Yuxarı

Şəhid talışların ruhuna

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlar ortaya bir talış söhbəti atıblar, xüsusilə sosial şəbəkələrdə. Geniş müzakirələr gedir. Xaricdə yerləşən, hansısa dövlətlər tərəfindən maliyyələşən səhifələr bu məsələni daha geniş fırladır, xalqları üzbəüz qoymağa çalışırlar.

Ermənistan lap canıyanan çıxıb. Talışca bir televiziya açıb, bir radio açıb və Azərbaycanın əleyhinə, azərbaycançılıq əleyhinə geniş bir təbliğat aparır. Yuxaqulağı sulayanlar da tapıblar. Söyüşlər, təhqirlər… Bir sözlə, ilana ağı verənlər kef eləyir. Azərbaycan türküylə, talışıyla, ləzgisiylə, kürdüylə, yəhudisiylə, rusuyla, tatıyla, avarıyla, inqiloyuyla bir çələngdi. Bu çələngdə hər xalqın öz ətri var. Və Azərbaycanın müstəqiliyində, inkişafında da hər xalqın öz qatqısı var. Və bu çələngi dağıtmağa indiyədək kimsənin gücü çatmayıb, indən belə də çatmayacaq.

Bir ara ləzgiləri ayağa qaldırmaq istədilər, SADVAL yaratdılar və arxalarında böyük güclər olsa da, aldıra bilmədilər. Ləzgi xalqı o separatçıların arxasınca getmədi, Ulu Öndərin ardınca getdi.

Ələkrəm Hümbətov xarici güclərin dəstəyi ilə Talış-Muğan Respublikası yaratdı, amma yenə aldıra bilmədilər. Talış xalqı Ələkrəmin ardınca getmədi, Ulu Öndərin ardınca getdi.

Həm də ona görə aldıra bilmədilər ki, dini bir, adət-ənənəsi bir, tarixi, mədəniyyəti bir olan və bir-birinə qaynayıb-qarışmış, min bir yerdən qohumluq əlaqələri olan xalqları üz-üzə qoymaq mümkün deyil.

Arada bir kürd söhbəti də salmaq itstədilər, o da alınmadı. Alınmaz da.

1918-ci ildə Azərbaycan müstəqillik qazananda bu müstəqillik uğrunda bu xalqlar bir yerdə mübarizə aparmışdı. Və imperiya orduları erməni kölələri ilə bərabər Azərbaycanda soyqırım törədəndə baxmamışdı bu türkdü, talışdı, ləzgidi, yəhudidi, kürddü, tatdı.

20 Yanvarda da imperiya tanklarının qarşısına bu xalqlar birgə çıxmışdılar, özü də əliyalın.

Çünki Vətən bölünmür. Bu Vətən həm türkündü, həm talışındı, həm ləzginindi, həm yəhudinindi, həm tatındı…

Qarabağ savaşında döyüşənlərin və şəhid olanların 80 faizi könüllü idi. Ailələrini, evlərini-eşiklərini, övladlarını atıb öz ciblərinin puluna aldıqları silahlarla Qarabağa gəlib bu Vətən naminə erməni işğalçıları ilə vuruşurdular: kürdü ilə, talışı ilə, ləzgisi ilə, yəhudisi ilə, rusu ilə.

Onları heç kəs məcbur göndərməmişdi, yuxarıda qeyd etdiyimi kimi, könüllü idi hamısı. Bu Vətənin qeyrətini, namusunu, gələcəyini, hər qarış torpağını qorumaq üçün gəlmişdilər.

Üstündən keçib, heç bəlkə də sirr deyil, həmin müharibədə demək olar ki, bütün telsizlərdə işləyənlər hamısı talışıydı. Həm kəşfiyyatçılar, həm hərbi hissələr, həm batalyonlar bir-biriylə talış dilində əlaqə saxlayırdılar. Çünki ermənilər Azərbaycan dilini bilirdilər və bizim danışıqlarımızı telsizlərdə dinləyirdilər.

İndi həmin o talışları, Qarabağda son damla qanına qədər vuruşan talışları, bu torpaqlar uğrunda saysız-hesabsız şəhidlər verən talışları bu dövlətin, Azərbaycanın əleyhinə qaldırmaqmı olar?!

Təbii ki, ortada yuxaqulağı sulayanlar var. Saxta profillərlə türkləri, türkçülüyü təhqir edənlər və saxta profillərlə talışları təhqir eləyən türklər. Bunlar da barmaq sayı, uzaqbaşı onların üstünə ayaq barmaqlarını da gəl.

Mənim "Dolu" romanımda, həm də "Dolu" filmində nə bir obrazın adı var, hamısı rəmzidi, nə də bir rayonun adı çəkilir.

Yalnız bir Lənkəran adı var. Niyə məhz Lənkəran?

Romanda buna geniş yer versəm də, filmdə bircə yerdə qeyd olunur ki, Lənkərandan 25 nəfər könüllü gəlib və silahları da var, düzdü, amma azdı. Yəni silahsız, əli yalın gəliblər Qarabağda savaşmağa – baltayla, dəhrəylə. Necə ki savaş başlayanda elə çoxları baltayla, yabayla, dəhrəylə savaşırdı.

Niyə məhz Lənkəran? O da bir simvoldu, cənub bölgəsinin paytaxtıdı Lənkəran. Həm də müharibədə şahidi olduğum bir hadisəyə görə yazdım bunu.

Lənkərandan 18 yaşlı bir uşaq bəlkə də evdən qaçıb gəlmişdi Ağdamda vuruşmağa. Qeyrətlə də vuruşurdu, sonra şəhid oldu. Batalyon komandiri Hacı Əkbər Rüstəmovun qucağında can verdi. "Dolu"dakı Pələng kimi! Adətən başqa bölgələrdən olan şəhidləri valideynləri ya özləri gəlib aparırdı, ya da döyüşçü yoldaşları aparıb öz el-obalarında dəfn edirdilər.

Həmin lənkəranlı gəncin (çox təəssüf ki, adını unutmuşam. Atası və ya qohum-əqrəbası bu yazını oxuyursa, mənimlə əlaqə saxlasaydılar, sevinərdim) atası gəldi Ağdama. Amma oğlunun nəşini Lənkərana aparmadı. Dedi, şəhid şəhid düşdüyü torpaqda, qanı tökülən torpaqda dəfn olunmalıdır. Və o gənci Ağdam Şəhidlər Xiyabanında dəfn etdilər. Sözgəlişi, Ağdamda üç Şəhidlər Xiyabanı vardı. Və sonra o qeyrət dağarcığı olan gəncin atası Lənkərana dönmədi. Dedi, oğlumun silahını verin mənə və qoşuldu oğlu yaşlı gənclərə, girdi oğlunun şəhid olduğu səngərə. Bax, məhz bu mənə Lənkəranın adını yazdırdı romana, çəkdirtdi filmə.

İndi o talış balasının ruhundan qorxun! Qarabağda şəhid olan yüzlərlə talış oğullarının ruhundan qorxun! Onların ruhu talışları Azərbaycan xalqının üstünə qaldırmaq istəyənləri boğar!

Tarix
2016.04.27 / 13:53
Müəllif
Aqil Abbas
Şərhlər
Digər xəbərlər

Prezident: Qurbana zəng edin, deyin ki...

Bu, təkcə mənim yox, Ağdamın toyu olacaq!

Kamal Abdulla bu yazını dərc olunmağa qoymadı

Pah, dünya dağıldı: rüşvət, korrupsiya...

Aqil Abbas Alışanova nahaq yerə təşəkkür etdi

Bakılı-rayonlu davası...

Olmayan Ağdam və olan Tovuz…

Ata milyonlarından imtina edən oğul

Şok! Şok! Şok! Axırda da hülü şəftəli

Ovladılar Tükiyəni tədbir ilə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla