Azərbaycanda baş verən yol nəqliyyat hadisələrinin böyük
əksəriyyəti piyadaların vurulması ilə nəticələnir, ölüm və xəsarət
halları da ən çox piyadalar arasında qeydə alınır.
Bu ilin 9 ayı ərzində ölkə ərazisində baş verən yol-nəqliyyat
hadisələrinin 41%-ni (615) piyadaların vurulması təşkil edib,
nəticədə 228 piyada həlak olub, 495-i yaralanıb.
Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi
İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki
Kamran Əliyev məsələ ilə bağlı Trend-ə açıqlamasında bildirib ki, piyadaların
əksəriyyəti yolun hərəkət hissəsində vurulur.
Onun sözlərinə görə, az hallarda piyada nizamlanan və ya
nizamlanmayan piyada keçidində vurula bilər: "Əsasən nizamlanan
piyada keçidində piyadaların vurulması hadisəsi baş verir. Çünki
bəzən piyadalarımız yollarda zolaqların olmasını yəqin edir, ancaq
işıqfora diqqət yetirmirlər, nəqliyyat vasitələri üçün yaşıl işıq
yananda belə düşünürlər ki, burada piyada zolağı varsa, keçə
bilərəm. Bu hal bəzən qəzalara səbəb olur".
K.Əliyev bildirib ki, bu gün piyadaların yol hərəkəti
qaydalarını pozması kütləvi xarakter alıb: "Nə qədər polis
əməkdaşları cəlb edilsə də, yol hərəkətini pozan piyadalara qarşı
nə qədər protokollar tərtib edilsə də, hər gün piyadaların
vurulması ilə bağlı məlumatlar yayılsa da, çox əfsuslar olsun ki,
piyadalarımız bu hadisələri ciddi qəbul etmirlər. Elə fikirləşirlər
ki, mən yola çıxıramsa, avtomobil məni görüb istənilən halda yol
verəcək".
Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov isə hesab edir ki, burada
həm piyadaların, həm də sürücülərin günahı var: "Burada piyadaların
günahı arxa planda qalır. Çünki piyadanın təqsiri nəticəsində başqa
adamlara zərər dəymədiyinə görə hüquq-mühafizə orqanları onları
araşdırmır. Ancaq piyada zərərçəkən olsa da, əslində onun özünün də
günahı var".
Ekspertin sözlərinə görə, bir çox sürücülər yol hərəkət
qaydalarını yaxşı bilmir, avtomobili təhlükəsiz idarə etməyi
bacarmır: "Əgər sürücü özündən qabaqda olan nəqliyyat vasitəsinin
qarşı hissəsini tamamilə görmürsə, həmin nəqliyyat vasitəsini
keçməməlidir, çünki həmin nəqliyyat vasitəsinin qarşısında piyada
ola bilər və o gözlənilmədən arxada gələn maşının yoluna çıxa
bilər. Bax bu və ya digər təhlükəsizlik qaydalarına əməl etmək
lazımdır".