Yuxarı

Yoxluğun acısı

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sənin yoxluğun mənim üçün çox şeyi adiləşdirdi. Sənsizlik qədər böyük bir ağrını daddım.

Getdikcə balacalaşan, amma gülüşünü itirməyən gözlərin ilıq baxışları mənə indi əvvəlkindən daha doğma gəlir. Başıma-üzümə sığal çəkən qurumuş əllərin payız buludu kimi idi. Hər dəfə o doğma səsinə, çağrışına uşaqlıqda olduğum kimi qaçırdım. Hansı yaşda olmağımdan asılı olmayaraq, sığındığım qucağında, məni bağrına basan taqətsiz qollarında qəribə bir cazibə vardı. İndi də darıxanda, kövrələndə, inciyəndə, incidiləndə, özümü tənha, yalqız hiss edəndə, küsdürüləndə o müqəddəs sığınacağıma, yuvama qaçmaq, sığınmaq, mənə qanad kimi açılan o qollara pənah gətirmək istəyirəm. Hara qaçım, hara sığınım indi? Başımı qoyacağım diz daşlaşıb. Sığınacağım qucaq buza dönüb.

Üzümü şəklinə söykəyirəm. Alışıb-yanan içim, vucudum üşüyür, ANA.

Səndən keçmiş zamanda danışmaq nə qədər çətindi...

Hər dəfə Bilgəhə gələndə "səni ziyarətə gəlmişəm", deyərdim. İndi atamı görməmişdən qabaq sənin ziyarətinə gəlirəm. O soyuq, qara daşdan baxıb həmişəki kimi gülümsəyirsən. Yolboyu məni ağladan sənsizliyinə üzündən təbəssüm qatırsan. Sənə baxıb ağlamağa utanıram. O təbəssümə göz yaşı qatmaq istəmirəm. Kənara çəkilib içimi, gözümü boşaldıram. Sənin sənsizliyinə dözməyən atamın halına daha çox ağlayıram. Acıyıram. 67 illik birgə həyatın ağır ayrılığını duyuram atamda.

Atam hər gecə "Ay Gülarə" deyib səni çağırır yuxusunda.

* * *

"A bala, bizim ölən vaxtımızdı. Təki sizin çiyninizdə gedək. Allah bizə bala dağı göstərməsin", deyirdin. İndi çiynimizdə gəldiyinəmi sevinirsən?

Yoxluğun ömrümüzün dadını, həyatımızın sevincini qaçırtdı.

Dünyada kimsədən, hətta doğma övladlarından da heç nə ummayan anam, səndən keçdi bizə gözü-könlü tox olmaq. Halallıq...

Yoxluğun məni kəndimizdən bir az da uzaqlaşdırdı.

"Məni həyətdə, evdə qarşılayacaq adam köçdü bu dünyadan. Ən ağrılı halımda üzümə gülən, təbəssümü bütün nisgilimi unutduran o üzü görməyəcəm orda. Kəndim doğmalığını misqal-misqal itirir. Xatirələrimdə yaşayan evimizin rahatlığı yox oldu. Ata-ananın ev üçün, ailə üçün ayrı bir cazibə qanadı, cazibə qüvvəsi var. Sındı o qanadın biri..." deyirəm hər gün öz-özümə.

Ömründə kimsəni incitmədin. İndi bu susqun duruşun incidir məni.

Hamının sakit yatdığı bu əbədi məkanda Azan səsini eşitdikcə, yəqin, Qarabağ yadına düşür.

Sən muğamı, xalq mahnılarını, aşıq havalarını, Qarabag səsini, onun əvəzsiz zəngulələrini çox sevərdin. Köhnə xanəndələri səsindən tanıyardın. Məşədi Məmməd Fərzəliyev, Keçəçioğlu Məhəmməd, Şəkili Ələsgər, Cabbar Qaryağdıoğlu, o vaxtların başqa məhşur xanəndələrinin Varşavada, Kiyevdə, Tiflisdə buraxılmış səs yazılarına cavanlığında babamın qədim-təzə saxlanılan patefonunda o qədər qulaq asmışdın ki!

Sözə, səlis danışığa xüsusi onəm verərdin. Yanında şeiri bir dəfə oxuyan kimi təkrarən söyləyərdin. İndi bu qədər danışdığıma, sorğularıma baxışınla cavab verirsən.

Dinmirsən. Sakitcə dayanıb dinləyirsən. Burada da könlümü qırmaq istəmirsən. Məni qarşıladığın təbəssümlə yola salırsan.

Mənim əbədi təbəssümlü ANAM...

Tarix
2015.12.12 / 23:03
Müəllif
Rafail Tağızadə
Şərhlər
Digər xəbərlər

Gecə tənhalığı

“Prezident etirazlara görə istefaya getməyəcək”

Daha yaşamaq necə olur...

Bir payız axşamı

Özgə Zamanın şairi - Adil Mirseyid...

Yoxluğun içində həmişə varsan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla