Neftçala Sənaye Məhəlləsində Azərbaycanın Azevrocar MMC
şirkətinin İranın İran Khodro şirkəti ilə birgə həyata keçirdiyi
layihə çərçivəsində avtomobil istehsalı zavodunun təməli
qoyulub.
APA-nın məlumatına
görə, tədbirdə iqtisadiyyat naziri Şahin Mustafayev və ölkəmizdə
səfərdə olan İran İslam Respublikasının sənaye, mədən və ticarət
naziri Məhəmmədrza Nemətzadənin rəhbərlik etdiyi nümayəndə heyəti
iştirak edib.
Nazirə və qonaqlara məlumat verilib ki, illik istehsal gücü 10 min
ədəd avtomobil olacaq zavodda 300 yeni iş yerinin yaradılması
nəzərdə tutulur. Qeyd edək ki, dəyəri 15 milyon dollar olan layihə
üzrə müvafiq anlaşma memorandumları bu ilin aprelində imzalanıb.
İran tərəfi ilə aparılmış müzakirələr nəticəsində bu vəsaitin 25
faizinin İran şirkəti tərəfindən veriləcəyi barədə razılıq əldə
edilib. İnvestisiyanın 75 faizi isə Azərbaycan şirkəti tərəfindən
yatırılacaq. Zavod 2018-ci ilə qədər istifadəyə veriləcək. Onu da
əlavə edək ki, iyunda avtomobil zavoduna Neftçala Sənaye
Məhəlləsinin iştirakçısı statusunu təsdiq edən şəhadətnamə
verilib.
Sonra nazirlər zavodda istehsal edilməsi nəzərdə tutulan bəzi
avtomobillər, eləcə də Neftçala Sənaye Məhəlləsində sahibkarlar
üçün yaradılmış şəraitlə tanış olublar. Tədbirdə çıxış edən Ş.
Mustafayev Azərbaycan və İran arasında siyasi əlaqələrin yüksək
səviyyədə olduğunu, əməkdaşlığın bütün sahələrdə inkişaf etdiyini,
əlaqələrimizin genişlənməsinin Azərbaycan və İran prezidentlərinin
siyasi iradəsinin göstəricisi olduğunu vurğulayıb.
Bildirilib ki, dövlət başçılarının qarşılıqlı səfərləri, keçirilən
görüşlər və imzalanmış sənədlər ölkələrimiz arasında əlaqələrin
inkişafına böyük stimul verir. Qeyd olunub ki, avqustun 8-də İran
prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri ölkələrimiz arasında
əlaqələrin daha da genişlənməsinə öz töhfəsini verəcək.
Nazir bildirib ki, iqtisadi əməkdaşlıq Azərbaycan-İran əlaqələrinin
mühüm istiqamətlərindən biridir. "Azərbaycanda 450 İran sərmayəli
şirkət fəaliyyət göstərir. İran tərəfindən Azərbaycan
iqtisadiyyatına 2,5 mlrd. dollar investisiya yatırılıb. İran
Azərbaycanın mühüm ticarət tərəfdaşlarındandır və təkcə 2016-cı
ilin yanvar-iyun aylarında ticarət dövriyyəsinin həcmi 66 faiz
artıb. Azərbaycan və İran arasında iqtisadiyyatın müxtəlif
sahələrində, o cümlədən nəqliyyat, sənaye, səhiyyə, turizm,
energetika, maliyyə və bank sahələrdə mühüm addımlar atılıb".
Nazir Ş. Mustafayev qeyd edib ki, Neftçalada təməli qoyulmuş
avtomobil zavodu 10 hektar ərazidə tikiləcək.
M. Nemətzadə isə dost və qonşu ölkələr olan İranla Azərbaycan
arasındakı əlaqələrin dövlət başçılarının fəaliyyəti nəticəsində
son zamanlar daha da inkişaf etdiyini vurğulayıb. O qeyd edib ki,
iqtisadi sahədə əlaqələrin genişləndirilməsi üçün böyük potensial
var və bu imkanlardan səmərəli istifadə olunmalıdır. "Bu gün təməli
qoyulan avtomobil istehsalı zavodu bunu bir daha təsdiq edir", -
deyə o vurğulayıb.
İqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin inkişaf
etdirilməsinin vacibliyini önə çəkən iranlı nazir səhiyyə,
əczaçılıq və digər sahələrdə əlaqələrin inkişaf etdiyini qeyd edib,
Neftçala Sənaye Məhəlləsində sahibkarlar üçün yaradılmış əlverişli
imkanlardan məmnunluğunu ifadə edib və İran şirkətlərini bu
potensialdan yararlanmağa çağırıb.
Sonra Neftçala Sənaye Məhəlləsində avtomobil istehsalı zavodunun
tikintisinə dair Azərbaycanın "Azevrocar" MMC və İranın "İran
Khodro" şirkətləri arasında 6 müqavilə imzalanıb. Sənədləri
"Azevrocar" MMC şirkətinin rəhbəri Emin Axundov və "İran Khodro"
şirkətinin baş direktoru Haşim Yekke Zare imzalayıblar. Müqavilələr
distribyutor, lisenziya, avadanlıqların satışı, quraşdırılması və
istismara verilməsi, yarımfabrikatların təchizatı, mühəndislik
xidmətləri, tədris, mühəndis və texniki dəstək sahələrini əhatə
edir.