Yeni İnzibati Xətalar
Məcəlləsi sürücülər tərəfindən törədilən və elektron protokolla
rəsmiləşdirilən qayda pozuntularının dairəsini bir qədər dəyişib.
Yeni Məcəlləyə əsasən, elektron protokol (MMX protokol) sürücünün
törətdiyi aşağıdakı qayda pozuntuları ilə əlaqədar tərtib oluna
bilər.
Axar.az Avtosfer.az-a istinadən həmin xətaların tam siyahısını
təqdim edir:
327.1-ci maddədə nəzərdə tutulan qayda pozuntuları, yəni;
- yol nişanlarının və ya yolların hərəkət hissəsinə çəkilmiş
nişanlanma xətlərinin tələblərinə riayət edilməməsi;
- nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində
yerləşdirilməsi qaydalarının pozulması;
- araməsafəsinə dair qaydaların pozulması;
- yedəyə alma qaydalarının pozulması;
- yükdaşıma qaydalarının pozulması;
- sürmə təlimi keçmə qaydalarının pozulması;
- yaşayış zonasında hərəkət etmə qaydalarının pozulması;
- əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə qaydalarının
pozulması;
- əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə
qaydalarının pozulması;
- səkilərlə hərəkət edilməsi;
- "Yol hərəkəti haqqında" qanunla nəzərdə tutulmamış hallarda
yolun çiyni ilə hərəkət edilməsi;
- sürücü tərəfindən nəqliyyat vasitələrindən bayıra hər hansı
əşyanın atılması;
327.2-ci maddədə nəzərdə tutulan qayda pozuntuları, yəni:
- svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi
verilərkən hərəkətin davam etdirilməsi;
- 3.1 "Giriş qadağandır" yol nişanının tələblinin pozulması;
- sərnişindaşıma qaydalarının pozulması;
- əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarının
pozulması;
- əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə
qaydalarının pozulması;
- yolayrıcını keçmə qaydalarının pozulması;
- ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar
daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma
məntəqəsinə daxil olması;
- 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə
riayət etməyərək sola və ya geriyə dönmə, yaxud maneəni kənardan
keçmə.
327.3-cü maddədə nəzərdə tutulan qayda pozuntuları, yəni:
- dəmiryol keçidlərindən keçmə qaydalarının pozulması;
- müvafiq icra hakimiyyəti orqanı əməkdaşının (polisin)
nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsi.
327.4-cü maddədə nəzərdə tutulan qayda pozuntuları, yəni:
- birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət
istiqamətinin əksinə hərəkət etmə;
- 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini
pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat
axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks
istiqamətdə hərəkət etmə.
327.5-ci maddədə nəzərdə tutulan qayda pozuntuları, yəni:
- avtomagistrallarda və 5.3 nişanı ilə işarə olunmuş yollarda
texniki sürəti 50 km/saatdan az olan nəqliyyat vasitələrinin
hərəkət etməsi;
- avtomagistrallarda və 5.3 nişanı ilə işarə olunmuş yollarda
icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük
avtomobillərinin ikinci zolaqdan sonrakına keçməsi;
- avtomagistrallarda və 5.3 nişanı ilə işarə olunmuş yollarda
geriyə dönmə;
- avtomagistrallarda və 5.3 nişanı ilə işarə olunmuş yollarda
geriyə hərəkət etmə;
- avtomagistrallarda və 5.3 nişanı ilə işarə olunmuş yollarda
sürmə təlimi keçmə.
328-ci maddədə nəzərdə tutulan qayda pozuntuları, yəni yolda
müəyyən edilmiş hərəkət sürəti həddini:
- 10-20 km/saat həddində aşma;
- 21-40 km/saat həddində aşma;
- 41-60 km/saat həddində aşma;
- 61 km/saat və daha artıq aşma.
329.1-ci maddədə nəzərdə tutulan qayda pozuntusu, yəni
- təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə
etmə.
329.2-ci maddədə nəzərdə tutulan qayda pozuntuları, yəni:
- motodəbilqə taxmadan və ya onu düymələmədən motosikleti idarə
etmə;
- motodəbilqəsi olmayan və ya onu düymələməyən sərnişinləri
motosikletdə daşıma.
330-cu maddədə nəzərdə tutulan qayda pozuntuları, yəni sürücü
tərəfindən:
- nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol
verilməməsi;
- yolayrıcında sürücü sağa və ya sola dönərkən dönəcəyi yolun
hərəkət hissəsini keçməkdə olan piyadaya yol verilməməsi.
346.3-cü maddədə nəzərdə tutulan qayda pozuntusı, yəni;
- ümumi istifadədə olan nəqliyyat vasitəsini sərnişinləri
mindirmək və ya düşürtmək üçün bu məqsədlə xüsusi olaraq müəyyən
edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə
işarələnmiş dayanacaq yerlərindən kənarda dayandırma.
469.3-cü maddədə nəzərdə tutulan xəta, yəni;
"İcbari sığortalar haqqında" qanunla mülki məsuliyyəti icbari
qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat
vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta
müqaviləsinin bağlanmaması.
Sadalanan qayda pozuntuları istər stasionar nəzarət kameraları
("Təhlükəsiz şəhər" kameraları), istərsə də "İ-Patrul" sistemi ilə
təchiz edilmiş DYP avtomobillərinin kameraları vasitəsilə qeydə
alına bilər. Onlar qeydə alındıqdan sonra Baş DYP İdarəsinin
Mərkəzi İnformasiya Sistemində avtomatik olaraq elektron
protokollar tərtib olunur.