Yuxarı

Mövlanə Cəlaləddinin sirləri (I yazı)

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrfan gizlinləri

Rumi - Hülakü xanın məmuru

Mövlanınin kimliyini başa düşmək üçün onun yaxın ətrafına, quhum-əqrəbasına, hansı mühitdə böyüdüyünə, yazdığı əsərlərə, xüsusilə də yaradıcılığının zirvəsi olan "Məsnəvi"yə baxmaq lazımdır.

Mövlanə Cəlaləddin Rumi 1207-ci ildə bugünki Əfqanıstan ərazisində yerləşən Bəlx şəhərində doğulub və 1273-cü ildə Konyada vəfat edib. Bəlxdə Mövlanənin ailəsi babası Hüseyn əl-Xətibinin adı ilə Xətibi olaraq tanınırdı. Mövlanənin atası o dövrün İslam mədəniyyəti mərkəzlərindən biri sayılan Bəlx şəhərində müəllimlik edən və Sultanu-l-Üləma (alimlərin sultanı) ləqəbi ilə tanınan Bəhaəddin Vələd, anası isə Xarəzmşahlar nəslindən Bəlx əmiri Rüknəddinin qızı Möminə Xatundur.

Əsl adı Məhəmməd, ləqəbi isə Cəlaləddindir. Bundan başqa, o, Molla Hünkar, Xudavəndigar (sahibimiz), Sultanu-l-Aşiqin (aşiqlərin sultanı), Sultanu-l-Məhbubin (məşuqların sultanı), Mollayi-r-Rum (Rumun mollası) kimi ləqəblərlə də tanınırdi, lakin Hz. Mövlanə adı ilə məşhur olub. Cəlaləddin Rumiyə nə üçün Mövlanə deyə müraciət edildiyini soruşsanız, deyə bilərəm ki, o dövrdə təriqət müridləri öz şeyxlərinə "mövlanə" (mövla - ağa, əfəndi; "nə" - "bizim" deməkdir) deyə müraciət edirdilər.

Bəlxdə doğulmuş və ömrünün böyük bir hissəsini Konya şəhərində keçirmiş bir adamın nə üçün Bəlxi, ya da Konyəvi deyil, məhz Rumi nisbəsi ilə anılmasının da maraqlı tarixçəsi var. Rumi ünvanını Cəlaləddinə monqol xanı Hülakü verib. Bu rəvayəti, məncə, burda qısa şəkildə qeyd etməkdə yarar var. Monqollar Bağdadı istila edəndən sonra Hülakü xan son Abbasi xəlifəsi Əbu Əhməd əl-Müstasim bi-l-Lah Abdullah bin Mənsur əl-Müstənsiri 1258-ci ildə edam etdirmişdi. Deyilənə görə, Hülakü xan özünün baş münəccimi Məhəmməd ət-Tusinin məsləhəti ilə xəlifənin qanının yerə tökülməməsi üçün onu bir palaza bürütdürür və xəlifə ölənədək onu əsgərlərinə təpiklədir. Bu, əl-Müstasim bi-l-Lahın ölümü haqqında ən səhih rəvayət hesab edilir. 34-cu Abbasi xəlifəsi ən-Nasir li-Dini-l-Lahdan ("Allahın Dininin Müzaffzri" - 1180-1225 illərdə xəlifə olub) bu yana Abbasi xəlifələri həm də bütün İslam aləminə yayılmış "Fütüvət" (gənclər) təşkilatının rəhbərləri idilər. Başqa sözlə desək, əl-Müstasim bi-l-Lahı edam etdirməklə Hülakü xan "Fütüvət" təşkilatını da başsız qoyur. Həmin dövrdə Anadolunun bütün şeyxləri, "əxilər" də daxil olmaqla, "Fütüvət" təşkilatına tabe idilər. O zaman Anadoluda Zeynə-d-Din Sadaqa adında birisi Abbasi xəlifəsinə tabe olan Şeyxu-ş-Şyüxu-r-Rum (Rum şeyxlərinin şeyxi, ya da rəisi) olsa da, "Fütüvət" təşkilatını ləğv etdikdən sonra Hülakü xan Mövlanəni Anadoluya Şeyxu-ş-Şyüxu-r-Rum təyin edir və Anadolunun bütün şeyxlərinə Mövlanəyə biət etmələrini əmr edir. Bu təyinatdan sonra Mövlanə artıq monqol dövlətinin məmuruna çevrilir, onlardan məvacib alır və Rumi ünvanı ilə tanınmağa başlayır.

Tarix
2013.10.24 / 22:16
Müəllif
Elşad Əliyev
Şərhlər
Digər xəbərlər

Musa peyğəmbərin görüşdüyü Allah bəndəsi mələkdir...

“Ay eşşək, niyə Quran deyil?!”

“Məsnəvi”dən qısa məzmunlar və hədəflər

Ruminin Şəmsin qatilləri ilə savaşı - VII hissə

Şəmsin Konyadan qaçması və qətli - VI hissə

Ruminin Kimyanı Şəmsə verməsinin səbəbi (V hissə)

Şəmsin Konyaya gəlişi və Rumi ilə görüşü (IV yazı)

Mövlanə Cəlaləddinin sirləri (III yazı)

Mövlanə Cəlaləddinin sirləri (II yazı)

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla