Yuxarı

Əyalətə qəbiristanlıqdan soxulan

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bizə ya boş araq şüşəsi verin, ya da dolu palçıq vedrəsi

Bir çox adamlar, xüsusilə 1990-cı il 20 yanvar qırğınından sonra dünyaya gələnlər elə bilirlər ki, bu faciə yalnız paytaxtda baş verib, çünki hər il faciənin ildönümü qeyd olunanda qəzetlərdə, telekanallarda yalnız Bakıda tökülən qanlardan, Rus tanklarının tırtılları altında əzilən insanlardan, tarakan kimi tapdanılıb yerə yapışmış avtomobillərdən danışılır. Sözsüz ki, paytaxtda faciənin miqyası böyük idi, amma bu qırğının caynaqları elə həmin gecənin səhəri bəzi əyalətlərə də uzandı və eyni qətliam ssenarisi bu əyalətlərdə də həyata keçirildi. Gəlin lap uzaqdan başlayaq.

Tarix 1989-cu il.

Rus əsgərlər əlləri tətikdə lal-dinməz dayanıb bu "gözlənilməz qonaqların" hərəkətlərinə baxırlar

Biz, on bir yaşlı orta məktəb şagirdləri dərsdən çıxıb evlərimizə yollanırdıq. Oxuduğumuz orta məktəb üç-dörd kəndin uşaqları üçün nəzərdə tutulduğundan – elə indi də belədir – hər gün piyada 2-3 km yol gedib-gəlməliydik. Yolda birdən qarşımıza "Kuzovu" əllərində kəlbətin, balta, çəkic, lom tutmuş adamlarla dolu tozanaqlaya-tozanaqlaya şütüyən yük maşınları çıxdı. Hərdən bizi qabağına çıxanda məktəbdən evə, evdən məktəbə aparan sürücü əyləci basıb qışqırdı ki, dırmaşın yuxarı. Dərhal çəyirtkə kimi yuxarıdakı əlialətli kişilərin yanına hoppandıq. Yəhudiləri ət-ətə yapışdırıb yandırmağa aparan Hitlerin yük qatarlarını xatırladan bu maşınlar da dalbadala düzülüb ayrı bir istiqamətə irəliləyirdilər. Nəhayət, gəlib çatdıq Azərbaycanla İranın, yəni cənubi Azərbaycanın sərhədinə. O vaxt sərhədi Rus əsgərləri qoruyurdu. Adamlar bağıra-bağıra yerə tökülüb tikanlı məftilləri doğramağa, sərhəd dirəklərini aşırmağa başladılar. Əsgərlər isə əlləri tətikdə lal-dinməz dayanıb bu "gözlənilməz qonaqların" hərəkətlərinə baxırdılar. Məftillər, dirəklər dağıdıldı və adamlar iki ölkənin arasından axan çayın sahilinə axışdı. Səs-küyə o biri taydakı üstü samanla örtülmüş evlərdən arıq-arıq adamlar da çıxıb bizə tərəf yüyürdülər. Çay dayaz olduğundan elə suyun içindəcə qucaqlaşıb "qardaş-qardaş" deyərək ağlaşırdılar, ancaq buna ağlaşma demək olmazdı. Bu, sanki, gülüşmə ilə ağlaşmanın qarışığından yaranmış naməlum bir duyğunun səsi idi. Hətta elə çayın ortasındaca onlar bir-birilərini evlərinə qonaq dəvət edirdilər. Gecənin bir aləmi yenidən cənublu qonaqlarla birgə maşınlara doluşub geri qayıtdıq. Bizim evə düşən cənublu qonaqlarda ilk müşahidələrim bunlar oldu; çox kasıb və pinti idilər, ayaqqabıları yırtıq idi, baxmayaraq ki, hərəsinə bir kasa bozbaş verilmişdi, amma onlar bir kasadan əlləri ilə yeyirdilər və hamısının hiyləgər baxışlı xırda gözləri vardı. Çox sonralar biləcəkdim ki, onların yaşadıqları ölkədə siyasi sistem elə qurulub ki, adamlar canlarını qorumaqdan ötrü, hətta Tanrının özünə belə kələk gəlməyə razıdırlar və gəlirdilər də. Bir otaqda araq içib ağızlarını yaxalayır, keçib o biri otaq da namaz qılırdılar. Səhəri gün "Xəbərlər"də dedilər ki, yerli cəbhəçilər Cəlilabad rayonu ərazisində İranla sərhədi söküblər.

Tarix 1990-cı il yanvar ayı

İran-İraq müharibəsindən sınıq-salxaq çıxmış cənublu qardaşlarımız yerli cəbhəçiləri inandırmışdılar ki, rus tankları bizlikdir

Söz-söhbət gəzir ki, Azərbaycandakı siyasi anarxiyanın qarşısını almaq üçün Moskva Azərbaycana qoşun yeridəcək və əmrə tabe olmayanlar yerindəcə güllələnəcək. O vaxt Cəlilabadın indi Göytəpə adlanan qəsəbəsində rusların hərbi bazası var idi. Xalq Cəbhəsinin ən güclü dayaqlarından biri də elə SSRİ-İran sərhədini dağıdan yerli cəbhəçilər idilər. İran-İraq müharibəsindən sınıq-salxaq çıxmış cənublu qardaşlarımız yerli cəbhəçiləri inandırmışdılar ki, rus tankları bizlikdir. Siz, sadəcə, bizə ya araq şüşələri, pambıq və nöyüt gətirin, ya da bir-iki ton palçıq. Arqumentləri də bu idi ki, Səddamın tanklarını bu cür şüşələrlə və palçıq dolu vedrələrlə zəlil ediblər İran-İraq müharibəsində. Araqları içib şüşələrə nöyüt doldurdular, ağızlarını da aptek pambığı ilə bərk-bərk tıxadılar, xeyli palçıq yoğurdular. Hamı inandı ki, Cəlilabad rus qoşunu ilə döyüşə tam hazırdır. Nəhayət, yanvar ayının ortasında Göytəpə bazasındakı rus tankları bazanın qarşısında durna qatarı kimi düzüldü. Cənublu qardaşlarımız bu tankları görüb: "Baba, bu tənkitlər – onlar tankı belə adlandırırlar – o tənkitlərdən deyil" deyib dabanlarına tüpürdülər, necə deyərlər asta qaçan namərdir. Ağılları Səddamın müharibə oyuncağı kimi əsgi-üsküdən istehsal etdirdiyi karton tanklara gedibmiş, sən demə.

Tarix 1990-cı il 21 yanvar

Onlar indi bizdən daha azaddırlar

Sübhçağı. Cəlilabad şəhərinin üstünü elə bir qatı duman bürüyüb ki, hətta Tanrı da istəsə, aşağıda nələrin baş verdiyini görə bilməz. Budur, ilk helekopterin səsi eşidildi, ancaq duman onun hansı istiqamətə uçduğunu görməyə imkan vermir. Vahimə içində olan əliyalın millət təqribən hiss edir ki, o, qəbiristanlıq tərəfə uçur. Az sonra onun qorxuc səsi eşidilməz olur. Günortaya yaxın gün qızır, duman əriyir və xəbər gəlir ki, helekopter rus əsgərlərini qəbiristanlığa gətirib, onlar da qəbirlərin arasında təknəfərlik səngərlər qazıb hücum əmri gözləyirlər. Bu da hücum; birbaş yerli cəbhəçilərin yığışdığı binaya doğru. Çünki əsgərlərə qabaqcadan xəbərdarlıq olunub ki, Cəlilabaddakı "seperatçı" qüvvələr silahlanıblar. Bina beş-altı istiqamətdən gülləbaran olunur, ölənlər öldürülür, yaralılar və sağ qalanlar həbs edilir. İndi rayonun mərkəzindəki "Şəhidlər Xiyabanı"nda neçə-neçə "20 yanvar" şəhidi uyuyur. Bizim azadlığımız uğurunda canlarından keçsələr də, əminəm ki, onlar indi bizdən daha çox azaddırlar.

"1937.az"

Tarix
2014.01.20 / 17:22
Müəllif
Aqşin Yenisey
Şərhlər
Digər xəbərlər

Siz təşəkkül yox, təvəkkülə meyillisiniz…

Yeganə yol: yaşamaq, həm də şikayət etmədən

Yunan allahı və rus alkaşı

Küləkləri ulayan şəhər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla