Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və Səbail rayon
Dövlət Yol Polisi Şöbəsi bir qrup jurnalistin iştirakı ilə
dayanma-durma və parklanma qaydalarının pozulmasına qarşı reyd
keçirib.
Reyd Səbail rayonu, Neftçi Qurban, 20-ci sahə, Bayıl dairəsi və
digər ərazilərdə baş tutub. Avtosfer.az-ın məlumatına görə, vətəndaşların
müraciətləri nəzərə alınaraq reyd 20-ci sahə dairəsindən
başlanılıb. Burada taksilər və şəxsi avtomobillər avtobus
dayanacaqlarını zəbt etdiyi üçün avtobuslar yolun hərəkət
hissəsində dayanmalı olur. Buna görə də sərnişinlərin həyatına
təhlükə yaranır və yolda daim sıxlıq müşahidə olunur.
Yol polisi əməkdaşları əraziyə gələn kimi dayanacağı zəbt edən
taksi sürücüləri dərhal oradan uzaqlaşıblar.
Onlardan bir neçəsinə protokol yazılıb. Sonra məlum olub ki,
"Ford" markalı avtomobili avtobus dayanacağında saxlayan vətəndaş
burada süd və süd məhsullarının satışı ilə məşğul olur. Bunun
nəticəsində ətrafa pis qoxu yayılıb. Yol polisi əməkdaşları həmin
avtomobili evakuasiya edərək cərimə meydançasına aparıblar.
Cəmi yarım saat sonra dayanacaqda vəziyyət normallaşdı və
avtobuslar dayanacağa rahat daxil ola biliblər.
Lakin az sonra taksi sürücüləri yol polislərinə yaxınlaşıb
etirazlarını bildirib. Onların sözlərinə görə, burada bir cərgədə
dayanıb müştəri gözləyirlər və heç kimə mane olmurlar:
"Amma şəxsi maşınlarla gəlib dayanacaqda dayananlar da olur ki, biz də
onlara görə əziyyət çəkirik. Bəzən olur ki, 100 minlik maşınla
burada ikinci cərgədə dayanıb, Sahil və Lökbatan qəsəbələrinə
adambaşına 1 manatdan müştəri yığanlar olur. Belələrinə görə bizə
söz gəlir. Dəfələrlə başqalarına irad tuturuq, amma dava düşür.
Hətta yola görə əlbəyaxa davaya da çıxanlar olub".
Bakı şəhər DYPİ-nin bölmə rəisi Vaqif Əsədov burada sürücülər və
sərnişinlərlə söhbət apardı, onları yol polisinə dəstək olmağa, bu
cür qayda pozub dayanacaqları zəbt edənlərə qarşı birgə mübarizə
aparmağa çağırıb. Dayanacaqda avtobuslara nəzarət edənlər də etiraf
edib ki, taksilər onların işinə əngəl törədir, buna görə də, burada
yolda tıxac və qəzalar baş verir.
Burada səliqə-səhman yaradılandan sonra yol polisi Bayıl
dairəsində reyd keçirib. Lakin burada əvvəlcədən kimsə xəbər
verdiyi üçün taksi sürücüləri qaçıb gizlənmişdi. Yalnız iki
avtomobilə protokol yazan yol polisləri daha sonra yolun əks
tərəfində park edilmiş nömrəsiz "Mersedes"i cərimə meydançasına
apariblar.
Bayıldakı 5 nömrəli doğum evinin qarşısında dayanma-durma
qadağan edilsə də, bu ərazidə yolun sol tərəfindən park edilən
onlarla avtomobilin sürücüsünə də cərimə yazılıb. Onların arasında
xanım sürücü də var idi ki, o öz avtomobili ilə yolayrıcını
bağlamışdı və hərəkətə mane olurdu. Lakin söhbət zamanı məlum olub
ki, şirkət əməkdaşı olan xanım sürücünün bu cür qayda
pozuntularından məlumatı yoxdur.
Doğum evinin qarşısındakı reyd zamanı məlum olub ki, burada yol
polisinin jiletinə oxşar geyimlərdən istifadə edən iki nəfər
qanunsuz park yeri yaradıb. Səbail rayon Dövlət Yol Polisi
Şöbəsinin rəisi, polis mayoru Cəmşid Şənifəyev həmin şəxslərlə
söhbət edərkən məlum olub ki, bələdiyyə onlardan birinə parkinq
fəaliyyəti ilə bağlı sənəd verib. Lakin bu sənəddə yalnız yolun
sağında 10 avtomobilin park edilməsinə icazə verildiyi əksini tapsa
da, bu şəxslər yolun solunda da maşın saxladıb 1 manatdan yerpulu
yığırlar.
Reydin sonunda DYPŞ rəisi Cəmşid Hənifəyev bildirib ki,
ümumilikdə 100-dən çox sürücüyə inzibati protokol yazılıb. Onlardan
42 nəfəri avtobus dayanacaqlarında taksi fəaliyyəti
göstərənlərdir.
Bundan əlavə, 12 avtomobil evakuasiya edilərək cərimə
meydançasına aparılıb. C.Hənifəyev bildirdi ki, bu cür tədbirlər
davamlı olacaq.