırıq. Çağdaş Azərbaycan respublikasının ərazıləri Albaniya adlananda da İranın şimal-qərbində bizdən dörd-beş dəfə böyük bir ərazi Azərbaycan idi.. İran öz assimlyasiya siyasətini həyata keçirmək üçün Azərbaycanı – Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Qəzvin, Zəncan, Həmədan ostanlarına böldüsə də, bu ostanların əsil əhalisi yenə də Azərbaycan türkləridir.

Yazırsan: "Biz İranın iç işlərinə qarışmadan oradakı ideoloji sistemdən bezmiş, milli duyğusu irançı inanc anlayışından qurtulmuş intellektual miqrasiyanın sürətlə bizim elmimizin, texnologiyamızın inkişafına cəlb etmək yollarını düşünməliyik". Gözəl arzudur! Ancaq bunu necə reallaşdırmaq olar? İrandan gəlmiş kimsəyə vətəndaşlıq və oturum haqqı vermirik, gələnlər də tələm-tələsik ya İrana qaytarılır, ya da xarici ölkələrə ötürülürsə, hətta burada ailə qurmuş güneylilərin də rahat yaşamaq, vətəndaş statusu qazanmaq işi müşküldürsə, onda həmin inteqrasiyanı nə şəkildə həyata keçirmək olar?

Daha sonra yazırsan: "İran hər zaman insan qovğasının məkanı olaraq qalacaq!" Məsuliyyətli proqnozdur! Burda bir şərt unudulmamalıdır: əgər İranın indiki durumu davam etsə! İrandakı qovğaların əsas səbəblərindən biri, bəlkə də birincisi onun tərkibindəki böyük xalqların, farslar istisna, bölünmüş vəziyyətdə olmalarıdır. Azərbaycan türkləri və türkmən türkləri bölünmüş... ərəblər, kürdlər, bəluclar... hamısının bir hissəsi İranda, bir hissəsi onun sərhədlərindən kənarda. İran etnik birlik prinsipi ilə yaranmış dövlət deyil. Ərazi dövlətidir. Sərhədləri neçə xalqın ürəyinin başından, yaralarının üstündən, qanlı çaylardan keçir. Bu cür dövlətlər hətta tərkibindəki xalqalara federativ hüquqlar versə də, geci-tezi bölünməyə məhkumdur. Biz milli dövlətlərin yaranması və imperiyaların dağılması erasında yaşayırıq. ABŞ-ı da, Çini də, Rusiyanı da, İranı da bu tale gözləyir. Tarixin öyrətdiyi budur!

Azərbaycan ötən yüz ildə üç dəfə "qırılsaq da qurtulaq!" düşüncəsinin faciəsini yaşadı. Lakin o tarixlər olmasa, millət öz ruhunu qoruya bilməzdi. Güneylilərin dağlara qalxmamasının bir səbəbi də budur. Onların bir qismi İranı bütövlüklə öz tarixi dövləti hesab edir, bir hissəsi də səbrlə, təmkinlə istiqlaliyyət yollarını arayırlar. Biz onlara kömək edə bilmiriksə, mane olmaq haqqımız da yoxdur. Sənin məqaləndə isə məntiq belədir ki, hələlik Bütöv Azərbaycan sözünü unutmalı, Azərbaycan respublikasını əlli il inkişaf etdirəndən sonra üzümüzü güneyə tərəf çevirməliyik. Mən şəxsən tərsini düşünürəm. Güneydə özünüdərk, öz haqqını tələb etmək gücü, milli azadlıq uğrunda mübarizə gücləndikcə, bu Azərbaycan da güclənəcək, beynəlxalq aləmdə nüfuzu artacaq və türk dünyası ilə inteqrasiyası da sürətlənəcəkdir. Yeri gəlmişkən deyim ki, biz tariximizi diqqətlə və dərindən öyrənmədiyimizdən bəzən çox gülməli nəticələrə gəlirik. Bu gün Azərbaycan tarixçilərinin vacib işlərindən biri də Azərbaycanın bütövlük uğrunda mübarizə tarixini yazmaqdır. O tarix yazılsa, onda görərik ki, əslində son iki yüz ildə Azərbaycanın ağlı başında olan və cəsarətli söz, fikir sahiblərinin hamısının ruhunda, yazılarında bütövlük istəyi var. Cəlil Məmmədquluzadə Tiflisdən çıxanda üzünü Təbrizə tutmuşdu. "Mənə Arazın o tayı, bu tayı lazımdır" deyirdi. Azərbaycanın quzeyindən Səttarxan hərəkatına yardımlar gedirdi. Məmmədəmin Rəsulzadə İran inqilabına yardım məqsədilə Tehrana getmiş və orda inqilabın güzgüsü olan qəzet buraxmışdı. 1920-ci illərin əvvəllərində Kremlin dəhlizlərində Cənubi Azərbaycan söhbətlərinin getdiyini də Rəsulzadənin xatirələrindən öyrənirik. 1941-45-ci illərdə Sovet dövlətinin siyasətinin bir parçası kimi başlanan hərəkat, yəni ordunun İrana yerildilməsi məhz Azərbaycan ziyalılarının səyi ilə milli hökumətin yaranması ilə nəticələndi. Hətta Mircəfər Bağırov da Güney Azərbaycanın İran irticasına təslim edilməsini faciə kimi qarşılamışdı. İran Azərbaycanı məsələsi sonrakı illərdə beynəlxalq təşkilatların əsas müzakirə mövzularından biri olaraq qalmışdı. Azərbaycanın böyük nasirləri və şairləri hətta Sovet hakimiyyətinin sarsılmaz görünən çağlarında da Güney mövzusundan əl çəkməmişdilər. O mövzuda yazılan əsərlər - bağlanan yolları, qırılan körpülərı əvəz eləmişdi. Biz hamımız o əsərlərin təsiri ilə Azərbaycanın əsl tarixini və bütövlük ideallarını dərk etmişdik. Bu unudulmuş və ya ölməkdə olan bir ideya deyildi ki, Xalq Cəbhəsi, Dünya Azərbaycanlıları Konqresi və ya ayrı-ayrı adamlar onu diri saxlamağa çalışsın və indi də onun ölüm hökmünü versin!

Sonda bir daha deyirəm: mən sənin bu məqaləni pis niyyətlə və ya hansısa bir yad təsirlə yazdığına inanmıram, inanmaq istəmirəm. Ancaq təəssüf ki, niyyətini ifadə tərzin bir hissəsini qeyd etdiyim bu qədər anlaşılmazlıqlar yaradıb. Sən mənin sözümlə razılaşmaya bilərsən. Amma tarixin hökmüylə razılaşmaqdan başqa çarən yoxdur. Bu gün dünya qaynayır. Əlli il bir yana, on ildən sonra dünyanın mənzərəsinin necə olacağını təxmin etmək çətindir. İranın üstündəki göy gurultularını eşitməmək mümkün deyil. Bizim heç kimlə düşmənçiliyimiz yoxdur. Amma Güney Azərbaycanı yatmış, ərimiş, bitmiş sayanlara da veriləcək bir cavabımız var! Dünya gec də olsa dərk edəcək ki, bizim bölgəyə sülh, əminamanlıq, güclərin tarazlaşması yalnız Güney Azərbaycanın azadlığıyla gələcək!

O şərəfli gələcəyə sarsılmaz inamla...

Tarix
2014.12.19 / 17:39
Müəllif
Sabir Rüstəmxanlı
Şərhlər
loading...
Digər xəbərlər

Elçibəy üçün ölüm əmri verilmişdi...

Stalinin təklifindən imtina, könüllü sürgün...

Sonuncu məktub: İtmə, bizə lazımsan!

Heydər Əliyevin yanına getdim, xahiş etdim ki...

Türk dünyası necə çökdürülür? - Böyük plan

Türkiyədəki “azəri yurdu” – Şanlıurfadan reportaj

Hamı mələkmiş, bir vecsiz millət türklərmiş?...

Sənin sözlərin Balayanın böhtanından fərqlənmir

Kürü tanımaq istəyim

İslamdan imtina edək, başqa dinə keçək...

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla