Yuxarı

Bu peşə də ölür

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni il ərəfəsi idi. Evdə darıxdım. Dedim, şəhərə çıxım, bir az dolanım. Bakıda da bütün yollar bulvara aparır. Elə mənim də nə vaxt bulvara gəlib çıxdığımdan xəbərim olmadı. Bir də gördüm ki, bulvar boyu dənizə baxa-baxa addımlayıram. Adam çox idi. Çoxu da uşaqlarla gəlmişdi. Bulvarı ora-bura qaçan balacaların səs-küyü başına götürmüşdü.

Amma bulvarın daha başqa daimi sakinləri də var. Onlar fotoqraflardır. Bu adamlar əllərində fotoaparat gəlib-keçənlərə ümidlə baxır, ayaq saxlayıb şəkil çəkdirmək istəyən olanda lap uşaq kimi sevinirlər. Bir az kənara çəkilib onlardan birini seyr etməyə başladım. Heç şəkil çəkdirmək istəyən yox idi deyəsən. Axırda dözməyib özüm ona yaxınlaşdım. Məlum oldu ki, bir neçə ildir bu peşə ilə məşğul olur. Amma indi yaman gileylidi. Səbəbini soruşanda dedi ki, görmürsənmi, hərənin əlində bir telefon var, indi şəkil çəkidirənə çox az təsadüf olunur. İndi hamı özünün fotoqrafı olub. Ola bilsin, bir müddətdən sonra bu peşəyə heç ehtiyac da olmayacaq...

Yavaş-yavaş metroya tərəf addımlamağa başladım. Həqiqətən də kədərli hekayə idi. İtib gedən, yox olan peşələr haqda mən əvvəllər də oxumuşdum və eşitmişdim. Hətta məktəb illərində oxuduğum qoca çəkməçi haqda kədərli bir hekayəni də xatırlayıram.

Amma tale elə gətirdi ki, biz çəkməçilərin xidmətindən çox istifadə etməli olduq. Kim bilir, bəlkə fotoqraflar da belə olacaq? Bəlkə hansısa zərurət və ya bəlkə də hansısa təsadüf onların da peşəsinin ömrünü uzadacaq?

Amma kim bilir, bəlkə də bir çox yaxşı şeylər kimi fotoqraf peşəsi də sovetlər vaxtında qalacaq..

Yadıma gəlir, Moskvada bizim yataqxananın yanında bir kinoteatr vardı. Orada tez-tez foto-sərgilər təşkil edilirdi. İnanın, bu, heç də rəssamlıqdan maraqsız peşə deyildi. Sərgidə elə gözəl, elə mənalı fotolar olurdu, elə əsərlər sərgilənirdi ki, onlar əsl sənət əsəri idi.

Mən hələ o dövrlərin qəzetlərini, maqazin-jurnallarını demirəm! Orada əsl sənət əsərləri çap olunurdu ki!

O vaxt qəzeti və jurnalı fotosuz və fotoqrafsız təsəvvür etmək olmurdu. Necə ki, indi şadlıq saraylarını fotosuz və fotoqrafsız təsəvvür etmək olmur. Amma əlahəzrət telefon yavaş-yavaş elə burada da peşə adamlarının, peşəkar fotoqrafların dabanını tapdayır.

Qərəz, o gün bulvarda aldığım yüngül, xəfif kədər yükü məni bütün günü tərk etmədi. Dedim ki, bu haqda kiçik də olsa yazı yazım ki, bəlkə kədərim sovuşub keçdi. Ola bilsin, kimsə deyəcək ki, bu, texniki tərəqqidir, bir peşə bu yolla gedir, başqa birisi isə peyda olur...

Ümumiyyətlə, düzdür. Hətta bəlkə də çox düzdür. Amma bir daha deyirəm ki, bu, əsl sənət idi. İnsanların bir qismi bununla peşəkar şəkildə məşğul olur və əsl sənət yaradırdılar. İndi bunlar necə olsun? Mən hələ telefonla çəkilən peşəkar sənət əsəri görməmişəm.

Adamı qəmləndirən də elə bu peşə və peşəkarlar söhbətidir. Bir peşəkarın yetişməsi üçün bilirsiniz nə qədər əmək və vaxt sərf olunur? Hətta deyə də bilərlər ki, foto meydana çıxanda rəsm və rəssamlıq dəbdən düşmədi, əksinə, böyük sənət kimi qaldı.

Bu da doğrudur. İndi ümumiyyətlə, istənilən fikri təsdiq və ya inkar edən onlarla arqument söyləmək mümkündür. Bəlkə həyatın özünün mürəkkəbliyi buna səbəb olur?

Amma mənim yadımdan o dövrün fotoları silinmir... Xüsusən də o vaxtki Pribaltikadan bir fotoqraf-rəssam vardı. Kişi elə sözün həqiqi mənasında sənətkar idi.

Bəlkə elə fotoqrafları da elə bu peşəkarlıq xilas edəcək? Ancaq düyməni basa bilənlər bu sahədən gedəcək, peşəkarlar isə qalacaq.

Hətta bununla da razılaşmaq, bununla da barışmaq olardı. Deyim ki, bazar iqtisadiyyatı peşəkar adama dəyər verməyi bilir – kim olursansa ol, amma peşəkar ol.

Fəqət, bu dünyada ölən peşələr də var. Onlar da adamlar kimidirlər. Bir qərinə yaşayır, sonra isə ölüb gedirlər. Bir də bu dünyada bir Don Kixot olmaq təhlükəsi var. Vaxtı keçəni, ölüb gedəni yaşatmaqda israr edəndə adam dönüb lap Don Kixot olur!

Kaş elə olsun ki, bizim fotoqrafları bu aqibət gözləməsin. Ən azı ona görə ki, onlar da bir anı fiksə edirlər. Bir an isə bəzən bir əbədiyyətə dəyər...

Tarix
2016.01.08 / 10:03
Müəllif
Hüseynbala Səlimov
Şərhlər
Digər xəbərlər

ABŞ Trampı seçərsə...

İlin belə bir günü də var...

Əfsanə başladı

Dördüncü Dünya müharibəsində...

Allah adamının cəhənnəmi

Qərb kommunizmi belə qurur

Azad adam

Neft erası bitir: Nə etməli?

İtirilmiş böyük şans

Rusiyada ədəbiyyat ili?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla