Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
11 Dekabr 2018


Layiq və pis islamçı Türkiyə...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hüquqa dönüş mövsümü

Biz azərbaycanlılar üçün illərdir doğru tanıya bilmədiyimiz ölkələrin başında Türkiyə gəlir. "Gəliyorum, gediyorum" öyrənəndən sonra, "Qurdlar Vadisi"ndə xəyalı dolaşan çoxları bu cəmiyyətin içindəkiləri rahatlıqla oxuduğunu düşünərək, mülahizələrinin yanlışlığını israrla davam etdirirlər. Onlar üçün ya yaxşı olan layiq Türkiyə var və pis islamçı Türkiyə var, ya da yaxşı İslamçı Türkiyə və pis layiq Türkiyə var. Və bütün tənqidlər və təqdirlər də bu ehkamlar üzərindən boy verir. Əslində isə bizim təsəvvürlərimizdən kənarda qalan gərçək, Türkiyə cəmiyyətinin alt qatlarında yer alan dinamizmdir və bu da addım-addım siyasəti də, sosial-iqtisadi yaşamı da yenidən şəkilləndirən bir amilə çevrilməkdədir.

Türkiyə siyasətində, ictimai həyatında, bürokratiyasında, ordu ierarxiyasında, dini-mistik quruluşunda, iş dünyasında, eləcə də mediasında şəkillər, görüntülər üzərində dərhal sabit bir görüş formalaşdırdığını zənn edərsənsə, bu cəmiyyətin aşağıdan qaynayan dinamizmini təhlil etməkdə xeyli çətinlik çəkərsən. Türkiyə ilə müqayisədə sıradan azərbaycanlılar Rusiya cəmiyyətinin xarakterini daha tez açır və burada daha asanlıqla, hətta dil baryerinə rəğmən, özünə uzunmüddətli oturacaq yeri müəyyənləşdirə bilir. Çünki burada hüququn işləməsi ilə bağlı problemlər olsa da, insan xarakter olaraq gizli həyat tərzinə sahib deyil və başqalarının davranışında da narahatedici məqamlar axtarmağa meylli görünmür. Açıq içkisini içər, intim həyatını istədiyi tərzdə yaşayar, əyləncəsini başqasının ölçüləri içində məhdudlaşdırmaz və bu da həmin cəmiyyətə uyğunlaşmaqda çətinlik yaratmaz. Rusiyada saldırqan tutum adətən iki amildən qaynaqlanır: birincisi, gəlmələr rus cəmiyyətinin normalarını pozaraq ona öz istəklərini zorla qəbul etdirmək istəyəndə və ikincisi, dövlət adına birilərinin hansısa siyasəti miqrantları bəhanə edərək tətbiq etmək istəyəndə. Bu cəmiyyətin sərbəstliyində bizlər həm mədəni hədəfi olmayan bir insan topluluğunu təmsil etdiyimizə görə, həm də qapalı ailə və məhəllə çevrələrindən gəldiyimizə görə, görmədiyimiz günün dadını çıxarmağa o qədər aludə oluruq ki, qarşımıza sərt bir dövlət siyasətinin şapalağı çıxanda total və savadlı müqavimət davranışı göstərə bilmirik. Fikrimcə, Rusiya cəmiyyətinin xarakterini oxusaq da, öz xaraktersizliyimiz burada bizləri intellektual mənada nə fərdiləşdirə bilir, nə də təşkilatlandıra. Müşahidəm göstərir ki, Almaniyaya uyğunlaşmaq bir qədər daha az problemli olur. Orada hüquqa vərdiş etməyən elementləri cəmiyyətin hüquqa bağlı xarakteri dərhal sındırır və burada hüquq hər şeyi sıfırlaya bilir: qabadayılığı da, köntöylüyü də, başqasının həyatına burun soxmağı da, öz həyatını başqasının dedı-qodusunu nəzərə alaraq düzənləməyi də... Fərdi düşüncə sistemi oturuşmuş insanlar üçün belə bir cəmiyyət daha faydalı bir özünütəkmilləşdirmə fürsəti yaradır.

Türkiyədə isə bizim yanlış istiqamət götürmə, inteqrasiyada tələsməmək lüksümüz mövcuddur. Necə olsa, ərköyün davranışımızı qardaşlıq naminə yola verə biləcək bir dövlətdən və cəmiyyətdən söhbət gedir. Ona görə də Türkiyə cəmiyyətində yaşayaraq onun təməl strukturunu anlayan azərbaycanlı qardaşlarımızın sayı elə də çox deyil. Bu isə aramızdakı məsafəli münasibətin davam etməsinə, bir-birimizi doğru çözə bilməməyimizə gətirib çıxaran əsas amillərdir. Bizlərin Türkiyə ilə bağlı təsəvvürlərimizdə ilk öncə cəmiyyətin strukturu barədə bilgi yetərsizliyi durur. İlk öncə parlamentar sistem, partiya modelli rəqabət, sendika şəbəkəsi, bələdiyyə mexanizmi haqqinda nəzəri bilgilərimiz olduğundan, bunlar öz ölkəmizin həyatında praktik yaşamda təkrar-təkrar gündəmə gəlmədiyindən, bu kimi təsir mexanizmlərinin necə işləməsini təyin etməkdə haqlı olaraq çətinlik çəkirik. Digər tərəfdən bizdə dövlətın qorunma instinktində polis mühakiməsi önə çıxarkən, Türkiyədə uzun illər mövcud olan ordu dövləti imici indi-indi dəyişməyə başlayıb və son on ilə qədər siyasətin hüdudlarını birbaşa və dolayı yolla ordu müəyyənləşdirib. Həm də Türkiyə bizim kimi xammal dövləti olmadığından, neftin fontanı və qazın iyi ilə deyil və təşəbbüs fontanı ilə büdcəsini doldurmaq məcburiyyətindədir. Bizdə dövlətin hüququ var, Türkiyədə isə yaxşı-pis hüquq dövləti var. Bununla belə, hüququn ideologiyanın aşağı pilləsinə sıxışdırılması sistem içində sabit bir münasibətlər sistemini qurmağa imkan tanımır. Təsəvvür edin ki, illər öncə AKP-nın bağlanması haqqında qərar Anayasa məhkəməsində bir səs çoxluğu ilə qəbul olunsaydı, o zaman tarixin gedişi hansı xarakterdə aktyorlarla davam edəcəkdi. O zaman ipdən dönən AKP hakimiyyəti bu zaman eyni ideolojı yanaşma ilə siyasi qərarlarla hüququ yönləndirməyə, yenidən tərtib etməyə çalışır.

İndi Türkiyə cəmiyyəti məhz bu təzadı çözməyə çalışır. Hüququn siyasiləşməsinin ən sonda siyasətin hüquqdan uzaqlaşmasına gətirən bir mərhələ olduğunu anlayanlar üçün bu proseslərin narahatlıq yaratması da anlaşılandır. Türkiyə əslində tarixən olduğu kimi, bu gün də təriqətçilik vərdişi ilə yönəldilən bir cəmiyyətdir. Burada layıqlik də bir təriqət xüsusiyyəti daşıyır. Çünki burada təriqətçiliyin dini məzmunundan deyil, sosial xarakterindən doğan idarəetmə anlayışı var. Yaxşı-pis Hüquq dövləti hüquq şüurunun prinsipcə təriqət vərdişinin, camaat qərarının, Atatürkçü düşüncənin altında sıxışıb qalmasına imkan tanımamalıdır. Digər tərəfdən, Türkiyə cəmiyyətinin alt sütununda bələdiyyə idarəetmə anlayışı artıq o səviyyədə yerləşib ki, hökumət özü bir çox hallarda bələdiyyələrdən asılı vəziyyətdə olur. Ona görə də hökumət səviyyəsində baş verən çalxalanmaları dərhal bir sistem çöküşü olaraq izah etmək tamamilə yanlışdır.

Anladığım qədər, Türkiyənin əsas problemi sevgi artıqlığı və hüquq əskikliyidir. Sən burada müxtəlif kəsimlərlə söhbət edərkən hər kəsin başqasına iradının bu və ya digər subyektə sevgisinin, sayğısının az olmasından başladığını sezəcəksən. Solçu və layiq kimsə üçün Atatürk sevgisinin qabardılması, dindar kəsim üçün peyğəmbər sevgisi, cəfərilər üçün Əhli Beyt sevgisi, ələvilər üçün Əli sevgisi, camaat üçün ayrılıqda öz şeyxinin sevgisi hüququn üzərinə çıxarıldığına görə cəmiyyət sevgi ilə hüququn məsafəsini dəqiq təyin edə bilmir. Vaxtilə layiq düşüncənin təmsilçiləri ideoloji yanaşmanı önə çəkərək hüququ arxa planda tuta bilirdilərsə, sonra dini kimliklə siyasətin üst qatında yerləşənlər də fərdi həyatda normal qarşılanacaq dini şüuru, ictimai həyatda cinahlaşmadan çəkinməyərək eynilə layiq kəsim kimi hüquq şüurundan üstün tutma vərdişindən uzaqlaşa bilmədilər. Nəticədə ideoloji, siyasi, dini, peşə maraqlarına görə hüquq, insana görə hüquqdan indiyədək bir addım öndə oldu. İndi 17 dekabr Türkiyəsindən sonrakı tarix üçün belə bir dəyişmə fürsəti yaranıb. Son vaxtlar Türkiyədə Baş Nazirin Vəkillər Kollegiyası başqanı ilə, yəni ölkənin əsas hüquq təmsilçiləri ilə görüşərək çözüm yolları araması bəlkə də ən müsbət hadisələrdən biri sayılmalıdır. İdarəçilikdə hüquq cinahı ilə məsləhətləşərək addımlamaq yeni modeli doğura bilər.

Türkiyə həm layiqlik, həm də dinçilik ehkamından hüquqa transformasiyanı doğru yürüdə bilərsə, Yaxın Şərq üçün, həm də bizim Azərbaycan üçün hüququn ideologiyaya qalib gələ bildiyi bir dövlət nümunəsi ola bilər...

Tarix
2014.01.08 / 10:45
Müəllif
Fazil Mustafa
Şərhlər
Загрузка...
Digər xəbərlər

İmkan verin, insanlar oynasınlar, amma...

Öz yubileyinə daş salan “ən pis azərbaycanlı”

Ərdoğan Putindən niyə üzr istədi?

Qarabağı təkrar yaşamaq istəmiriksə…

Erməni Nalçı və türk Ağılçı

Siyasi-dini baxışımı niyə dəyişdim?

"Hacı" Əbdülün şallağı

Müharibəni kim aparacaq?

Bu, Ərdoğanın avantürasıdır

ABŞ-ın İslamdan nə istədiyi aydınlaşır

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla