Rusiyanın son illərdə təqdim etdiyi yeni avtomobil layihələri daha çox imic xarakteri daşıyır və yaxın perspektivdə bu ölkənin avtomobil sənayesinin əvvəlki mövqeyini bərpa etməsi çətin görünür.
Bu sözləri Axar.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov Rusiyada yeni “Volqa” və “Lada” modellərinin təqdim olunması fonunda bu markaların yenidən populyarlaşması ehtimalından danışarkən deyib.
Ekspert bildirib ki, Rusiyanın minik avtomobili sənayesi tətbiq olunan iqtisadi sanksiyalardan sonra ciddi geriləmə ilə üzləşib:
“Rusiyanın minik avtomobili sənayesi demək olar ki, çöküb və onun yerini hazırda Çin istehsalı avtomobillər tutub. Rusiya əvvəllər avtomobil ixrac etdiyi ölkələrin bazarlarını da itirib. Həmin bazarlarda bu gün Çin avtomobilləri üstünlük təşkil edir. Bu səbəbdən son dövrlər təqdim olunan yeni avtomobil layihələrini daha çox imic layihələri hesab edirəm. Mövcud vəziyyətdə Rusiyanın avtomobil sənayesinin qısa müddətdə dirçələcəyini düşünmürəm”.
E.Cəfərovun sözlərinə görə, Rusiya avtomobil sənayesi artıq Çin istehsalçıları ilə rəqabət aparmaq imkanında deyil:
“Bu, həm keyfiyyət, həm də qiymət baxımından belədir. Çin istehsalçıları daha münasib qiymətə və daha müasir avtomobillər təklif edirlər. Vaxtilə Azərbaycanda və digər postsovet ölkələrində sovet və Rusiya istehsalı avtomobillər ucuzluğu, təmir xərclərinin aşağı olması və ehtiyat hissələrinin əlçatanlığı səbəbindən populyar idi. Hazırda isə həmin üstünlükləri Çin avtomobilləri təqdim edir. Ona görə də artıq əvvəlki dövr geridə qalıb”.
Qeyd edək ki, Rusiya yeni nəsil “Volqa” K50 modelini təqdim edib. Məlumata görə, avtomobil Çin istehsalı olan “Geely Monjaro" modeli bazasında yaradılıb.
“Volqa K50” 4,2 milyon rubla (90 min manat civarında) satışa çıxarılacaq. Müqayisə üçün, avtomobilin bazasında yaradıldığı “Geely Monjaro” modeli Çində 1,5 milyon rubla (32 min manat civarında) satılır.