Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi
İdarəsi yay mövsümündə ayrı-ayrı regionlara səyahətə çıxan,
istirahət zonalarına dincəlməyə gedən insanların sayı artdığından
yollarda nəqliyyatın hərəkət intensivliyini yüksəlməsi ilə bağlı
sürücülərə yenidən müraciət edib.
İdarədən Trend-ə verilən məlumata görə, belə hərəkət zamanı
yollarda təhlükəsizliyin təmin olunması və baş verə biləcək yol
qəzalarının qarşısının vaxtında alınması məqsədilə Baş DYP İdarəsi
sürücülərə diqqət yetirilməli bir neçə halı təkrar xatırladır:
"Səfərə çıxmazdan əvvəl ilk növbədə avtomobilinizin texniki
vəziyyətinə bir daha nəzarət edin, soyuducu sistemi olmayan
nəqliyyat vasitələri ilə mümkün qədər günün nisbətən sərin
vaxtlarında yola çıxın. Hərəkət zamanı təhlükəsizlik kəmərlərini
təkcə sürücülər deyil, sərnişinlərin də bağlaması mütləqdir.
Kəmərlərin bağlanmaması təkcə məsuliyyət yaratmır, həm də qəfil
tormozlama və ya hər hansı toqquşma zamanı insan həyatı üçün
yaranan təhlükədən qoruyur".
Baş DYP İdarəsi bildirir ki, rayonlararası magistral yollarda
təhlükəsizliyin təmin olunması şərtlərindən biri də avtomobilin
texniki imkanlarından asılı olmayaraq sürət rejiminə ciddi əməl
etməkdir:
"Uzaq məsafəli səfər zamanı yuxusuz, yorğun, əzgin halda sükün
arxasına əyləşməyin. Yola çıxmazdan hətta ən azı bir gün əvvəl
alkaqollu içki qəbul etməyin. Belə halda siz yalnız özünüzü deyil,
sərnişinlərinizi və digər hərəkət iştirakçılarını da təhlükə
qarşısında qoya bilərsiniz. Mümkün qədər hər 3-4 saatlıq fasiləsiz
hərəkətdən sonra qısa müddətə də olsa avtomobilinizi saxlayıb
istirahət edin. Bunun üçün respublika əhəmiyyətli yollarda yerləşən
DYP-nin stasionar postlarında yaradılan şəraitdən istifadə edə
bilərsiniz.
Yolboyu ötmə, manevretmə hərəkətlərini edərkən tələsməyin. Bu
hərəkətlərə başlamazdan əvvəl qarşıdan gələn, eləcə də eyni
istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin hərəkət sürətini
düzgün hesablayın, arxayın olmadığınız, yanlış qərar verməyin.
Hörmətli sürücülər, unutmayın ki, əlinizdəki təkcə sükan deyil,
həm də özünüzün və sərnişinlərinizin həyatıdır".