Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
15 Dekabr 2018


Günahkar yağış

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçən gün Bakıya yağış yağdı. Nə yazıq ki, səmadan yerə təşrif buyuran zərif damlaların qismətinə incə duyğuları oxşamaq düşməyib. Amma bu damlaların günahı deyil. Öz ana bətnindən - buluddan ayrılarkən damlalar saf su zərrələridir. Onlar təmiz və pakdırlar. Ancaq onların taleyi düşdükləri yerdən asılı olaraq dəyişir. Ankarada, Kiyevdə, Londonda, Parisdə onlar yerdə də göydə olduğu kimi təmizdirlər, şəffafdırlar. Yerə düşdükləri an sanki daş piltələr susuz torpaq həsrəti ilə onları udur, görünməz olurlar.

Vay Bakıya düşən damlaların halına... Yerdə onları dolub-daşacaqları çirkab gölməçələri, lilə, palçığa çevirəcək toz-torpaq gözləyir. Bu şəhərdə insanlar onları sevmirlər. Çünki hər damla şəhərin küçələrində yürüyən insanlar üçün özü qədər çətinlik, natəmizlik yükü gətirir. Küçələrdə iri çirkab gölməçələri, şütüyən maşınların insanların üst-başına sıçratdığı çamur parçaları, səkilərdəki palçıq izləri və bir də deyinən insanların narazı səsləri göy üzündən ayrılan yağış damlalarının çəkdiyi Bakı boyda "qara kvadrat" tablosudur.

Şəffaf damlalar bu şəhəri qara, boz rəngə boyayır. Yağış yağanda bu şəhərdə sevgililər, hisslərini damlaların axışında rəqs etdirməyi sevən duyğulu qəlblər, yağışda islanmağı əyləncəyə çevirən çılğın gənclər sevinmirlər. Sevinənlər yalnız müştəri bolluğundan cuşa gələn "yuyucu"lardır. Çirkli, palçıqlı avtomobillərin növbəsindən qazananlar üçün bu şəhərin çirkab və çamuru bərəkətli çörək ağacıdır.

Bakının yolları yağışlı havada şəhərin sinəsinə çəkilmiş sinə dağına bənzəyir. İldə iki dəfə üzü qaşınıb asfaltlanan, tez-tez libas dəyişən varlı, zəngin ədası ilə baxımsız, çala-çuxurlu, şəhərin daxili yollarına sanki təşəxxüs satan mərkəzi küçələr fərqlənməyə çalışır. Sanki onlar heç eyni şəhərdən deyillər, eyni insanlar üçün salınmayıblar. Bəzəkli, düzəkli mərkəz yolları yağış damlaları altında nə qədər nazlanmağa çalışsalar da, şütüyən maşınların ətraf yollardan üstünə yığdıqları çırkab, çamur bu dəbdəbəyə zövqsüz şəkildə üzə çəkilmiş kosmetikanın vulqar görüntüsünü verir.

Damlalar hər yerə toxunuşunda bir gerçəyi bu şəhərin başına döyəcləyirlər sanki... Bir küçənin tozu-torpağı, çamuru o küçədə qalmır, mütləq digər küçələrə də sıçrayır. Bizsə yağışın ezop dilini dinləmədən günahı yağışda görürük, dərdin göydən yağdığını zənn edirik. Bu yağış kəsəcək, palçığa bulanmış ayaqqabılar, maşınlar yuyulub təmizlənəcək. Sonra küçələrdə quruyub qalmış palçığın, lilin toz-torpağı yenə şütüyən maşınların təkərləri altından havaya qalxacaq. Biz də bu tozu uda-uda yağışın kəsməsinə görə şükür edib, toz-dumana görə yağışın qarasınca deyinəcəyik. Küçələri yuyulmayan, yolları çala-çuxur, səkiləri bərbad olan, iri tikililərin arasında sıxışdırılıb sanki boğulmağa çalışılan şəhərin sakinləri yolsuzluğun yollarında əsir-yesir ola-ola yağış yağmadıqca özlərini daha rahat hiss edəcək.

Çünki bütün günahlar yağışdadır.

Tarix
2014.01.06 / 17:22
Müəllif
Zümrüd Yağmur
Şərhlər
Загрузка...
Digər xəbərlər

Bunu müşavir etməz, əyan edər

Evi yıxılmış təhsil

“Qadın özünü kraliça elan etməlidir...”

Bu savaşı da uduzacağıqsa...

Cərrah, yoxsa gilyotin bıçağı

“İndi ortabab şairdən Əli Kərim düzəltmək çox asandır”

Göydə gəzən avtomobillər

Günahkar erməni deyil

Firudin Cəlilov: “Həyatımda o qədər səhv, günah etmişəm ki...”

Cazibəli rus tələsi

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla