Yuxarı

Əfsanə başladı

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən həftənin axır günləridi. Tezdən kompüteri yandırıb təzəcə saytlara baxırdım ki, gözüm bir xəbərə sataşdı. Umberto Eko vəfat edib... Nə demək olar? Bəli, 84 yaş. Oxucu dərhal qayıdıb deyər ki, kaş, elə hamımıza bu qədər yaşamaq qismət olaydı!

Nə deyim? Amin! Amma məsələ bundadır ki, 80-84 il yaşayanlar az olmayıb. Fəqət elələri (bəlkə də çoxu!) olub ki, insanlar onların həyatından bir şey xatırlamağa çalışıb, amma bunun üçün 80 söz tapmayıblar. Eko elə bir adam idi ki, hələ uzun illər onu xatırlamaq üçün minlərlə söz qalacaq - ən azı ona görə ki, özünün dediyi kimi, tarix bitəndə əfsanə başlayır.

Onunla (bu adama yazıçımı deyim, filosofmu deyim?!) ilk "tanışlığ"ım, bu adamın adını ilk dəfə nə vaxt eşitdiyim dəqiq yadımda deyil. Hər halda, dünən, srağagün olmayıb. Bir xeyli vaxt keçib. Elə yazıçılar olub ki, əvvəl bu adamların özü haqqında daha çox oxumuşam, nəinki əsərlərini. Eko da belələrindən idi.

Mənim üçün onu maraqlı edən o idi ki, Eko həm də jurnalistika (əgər belə demək mümkündürsə!) ilə məşğul olurdu. Arabir bu və ya digər qlobal və ya mənəvi problemlə bağlı onun fikirləri sızırdı dünya mediasına. Dünya deyəndə ki, o, bizim üçün elə də geniş deyil, əsasən rus, türk, bir azacıq da ingilis mətbuatından ibarətdir.

Beləcə, bu dar pəncərədən əvvəlcə filosof, publisist və jurnalist Ekonu tanıdım. Yazıçı kimi "tanışlığ"ımız gec, çox gec baş tutdu. Halbuki, neçə illər idi onun romanlarının adını əzbər bilirdim. Amma oxumamışdım. Təkcə ona görə yox ki, əlim çatmırdı, vaxtım yox idi və s. Yox, əgər bu ölkədə gündəlik dərd-sərdən macal, vaxt tapıb "yazı" yaza biliriksə, deməli, Ekonu oxumaq üçün də vaxt tapa bilərdik!

Səbəb tamam başqa idi. Xeyli müddət Ekonu oxumağa ehtiyat edirdim. Nə başınızı ağrıdım, məndə belə təsəvvür yaranmışdı ki, elə o da Ceyms Coys kimi yazır.

Bunu heç kim beynimə yeritməmişdi. Öz qənaətim idi. Coysla da tarixçəmiz maraqlı olmuşdu. Onun haqqında ilk dəfə Moskvada eşitmişdim. Bir rus dostum deyirdi ki, hə, belə bir ədəbi şarlatan olub, bir neçə yüz səhifəlik əsər yazıb, hələ də hamı oxuyur, heç kim də heç nə başa düşmür!

Onda Coysla ciddi maraqlanmaq ağlıma da gəlmirdi. Dostoyevski vardı, Markes vardı, Aytmatov, hətta Tendrayakov vardı və bir də rus dilində türk sevgi romanları. Düsturdan–formuldan baş açanda onları oxuyurdum ki, beynim azacıq açılsın.

Sonra Azərbaycana qayıtdım. Bir çox illərdən sonra axır qərara gəldim ki, oxuyub görüm, axı, bu Coys nə yazıb? Bir nəfərdən tapdım. Bir təhər, ölə-ölə oxudum və hələ də bilmirəm ki, buna oxumaq demək olardımı?

Hə, az qala tamamilə yadımdan çıxmışdı – söhbət məşhur "Uliss"dən gedir. Etiraf edim ki, bu əsər haqqındakı resenziyalar özündən daha maraqlı göründü mənə. Sadəcə, bütün bu məşguliyyətdən bircə detal yadımda qaldı. Coysa qədər bir ifadə uydurmuşdum özümdən: şüur axını.

Nə fikirləşirsiniz?! "Uliss"lə bağlı tənqidi yazıları və resenziyaları oxuyanda eynilə belə ifadəyə rast gəldim: "potok soznaniya"! Bir daha əmin oldum ki, bizə qədər bütün kəşflər edilib və bütün gözəl sözlər də yazılıb.

Qərəz, mənimki Coysla alınmadı. Razıyam, Coys iki məsələdə, nədən yazmaq və necə yazmaq məsələsində inqilab edib. Amma bu inqilab mənlik deyildi, bu, mənim inqilabım deyildi.

Hə, gələk Ekonun üstünə. Axır bir gün qərara gəldim. Dedim ki, oxuyacam. Birinci oxuduğum "Fuko rəqqası" oldu. Coysa oxşayırdı da, oxşamırdı da. Beləcə, bu mənim yazıçı Eko ilə ilk və hələlik son tanışlığım oldu. Təbii ki, yazıçı haqda onun bircə əsəri əsasında fikir yürütmək yaramaz – bu fikirlə tam razıyam.

Fəqət, yəhudi-xristian mistikası ilə yoğrulmuş detektiv süjetli, bir az da siyasi çalarları olan bu əsər elə də dərin iz buraxmadı məndə. Təbii ki, effekt Coysdan fərqlidi və hətta həmin əsərdən bu günə qədər bəzi fikirlər də qalıb yaddaşımda. Birini əvvəldə dedim.

O birisi də çox maraqlı idi. Deyir ki, N.K.Krupskaya ilə bircə gecə keçirsən, ertəsi gün mütləq "Materializm və empriokrititsizm" yazacaqsan!..

Amma bu, hələlik onunla yeganə yazıçı-oxucu "görüş"üdür. Beləcə, ilk yazıçı–oxucu tanışlığı baş tutdu da, tutmadı da.

Bəlkə də səhv edirəm. Amma mən elə ədəbiyyatı sevirəm ki, həyatı və insanı göstərsin. Razıyam ki, əslində, bütün yazıçılar elə bunu etməyə çalışır və edirlər də, sadəcə, hərənin öz üslubu olur. Amma mən bu kriptologiyaları, konspriologiyaları və "kabbalist" sayıqlamaları sevmirəm. Hətta onu da deyim ki, bizim sufizmlə bağlı da ilk dəfə ciddi oxuyanda buna bənzər hislər keçirmişdim.

Həm də ola bilsin ki, bu yəhudi "Kabbala"sı (adını düz verirəmmi? bəlkə azərbaycanca başqa cürdür? bilmirəm, fərqi yoxdur!) və ya xristian mistikası haqda o qədər oxumuşam ki, bezdirib. Hətta fiziklər bu haqda çox şey deyib, çox yazıblar, azmış kimi, ömrünü buna həsr edənlər də olub, özü də elə-belələri yox, çox, olduqca böyükləri.

Yazıçı Ekodan aldığım ilk təəssürat belə oldu. Sonuncu dəfə buna bənzər şeyi daha bir ədəbi moda dalğasında oxudum. Bəli, söhbət D.Braunun "Da Vinçi kodu"ndan gedir. Elə orada da qədim xristian mistikası yamanca yordu məni!

Qərəz, bir daha deyirəm ki, yazıçı Eko ilə oxuçu kimi "tanışlığ"ımız belə oldu. Axıra çatmadı. Tez də qırıldı. "Tanışılıq" sözünü hər yerdə təsadüfdən dırnaqda yazmadım. Ola bilsin, onu yenə də oxuyacam. Ən azı ona görə ki, özü demişkən, tarix bitəndə əfsanə başlayır. Elə yazıçı ömrü bitəndə də yeni əfəsanə doğulur – yazıçı əfsanəsi...

Tarix
2016.02.25 / 11:02
Müəllif
Hüseynbala Səlimov
Şərhlər
Digər xəbərlər

ABŞ Trampı seçərsə...

İlin belə bir günü də var...

Dördüncü Dünya müharibəsində...

Allah adamının cəhənnəmi

Qərb kommunizmi belə qurur

Azad adam

Neft erası bitir: Nə etməli?

İtirilmiş böyük şans

Bu peşə də ölür

Rusiyada ədəbiyyat ili?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla