Bu Azərbaycanın Dövlət Yol Polisi üçün hazırladığım yeni
xidməti avtomobilin dizaynıdır. Yeni layihəmi Daxili İşlər
Nazirliyinə təqdim edəcəm.
Bunu Milli.Az-a açıqlamasında AZERANT adlı ilk milli
avtomobilin seriya modellərinin dizayn müəllifi Ramil Nəcəfov
bildirib.
Onun sözlərinə görə, AZERANT-ın yeni xüsusi modelinin dizayn
layihəsi həmin avtomobillərin Yol Patrul Xidməti tərəfindən
istifadəsi üçün nəzərdə tutulub.
Müəllif deyir ki, o, layihəni müasir avtomobil texnologiyaları
mühəndisliyi və öz təcrübəsinə əsaslanaraq hazırlayıb: "Bu, digər
polis avtomobillərindən qeyri-adi dizaynı ilə seçilir və iti
dizayna malik sedan modeldir. Avtomobilin 2.2 litr həcmli, 200 at
gücü ilə turbinləşmiş atmosfer mühərriki ola bilər. Avtomobilin
şossedəki maksimal sürəti 275 km/saat, fırlanma anı 200 nm təşkil
edə bilər. Avtomobildə nömrəoxuma sistemi, müşahidə kameraları,
gecə görüntüsü üçün 30 metr uzaqlıqlı infraqırmızı işıqlandırma
sistemi və GPS modulu, daxili kompüter qurğusu quraşdırıla bilər.
Ümid edirəm ki, Azərbaycanın Neftçalada yeni təməli qoyulmuş
avtomobil zavodunda gələcəkdə milli avtomobil modelləri də istehsal
ediləcək".
Xatırladaq ki, Ramil Nəcəfov ilk milli avtomobil layihəsi olan
AZERANT-ın, həmçinin əlillər üçün nəzərdə tutulan "AZ 200" və hərbi
təyinatlı "AZERANT İSTİQLAL" (Azerant L 2.800), qadınlar üçün
"MİLLİ", "TIR M" yük avtomobillərinin, eləcə də "XƏZ-747"
bombardmançı-qırıcı təyyarə modellərinin dizayn layihələrinin
müəllifidir.
1992-ci ildə Şəki şəhərində anadan olan Ramil Nəcəfov Türkiyənin
Isparta şəhərində Süleyman Dəmirəl Universitetində dizayn ixtisası
üzrə IV kursda qiyabi təhsil alır. Hazırda Bakıda kirayə evdə
yaşayan Ramil Nəcəfov işsizdir. Onun hətta öz kompüteri də yoxdur.
Gənc dizayner avtomobil modellərini əvvəlcə kağız üzərində çəkir,
sonra isə orda-burda başqalarının kompüterində yığaraq hazırlayır.
Ona bir sıra dövlət və özəl müəssisələrdən müxtəlif vədlər verənlər
olsa da, hələlik heç nədə konkret dəstək olan yoxdur.