Yuxarı

“Məsnəvi”dən qısa məzmunlar və hədəflər

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

VIII hissə

Birinci dəftər istisna olmaqla, qalan dəftərlərdəki hekayələr həmin dövrdə baş vermiş konkret hadisələrdən bəhs edir. Məsələn, Beşinci dəftərdə - "Misir xəlifəsi və onun əmiri haqında" adlı hekayədəki Misir xəlifəsi sonuncu Abbasi xəlifəsinin oğlu əz-Zahir Billahdır. Hülakü xan Bağdadı işğal edəndən sonra, əz-Zahir Bilah canını qurtarmaq üçün Misirə qaçmalı olur. Həmin vaxt Misirin hökmdarı olan Baybars ona sahib çıxaraq onu Misirin xəlifəsi elan edir və deyir ki, mən də xəlifənin əmiriyəm. Bu hekayədə Mövlanə Baybarsa məğlub olan Hülakü xanın tərəfindədir və Baybarsla əz-Zahir Bilahı ağır bir dillə həcv edir.

Üçüncü dəftərdə - "Pis xasiyyətli dabbaq və onun qardaşı haqqında" adlı hekayədə pis xasiyyətli dabbaq deyərkən Mövlana Əxi Əvrən Nəsrəddin Mahmudu nəzərdə tutur. Əxi Əvrən Nəsrəddin Mahmudun dabbaqların piri olduğu tarixdən məlumdur. Onun qardaşı deyəndə isə Sədrəddin Konyəviyə işarə edir, çünki Əxi Əvrən ilə Sədrəddin Konyəvi bir-birinə yazdıqları məktublarda biri digərinə "qardaşım" deyə xitab edirdilər.

Burada balaca bir haşiyəyə ehitac var. Mövlanə ilə Sədrəddin Konyəvi arasında da münaqişə mövcud idi. Biz bunu Mövlanənin "Fihima Fihi" əsərində Sədrəddin Konyəvini alçaq, kafir kimi təhqiredici sözlərlə adlandırmasından da anlaya bilərik. Onların arasındakı münaqişənin başqa bir dəlili də budur: özündən bir il öncə ölmüş Mövlanənin cənazə namazını qılmaq üçün Sədrəddin Konyəvini irəli çəkəndə, o məcbur olub irəli çıxsa da, yalandan qəşş edərək yerə yıxılır və cənazə namazını qılmadan onu geri çəkirlər. Mövləvi qaynaqlarda isə Sədrəddin Konyəvinin Mövlanəni çox sevdiyindən bu hala düşdüyü qeyd edilir. Halbuki kimsə sizi kafir adlandırmışsa, sizin həmin adamın cənazə namazını qılmaq istəməməniz də təbii bir haldır. Məhz Mövlanənin Sədrəddin Konyəvini kafir adlandırmasına görə, Sədrəddin Konyəvi belə bir fəndə əl ataraq onu cənazə namazını qılmır.

"Məsnəvi"də qələmə aldığı bir çox hekayələrdə Mövlanə Cuha təbirindən istifadə edir. Məsələn, ikinci dəftərində - "Cuha və öz atasının xərəyinin önündə ağlayan oğlanın hekayəsi". Bu söz "Məsnəvi"nin rus dilinə tərcüməsində "təlxək" kimi izah edilir. Zənnimcə, bu, düzgün izah deyil. İnglis alimi Nikolson "Məsnəvi"nin üzərində işləyərkən "Cuha" sözünün "Xoca" sözünün tərsinə çevrilmiş varintı olmasını və Əxi Əvrən Nəsrəddin Mahmuda aid ola biləcəyi ehtimalını qeyd edir.

Yuxarıda da qeyd etdiyimiz kimi, Əxi Əvrən Mövlananın müasiri idi və onların arasında qan düşmənçiliyi vardı. Mövlana Əxi Əvrəni Şəms Təbrizinin qatillərindən biri hesab edirdi. Ona görə də, hekayələrində onu həcv etməkdən xüsusi zövq alırdı. "Məsnəvi"nin 3-cü dəftərindəki "İlantutanın donmuş əjdahanı ölü zənn edərək onu iplərlə bağlayıb Bağdada gətirməsi haqqında" hekayəsini oxuyanda, bu hekayənin də Əxi Əvrən Nəsrəddin Mahmuda həsr edildiyini anlamaq olur. Çünki Əxi Əvrən dabbaqların (dəri ustası) piri olmaqla yanaşı, həm də təbib idi. O ilanları tutar və onların zəhərindən zərdab (ilan zəhərinə qarşı əlac) hazırlayardı. Həmin hekayənin qısa məzmunu belədir:

Bir gün qış mövsümündə bir ilantutan ilan tutmaq üçün dağa qalxır və evin sütunu kimi çox böyük bir ilan tapır. İlanı iplə sarıyandan sonra, ilantutan onu keçənin içinə qoyub düz gəlir Bağdada. Keçəni açıb ilanı camaata göstərir. Mövlanənin dediyinə görə, bu nəhəng ilana tamaşa etmək üçün meydana yüz minə yaxın insan toplaşır. Bir müddətdən sonra İraqın isti günəşi ilanın donun açır və o canlanır. Bundan qorxuya düşən insanlar canlarını qurtarmaq üçün təlaş içində ora-bura qaçmağa başlayırlar və bu basabasda həm ilantutan, həm də çoxlu sayda insan tələf olur. Hekayənin sonunda da Mövlanə deyir ki, bu əbləh Cuhanın axmaqlığı ucbatından bu qədər insan tələf oldu.

Tarix
2013.12.11 / 18:50
Müəllif
Elşad Əliyev
Şərhlər
Digər xəbərlər

Musa peyğəmbərin görüşdüyü Allah bəndəsi mələkdir...

“Ay eşşək, niyə Quran deyil?!”

Ruminin Şəmsin qatilləri ilə savaşı - VII hissə

Şəmsin Konyadan qaçması və qətli - VI hissə

Ruminin Kimyanı Şəmsə verməsinin səbəbi (V hissə)

Şəmsin Konyaya gəlişi və Rumi ilə görüşü (IV yazı)

Mövlanə Cəlaləddinin sirləri (III yazı)

Mövlanə Cəlaləddinin sirləri (II yazı)

Mövlanə Cəlaləddinin sirləri (I yazı)

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla