Hamilton, Rosberq, Alonso və
digər pilotlar bu il 17-19 iyun tarixlərində Bakıda keçiriləcək
Formula-1 Avropa Qran Prisinə tam hazırdırlar.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Trend-ə verilən məlumatda
bildirilir ki, dünyanın ən məşhur Formula 1 pilotları ən yeni şəhər
treki olan Bakı Şəhər Halqasında keçiriləcək 2016-cı il Formula-1
Avropa Qran Prisində iştirak etmək üçün bu yay ilk dəfə olaraq
Bakıya səfər etməyi səbirsizliklə gözlədiklərini ifadə ediblər.
Azərbaycanda ilk dəfə baş tutacaq Formula-1 yarışında iştirak
edəcək üçqat dünya çempionu Luis Hamilton, onun komanda yoldaşı və
hazırda davam edən Formula 1 Dünya Çempionatının lideri Niko
Rosberq (Mercedes AMG Petronas), Daniel Rikkardo (Red Bull Racing),
Valteri Bottas (Williams Martini Racing), Niko Hulkenberq (Sahara
Force India), o cümlədən, ikiqat dünya çempionu və Avropa Qran
Prisinin rəsmi elçisi Fernando Alonso (McLaren Honda) Formula-1
təqvimindəki ən yeni şəhər treki barədə fikirlərini Bakı Şəhər
Halqası Əməliyyat Şirkəti (BŞH) ilə bölüşərək, qarşıdan gələn və
şəhər trekləri arasında ən sürətlisi olacağı gözlənilən yarışda
güclərini sınamaqdan məmnun olduqlarını bildiriblər:
Luis Hamilton: "Mən Bakıya gəlməyi səbirsizliklə gözləyirəm.
İştirak edəcəyim bu yarışa ev sahibliyi edəcəyiniz üçün təşəkkürümü
bildirirəm. Bacardığım qədər çox insanla görüşməyə çalışacağam. Bu
yarışı həvəslə gözləyirəm".
Niko Rosberq: "Avropa Qran Prisinin keçirilməsi çox təqdirəlayiq
haldır və ümid edirəm ki, çoxlu sayda avropalı azarkeş bu yarışı
izləməyə gələcək. Əminəm ki, əhval-ruhiyyə çox yüksək olacaq".
Daniel Rikkardo: "Bu yarış (Avropa Qran Prisi) yeni bir
macəradır. Bu yarış mövsümə yeni əhval-ruhiyyə gətirəcək. Ən əsası,
bu, şəhər treki olacaq. Mən şəhər treklərini xoşlayıram".
Valtteri Bottas: "Mən Bakıda yarışmağı həvəslə gözləyirəm.
Əslində, mən heç vaxt orada olmamışam. Odur ki, Bakı mənim üçün həm
səyahət edəcəyim yeni bir məkan, həm də yarışacağım yeni trek
olacaq. Mən həqiqətən də bu yarışı böyük səbirsizliklə
gözləyirəm".
Niko Hulkenberq: "Mən yarışların şəhər treklərində keçirilməsini
alqışlayıram. İndi hamı Bakı Şəhər Halqasının qədim şəhərdən keçən
hissəsi barədə danışır. İçəri Şəhərdən keçən o yol getdikcə
daralır. Məncə bu, kifayət qədər maraqlıdır".
Fernando Alonso: "Bu trek həddindən artıq sürət yığmağa imkan
verən bir trekdir. Fikrimcə, Bakıdakı yarışda biz ən yüksək sürətə,
340 km/saata çata bilərik. Şəhər trekində belə sürət əldə etmək
əvəzolunmaz bir hissdir".
BŞH-nın icraçı direktoru Arif Rəhimov pilotların iyunda baş
tutacaq Bakı Şəhər Halqası barədə fikirlərini belə şərh edib:
"Ölkəmizdə ilk dəfə keçiriləcək Formula-1 yarışı haqqında
dünyanın ən məşhur pilotlarının müsbət rəylərini və xoş arzularını
eşitmək mənim üçün çox qürurvericidir. Eyni zamanda bu, mənə və
komandamızın digər üzvlərinə ölkəmizdə baş tutacaq möhtəşəm idman
yarışının həcminin, miqyasının və əhəmiyyətinin nə dərəcədə böyük
olduğunu bir daha xatırladır. Pilotlara gəldikdə isə biz onlara bir
daha öz təşəkkürümüzü bildiririk, onları Bakıya gəlməyə və mövsümün
ən yaxşı Formula-1 yarış həftəsonuna hazır olmağa səsləyirik".
Kris Braun, Enrike İqlesias və Farel Vilyams 2016-cı il
Formula-1 Avropa Qran Prisi çərçivəsində təşkil ediləcək
konsertlərin əsas ifaçıları olacaqlar.
Dünya musiqisinin ən məşhur ulduzlarından üçü - Kris Braun,
Enrike İqlesias və Farel Vilyams, Avropa Qran Prisi ərəfəsində
təşkil olunacaq musiqili tədbirlərin əsas ifaçıları olacaqlar.
İyunun 17-i, cümə günü axşam saatlarından başlayaraq bu üç dünyaca
məşhur ifaçı Dənizkənarı Parkda yerləşən Formula-1 Şəhərciyində
xüsusi olaraq qurulacaq əsas səhnədə müvafiq ardıcıllıqla axşam
saatlarında çıxış edəcək.
Belə ki, cümə günü axşam Kris Braun özünün yüksək enerjili
məşhur şousu ilə əyləncə proqramına start verəcək. Şənbə axşamı
dünyanın ən məşhur canlı musiqi ifaçısı adını qazanmış Enrike
İqlesias coşğulu konsert proqramı ilə səhnədə yer alacaq. Və
nəhayət, bazar axşamı yaddaqalan yarış həftəsonu başa çatarkən
Farel Vilyams əsas səhnədə yer alaraq öz məşhur musiqi proqramı ilə
2016-ci il Formula-1 Avropa Qran Prisinə yekun vuracaq.
Qeyd edək ki, sadəcə cümə gününə bileti alanlar ancaq Kris
Braunun konsertində, üç günlük bilet sahibləri isə bütün
konsertlərdə iştirak edə biləcəklər. Bununla yanaşı üç günlük bilet
sahibləri eksklüziv olaraq Pit Yoluna, pilotların gündəlik avtoqraf
sessiyalarına və yarış həftəsonu ərzində Bakının füsunkar
dənizkənarı bulvarı boyunca salınmış əyləncə zonasında keçiriləcək
müxtəlif əyləncəli tədbirlərə qatıla biləcəklər.