Ötən həftə yol hərəkəti qaydalarının tələblərinə uyğun
olmayaraq, mühərrikinin səsboğucularına müdaxilə edilməsi
nəticəsində ətrafa yüksək səs-küy yayan xeyli bahalı avtomobil
Bakının Badamdar qəsəbəsində yerləşən cərimə meydançasına
aparılıb.
Axar.az modern.az-a istinadən xəbər verir ki, bu
avtomobillərin sahiblərinə qaytarılması üçün 600 manat tələb
olunduğu vurğulanır.
Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə
əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov
açıqlamasında faktı təsdiq edib.
Vaqif Əsədov bildirib ki, ötən həftə ərzində 47 belə avtomobil
yol hərəkətindən uzaqlaşdırılıb:
"Yol polisi zəruri tədbirləri görməklə təhlükəsizliyi tam təmin
edib, hər bir hərəkət iştirakçısının mənzil başına sağ-salamat
çatdırmağa çalışır. Hər bir polis əməkdaşı dislokasiya üzrə təhkim
edilmiş ərazidə xidmət aparır. Xidmət aparılan zaman yol hərəkəti
qaydalarını pozan sürücülər aşkar edilirsə, məsuliyyətə cəlb
olunurlar.
Təkcə ötən həftə ərzində mühərrikinin səsboğucusuna müdaxilə
edilən 47 avtomobil saxlanılıb və onlar yol hərəkətindən
uzaqlaşdırılıb. Həmin maşınlar müvəqqəti dayanacaqlarda
saxlanılır.
Həmin avtomobillərdə mühərrikin qazanına müdaxilə edilib və
səsboğucunu standarta uyğun olmayan səviyyəyə gətiriblər".
Polis polkovniki yol hərəkətinin düzgün təşkil olunması üçün
avtomobil sürücülərinə müraciət edib:
"İstehsal edilən hər bir nəqliyyat vasitəsi standarta uyğun,
zavodun müəyyən etdiyi tələblər üzrə olmalıdır. Müdaxilə edilir,
konstruksiya dəyişikliyi aparılırsa, əlavə avadanlıq qoyulursa, bu,
qanunvericilik üzrə məsuliyyətdir və 500 manatdan 800 manata qədər
cəriməsi var".
Vaqif Əsədovun sözlərinə görə, cərimə meydançasına aparılan
avtomobillər brend markalardandır:
"Ötən həftə saxlanılan avtomobillər arasında bütün növ brend
markalarından - "Gelandevagen", "Volksvagen", "Renc Rover",
"Lamborcini" və başqa bahalı avtomobillər var. Bildirim ki,
avtomobillərin saxlanılması markadan, dövlət nömrə nişanından asılı
deyil. Kimliyindən asılı olmayaraq, qanunvericiliyin tələblərini
pozan hər kəs tərəfimizdən saxlanılır və barəsində müvafiq tədbir
görülür".
V.Əsədov zavodda istehsal prosesində bu cür səsboğucu qoyulan
maşınların Azərbaycana gətirilməsinə də münasibət bildirib:
"Hər kəs öz səlahiyyəti çərçivəsində fəaliyyət göstərir. Mən
gömrük işçisi kimi vətəndaşa deyə bilmərəm ki, bu avtomobili gətir,
yaxud gətirmə. Gömrük funksional vəzifəsinə aid olanları qeyd edir.
O tələblərə uyğun fəaliyyət göstərir, onlar Avro-5 standartına
nəzarət edir. Mən deyə bilmərəm bu məsələlərə niyə nəzarət etmir,
niyə qadağa qoymur? Amma yol polisinin səlahiyyətindədir ki, bu cür
avtomobillərin istifadəsinin qarşısını alsın".