Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
24 Noyabr 2017


Azad adam

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Söz sözü çəkər. Bu soyuq yanvar günləri bir neçə cəhətdən xarakterik idi. Böyük adamların bir qismi bu ayda doğulub, böyük hadisələrin bir hissəsi elə bu ayda baş verib.

Amma əsas bu deyil. Ona qalsa, tarix öz səxavətini heç bir aydan əsirgəməyib və bütün aylar nə iləsə xarakterikdir.

Yanvar ayında Martin Lüter Kinq anadan olub. Bu adama özəl münasibətimiz olmasaydı, bəlkə də bu detala heç toxunmazdıq. Amma Martin Lüter Kinq elə bir adamdır ki, o, bütün cəmiyyətlər üçün örnək ola bilər.

Cəmi bircə dəfə ABŞ-da olmuşam. Orada deyirdilər ki, bu günə qədər Amerika cəmiyyəti ona milli qəhrəman adı verib-verməməklə bağlı mübahisə edir.

Sonradan bir ABŞ tarixçisinin əsərini oxudum. O, Martin Lüter Kinqi bir adamı nə qədər aşağılamaq mümkündürsə, o qədər aşağılamış və təhqir etmişdi.

Fəqət hətta bu da mənim ona münasibətimi dəyişmədi. Bilirsinizmi niyə? Hələ rus dini filosofu P.Florenski yazırdı ki, adlar insanların taleyini müəyyənləşdirir. Bu fikri oxuyandan sonra M.L.Kinqin adındakı Lüter sözü haqda düşündüm. Kinq haradasa Lüterin həyatını, taleyini təkrar etdi – onun kimi islahatçı oldu.

Kinq insan haqları uğrunda mübariz idi. O insan haqları ki, hələ də onunla bağlı ciddi mübahisələr gedir, hələ də onu bir fəlsəfə və ideologiya kimi xarici təhlükəsizlik xidmətlərinin instrumenti hesab edirlər.

Amma mən bunların heç birini qəbul etmirəm, insan haqlarının aliliyini və universallığını həmişə qəbul etmişəm, indi də edirəm. Kinq əsl azadlıq mübarizi idi. Onun qəbrinin üstündə bir cümlə yazılıb: "Nəhayət ki, azadam!.." Bəlkə də Kinq olmasaydı, 60-cı illərdə Amerikada və eləcə də dünyada insan haqları uğrunda mübarizə bu qədər vüsət almayacaqdı.

Amma o, bunu etdi. Bəlkə də o olmasaydı, heç Obama da olmaycaqdı və qaradərili insanın ABŞ prezidenti olması hələ uzun müddət bir arzu olaraq, bir xəyal olaraq qalacaqdı.

Böyük insanların böyüklüyü də elə ondadır ki, onlar xəyal sayılan, uzaq bir arzu hesab edilən şeyləri gerçəkliyə çevirirlər. Bəli, M.L.Kinq Mahatma Qandiyə böyük rəğbət bəsləyir və o da zorsuz müqaviməti təbliğ edirdi. Bu iki insanın xarakterində və taleyində oxşar cəhətlər çox idi – hər ikisi siyasi mübarizəyə yeni fəlsəfə gətirmiş, hər ikisi də sui-qəsd nəticəsində həlak olmuşdu.

İndi o vaxtlardan xeyli keçib. Amma Qandinin və Kinqin baxışları müxtəlif formada siyasətdə təzahür edir. Mənə elə gəlir ki, azadlıq və insan haqları uğrunda mübarizə həmişə qalacaq. Onlar qaldıqca da bu iki adamın adı qoşa çəkiləcək.

Düzdür, praktik siyasət adətən filosofları və romantikləri sevmir. Belə hesab edilir ki, real siyasət fəlsəfədən və ya romantikadan çox uzaqdır. Düz deyirlərmi? Güman etmirəm. Siyasi mübarizə üsulunu da haradasa reallıq diktə edir. Əgər reallıq qəlizdirsə və insanlar ona baş vurmağa ehtiyat edirsə, o halda siyasi mübarizə romantik və fəlsəfi çalarlar alır.

Həm də Qandi və Kinq öz mübarizələrindən adi bir insanın payına düşəcəyindən artıq pay ummurdu. Onlar nə prezident olmaq istəyirdilər, nə də baş nazir. Bu adamlar mübariz tribunlar idi.

Adətən siyasətçiləri və ictimai fəalları biri-birindən ayırırlar. Fəqət əsl real siyasi və ictimai mübarizə bir çox hallarda çulğalaşır. Bəzən onları biri–birindən ayırmaq belə mümkün olmur. Kinq siyasətə də çox təsir etmişdi. Bu da başadüşüləndir. Elə insanlar olur ki, onlar siyasi dəyərləri dəyişdirirlər. Elə vaxtlar olur ki, siyasətin özü haqqında təsəvvürlər dəyişir. Belə hallar bəlkə də yüz ildə bir dəfə olur. O halda siyasi və ictimai meydana elə insanlar daxil olur ki, onlar zorən demokrat olmurlar, bunu ürəklərinin diktəsilə edirlər, demokratiya onlar üçün daxili motivasiya olur. Qandidə də, Kinqdə də bu motivasiya vardı. Onları sevdirən də elə budur.

Zaman keçəcək, siyasi mübarizəyə daha yeni çalarlar gələcək. Bəlkə də bütün təsəvvürlər tamam dəyişəcək. Amma tarixdə siyasətin fəlsəfəsini dəyişmiş adamlar həmişə anılacaq. Onlar unudulmayacaq. Həyatın özü bunu diktə edir.

Bu gün bir ərəb A.Saxarov mükafatı alırsa, deməli, dəyərlər ümumiləşir, insan haqları universallığını diktə edir – insanları ayıran dil, din və rəng faktorları arxada qalır, hamımız bir olduğumuzu və Yer adlı planetin sakinləri olduğumuzu dərk edirik.

Tarix
2016.01.29 / 08:45
Müəllif
Hüseynbala Səlimov
Şərhlər
loading...
Digər xəbərlər

ABŞ Trampı seçərsə...

İlin belə bir günü də var...

Əfsanə başladı

Dördüncü Dünya müharibəsində...

Allah adamının cəhənnəmi

Qərb kommunizmi belə qurur

Neft erası bitir: Nə etməli?

İtirilmiş böyük şans

Bu peşə də ölür

Rusiyada ədəbiyyat ili?..

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla