Yuxarı

Qərb kommunizmi belə qurur

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bizim vaxtımızda hər şey başqa cür idi" – demək elə bir yenilik, çətin yozulan sosial fenomen deyil. Bütün insanlar əllini aşandan sonra nə vaxtsa bu sözləri dilə gətirirlər. Bəlkə də ən müdriklər, ən təvazökar insanlar belə izharlarda bulunmurlar.

Amma bəzən baxıb görürsən ki, elə doğrudan da "bizim vaxtlar"da hər şey başqa cür idi. İndi mən bizim abituriyentlərə, onların dürlü testlərinə baxanda ürəyim sıxılır.

Ola bilsin, səhv edirəm, bəlkə də indiki sistemin üstnülükləri daha böyükdür. Di gəl, mən həmişə "qızıl orta"nın tərəfdarı olmuşam. Düşünürəm ki, əsl həqiqət nə keçmişdə, nə bu gündədir. Düşünürəm ki, əsl iqtisadi qurtuluş yolu nə keçmişdəki planlı dövlət iqtisadiyyatında, nə də indiki sərt və monetar kapitalizmdədir. Hər şeyin yaxşısı qütblərdə deyil, haradasa onların ortasındadır.

Düzdür, bir vaxtlar Andrey Saxarovun siyasi və iqtisadi konvergensiya haqqındakı fikirlərini oxuyanda düşünürdüm ki, bu adam sovet sosializminin təsirindən ayrıla bilmir. Amma budur, inkişaf etmiş kapitalist ölkələri şərtsiz ödəniş sisteminə keçməyi planlaşdırırlar. Bu, o deməkdir ki, işləyib-işləməməyindən asılı olmayaraq, bütün vətəndaşlara hər ay müəyyən məbləğ ödəniləcək. Bu məbləğ yaşamaq üçün kifayət qədər olacaq, orta aylıq əmək haqqından çox da az olmayacaq.

Qatı kapitalizm tərəfdarı bunu eşidəndə nə deyərdi? Deyərdi ki, insanlar tüfeylilik edəcək, işləməyəcək. Amma Qərbdə eksperiment keçirilib, məlum olub ki, qətiyyən belə deyil. İnsanlar bunun nəticəsində sadəcə, acından ölməmək üçün qarşılarına keçən hər işdən yapışmır, ürəklərini oxşayan işlə məşğul olmağa başlayır, hətta bu işlərə görə məvacibin az olmasına da baxmırlar.

Təsəvvür edin, eksperiment keçirilib. Eksperimentdə iştitrak edən adamlardan biri gedib uşaqlarla işləməyə başlayıb, digəri teatr tamaşaları qoymağa üstünlük verib! Kommunizm deyilmi? Bəli, əsl kommunizmdir və baxıb görürsən ki, bizə illərlə kommunizm haqqında danışdılar, amma gəl, kapitalist Qərbində onu qurmaqdadırlar.

Ona görə də mən "Bizim vaxtlarda..." demirəm. Sadəcə, deyirəm ki, o dövrü də unutmayaq, çünki bütün sahələrdə qurtuluş nə ayrıca kapitalizmdədir, nə də sosializmdədir, onların çulğalaşmasındadır, konvergensiyasındadır.

Bir az əvvəldə gətirdiyim misalda diqqət çəkən nədir? Odur ki, insan daha çox azad olmaq istəyir, o, iqtisadi köləlikdən də qurtulmağa, ehtiyacdan azad olmağa, ürəyi istəyən işlə məşğul olmağa, sözün əsl mənasında kreativliyə can atır.

Bunu yalnız alqışlamaq olar. Elə inkişaf da budur: tezis, anti-tezis və nəhayət, sintez.

Biz hamımmız inkardan başladıq. İndi "Bizim vaxtlarda..." deyəndə yadıma düşür ki, hansı şövqlə N.Çernışevskini, A.Gertseni, N.Dobrolyubovu və V.Belinskini oxuyurdum. İnanın ki, oxuyurdum! Özü də acgözlüklə! Amma sonra onların inkarı baş verdi. Rusların bir nəsli bütün uğrusuzluqlarını tamam bu adamlarda gördü. Onları yamanladılar, aşağıladılar, gözdən saldılar, həmin bu adamları dövrünün miskin və uğursuz adamları kimi qələmə verməyə başladılar!

İş o yerə çatdı ki, heç kim bu adamları oxuduğunu deməklə öz erudisiyasını nümayiş etdirməyə çalışmadı, hətta bunu gizlətməyə cəhd etdi. Onların yerini Berdyayevlər, Rozanovlar tutdu. Biz də acgözlüklə onları oxumağa başladıq. Amma nəsə çatışmırdı... Bəli, çatışmayan İŞIQ idi. Adam subyektivliyə varmaqdan ehtiyat edir. Amma Çernışevskidə, Gertsendə, Belinskidə və Dobrolyubovda bir İŞIQ vardı.

Təbii ki, bütün pis zamanlar narahat yuxu kimi ötüb keçir, unudulur. İndi baxıb görürəm ki, hər şey öz yerinə qayıdır. Təəssüf ki, Rusiyada indi Dobrolyubovlar yoxdur. Amma Dobrolyubov özü dirçəlir, insanlar yenidən bu adamları oxumağa başlayırlar.

Hətta bu böhranlı günlər məni bu fikrimdə tərəddüd etməyə sövq etmir. Bəli, indi A.Smitin dediyi kapitalizm heç yerdə yoxdur. Əvəzində sosial kapitalizm var, əvəzində yüksək rifah cəmiyyəti var.

Təbii ki, kapitalizm Qərbdə öz işini gördü. O, insanları daha əzmkar, daha mətin etdi, maddi və mənəvi sərvətlər yaratdı. Ona görə də indi onun meyvələrini paylamağın, özü də hamıya paylamağın və insanlara daha bir kreativ impuls aşılamağın vaxtıdır.

Ona görə mən "Bizim vaxtlarda..." sözlərini tamam başqa konteksdə deyirəm. Bəli, o dövrü də unutmaq lazım deyil, yadda saxlamaq lazımdır ki, sosial hüquqlar göylərdən nazil olmamışdı, insanlar onların uğrunda çarpışmışdılar! Bir özünüz deyin, "Hamıdan qabiliyyətinə görə, hamıya əməyinə görə!" sözlərində pis nə var ki? Qərbdə artıq bununla da kifayətlənmirlər, "Hamıdan qabiliyyətinə, hamıya tələbatına görə!" prinsipi ilə yaşamağa başlayırlar. Bunu sosializmin apologetikası kimi qarşılamayın. Dedim ki, "qızıl orta" heç nə keçmişdəki sosilizmdə deyil, nə də bugünkü kapitalizmdə. Onların hər birindən götürülmüş ən yaxşı cəhətlərin vəhdətindədir.

Elə bu səbəbdən də qocalar "Bizim vaxtımızda..." deyəndə onların sözünü kəsməyə, onların ağzını yummağa tələsməyin, diqqət edin, görün, nə deyirlər?

Bəlkə elə doğrudan da onlardan öyrənməli və eşitməli nəsə var?

Tarix
2016.02.05 / 09:09
Müəllif
Hüseynbala Səlimov
Şərhlər
Digər xəbərlər

ABŞ Trampı seçərsə...

İlin belə bir günü də var...

Əfsanə başladı

Dördüncü Dünya müharibəsində...

Allah adamının cəhənnəmi

Azad adam

Neft erası bitir: Nə etməli?

İtirilmiş böyük şans

Bu peşə də ölür

Rusiyada ədəbiyyat ili?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla