"Azərbaycan" qəzetinin təkrar fəaliyyətə başlamasının 25
illik yubileyi münasibəti ilə Beynəlxalq Mətbuat Mərkəzində tədbir
keçirilib.
Axar.az xəbər verir ki, tədbirdə Azərbaycan Xalq Cümhuriyyəti
zamanı işıq üzü görən "Azərbaycan" qəzetini 1989-cu ildə yenidən
bərpa edən şair-publisist, millət vəkili Sabir Rüstəmxanlı çıxış
edib. O, Azərbaycan mətbuat tarixində xüsusi yer tutan,
milli-demokratik mətbuatın ilk qaranquşu olan "Azərbaycan"
qəzetinin tarixindən, 1989-cu ildəki bərpa zamanı çətinliklərdən,
oktyabr ayının 6-da ilk sayının işıq üzü görməsindən və iyirminci
əsrdə ikinci dəfə müstəqillik qazanan Azərbaycan mediasının ilk
qaranquşu sayılan bu qəzetin ağır şərtlər daxilindəki
fəaliyyətindən danışıb.
Sabir Rüstəmxanlı həmin dövrdə alternativ söz və fikrin
yayımlanmadığı üçün "Azərbaycan" qəzetinin Milli Azadlıq
Hərəkatının tribunasına, xalqın iradəsinin ifadəsinə çevrilməsini
və ilk sayındaca çox böyük oxucu auditoriyası qazandığını diqqətə
çatdırıb. İki illik fəaliyyətindən sonra Mətbuat və İnformasiya
naziri təyin edilərkən qəzeti Milli Məclisin orqanı olaraq tövsiyyə
etdiyini və baş redaktorluqdan getdiyini deyən S.Rüstəmxanlı bu
qəzetin onun tərcümeyi-halında və Azərbaycanın müstəqil media
tarixində çox önəmli yer tutduğunu da diqqətə çatdırıb.
Tədbirdə qəzet rəhbərliyi, tanınmış jurnalistlər və digər
şəxslər iştirak ediblər.