Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
24 Noyabr 2017


İtirilmiş böyük şans

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

SSRİ-nin çökəndən dərhal sonra özünün geosiyasi maraqlarını bəyan etməməyini Prezident Putin son 25 ildə Rusiyanın ən böyük siyasi səhvi hesab edir. O bu haqda son müsahibələrinin birində deyib. Əslinə qalsa, biz ondan tamamilə fərqli bəyanat gözləyirdik.

Düzdür, siyasətçilər səhvlərini heç vaxt etiraf etmirlər və bunu daha çox tarixçilərin öhdəsinə buraxırlar, ən azı ona görə ki, belə etirafların bir çox hallarda hüquqi nəticələri ola bilərdi. Amma Rusiyanın siyasi isteblişmentinin Putindən əvvəlki dövrdə də böyük səhvləri olmuşdu. O, ən azı bu haqda danışa bilərdi.

Həm də bizə elə gəlir ki, bu gün - dünyanın açıq qarşıdurma yaşadığı bir dövrdə itirilmiş şanslardan danışmaq daha məqbul olardı. Bu şanslar bir vaxt həqiqətən də böyük idi. Hamı soyuq müharibənin birdəfəlik gömüldüyünü və bir daha böyük siyasətə qayıtmayacağını düşünürdü.

Bu isə Rusiyanın necə dövlət olacağından asılı idi. Amma Rusiya dünya siyasətində yeni biçimdə zühurunu öz ətraflarında münaqişələr yaratmaq və öz geosiyasi ambisiyaları haqda düşünülməmiş bəyanatlar verməklə biruzə verdi. Ona görə də bu gün Rusiyanın "səhv"ləri haqqında Putinin "açıqlama"larını oxuyanda adam bir az təəccüb edir: əcəba, Rusiya nə vaxt öz geosiyasi ambisiyalarını unudub? Heç belə bir şey olubmu? Nədənsə biz belə halı heç xatırlamırıq. Rusiya həmişə "barıt çəlləyi"ni xatırladıb, həmişə ABŞ-ı və Avropanı özünə rəqib görüb.

90-cı illərin əvvəlləri yaxşı yadımızdadır. Varşava Paktı çökmüşdü. Bəlkə də Rusiya gözləyirdi ki, NATO da çökəcək. Amma NATO çökmədi və Rusiya da bunu Qərbin ən böyük xəyanəti hesab etdi. Amma Rusiyaya da şans verildi. O, NATO-ya üzv olmağa dəvət edildi. Dünya az qala nəhəng bir prosesin astanasında idi. Özünüz təsəvvür edin. Əgər o vaxt Rusiya NATO-nun dəvətini qəbul etsəydi, indi hansı böyük dəyişikliklərin şahidi olmazdıq? Bunu təsəvvür və ən əsası isə təsvir etmək mümkün deyil. Rusiya özü tamam başqa ölkə ola bilərdi. Onun ətraflarında tamam başqa mənzərə yaranardı. İndi yaşadığımız münaqişələrin heç biri qalmazdı. Sivil ölkəyə çevrilən Rusiya öz keçmiş satellitlərinin Qərbə inteqrasiyasının yolunda əngələ çevrilməzdi.

Amma nə baş verdi? Böyük şans itirildi. Dünya soyuq müharibədən sadəcə, kiçik bir tənəffüs əldə etdi, bir müddətdən sonra hər şey təzədən başlayacaqdı.

Bir daha deyirəm ki, o vaxtlar - 90-cı illər indiki kimi yadımdadır. NATO keçmiş sovet ölkələrilə əməkdaşlıq üçün "Sülh naminə tərəfdaşlıq proqramı"nı təsis etmişdi və o vaxt hamının gözü Rusiyada idi: görən, ruslar imkan verəcəkmi?

Rusiyanın özünə də NATO-ya üzv olmaq təkilf olunmuşdu – bunu da bir daha vurğulamaq zorundayıq. Amma gəl, Rusiya nə etdi? NATO-dan ən azı rəsmi olaraq heç bir dövlətin malik olmadığı hüququ – xüsusi status tələb etdi. Təbii ki, heç kim buna razı ola bilməzdi.

Beləcə, Rusiya normal dövlətə çevrilmək şansını, dünya isə təhlükəsiz və qorxulu Rusiyasız bir dövrə və düzənə qədəm qoymaq şansını itirdi. İndi bu haqda yalnız təəssüf hissilə danışmaq mümkündür.

V.Putin isə "səhv"lərdən danışır. Fəqət, post-sovet dövründə Rusiyada bəlkə də heç kim onun qədər səhv etməyib. Bu gün dünya əslində Putinin səhvlərinin nəticələrini yaşamaqla məşğuldur. Elə bir məchulluq yaranıb ki, ən yaxşı halda bir ay bundan sonra nə olacağını demək mümkündür, özü də çox böyük bir xəta ilə.

Kimsə deyə bilər ki, Rusiya ABŞ-ın "geosiyasi instrument"i olan NATO-ya üzv olmamaqda düz etdi! Amma gəlin, bir suala cavab verək. Rusiya Böyuk Britaniyadan, Fransadan və Almaniyadan daha qüdrətli və daha çox müstəqildirmi? Rusiya bu dövlətlərdən daha çox inkişaf edibmi? Güman edirəm, oxucu da qəbul edər ki, heç də belə deyil.

Bu gün Türkiyə daha çox NATO-nun hesabına Türkiyədir. Demək olarmı ki, Türkiyə müstəqil deyil?

Əgər NATO-ya üzv olsaydı və təhlükəsizliyini digər ölkələrlə eyni bir geosiyasi müstəvidə axtarsaydı, Rusiya da belə təhlükəsizlik çətiri və təminatı əldə edə bilərdi. Biz də tamam başqa bir dövran yaşaya bilərdik – Qarabağ problemi, Osetiya və Abxaziya problemləri, Dnestr münaqişəsi həll olunardı. Qafqaz bir ümumi geosiyasi çətirin altında olardı və "Qafqaz evi" ideyası gerçəkləşərdi. Bunların hər biri Rusiyadan asılı idi.

Amma şair A.Fet düz deyibmiş: Rusiyanı ağılla dərk etmək mümkün deyil! Güman ki, bu prizmadan baxanda Rusiya siyasətçilərinin çıxışlarında məntiq axtarmaq tamamilə səmərəsiz bir məşğuliyyətdi. Bəli, Putin itirilmiş böyük şansdan danışa bilərdi. Amma o, tamam fərqli bir şey danışdı...

Tarix
2016.01.15 / 09:09
Müəllif
Hüseynbala Səlimov
Şərhlər
loading...
Digər xəbərlər

ABŞ Trampı seçərsə...

İlin belə bir günü də var...

Əfsanə başladı

Dördüncü Dünya müharibəsində...

Allah adamının cəhənnəmi

Qərb kommunizmi belə qurur

Azad adam

Neft erası bitir: Nə etməli?

Bu peşə də ölür

Rusiyada ədəbiyyat ili?..

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla