Azərbaycanda ikinci əl avtomobil bazarında qiymətlər
yenidən aşağı düşüb.
Avtomobil satıcılarının sözlərinə görə, may ayından etibarən
satışlardakı nisbi canlanma dayanıb. Belə ki, ötən həftədən
etibarən bütün banklar avtomobil kreditlərini tamamilə
dayandırıblar. Banklar manatla verilən kreditlərinin dollara
çevrilərək saxlanılmasından ehtiyat edirlər. Bu vəziyyət isə
avtomobil bazarında satışların yenidən azalmasına gətirib
çıxarıb.
Yalnız 3000 manata kimi maşınları nəğd alırlar
Bu barədə Badamdar avtomobil bazarından satıcı Aley Şamilov
fins.az-a bildirib ki,
avtomobil kreditlərinin dayanması ilə barterlə satış azalıb.
Məsələn, ötən ay bazarda 30-40 avtomobil satılıbsa, hazırda bu
rəqəm 20-30 arasındadır. Nəğd şəkildə yalnız qiyməti 3000 manata
kimi olan avtomobillər satılır. Nəticədə ikinci əl bazarda
avtomobillərin qiyməti yenidən ucuzlaşıb.
Köhnə "Opel"lər 200-300 manat ucuzlaşdı
A.Şamilov bildirib ki, hazırda nəğd satılan köhnə Almaniya
avtomobilləri də ucuzlaşıb. Köhnə "Opel"lər 200-300 manat aşağı
qiymətə təklif edilir. Məsələn, 1998-ci il model 1.6l mühərrikli
"Opel Astra" aprel ayında 2500 manata satılırdısa, indi 2200 manata
təklif edilir.
"Mersedes"lər 1500-2000 manat aşağı qiymətə satılır"
Köhnə "Mersedes"lərdə qiymət fərqi 1500-2000 manatdır. Məsələn, 1.8
l mühərrikli 1999-cu il model "Mersedes C Class" 7000-6500 manatdan
5300-4700 manata kimi ucuzlaşıb. Əvvəl 8500-8000 manata satılan
"Mersedes E240" modellərinin son qiyməti 7 000-6500 manatdır.
2001-2003-cü il model "Mersedes C200"lər də ucuzlaşıb. Belə ki,
bu maşınları 1000 manat aşağı qiymətlə 5500 manata almaq olar.
65 minlik "Land Cruiser"i 33 min dollara satdılar
Satıcının sözlərinə görə, istehsal tarixi 2008-ci ildən yuxarı
olan avtomobillər hazırda yalnız barterlə satılır. Aley Şamilovun
sözlərinə görə, son dövrdə yalnız bir bahalı modelin nəğd satışı
ilə rastlaşıb. Onu isə yalnız xarici şirkətin işçisi alıb.
Avtomobil 2 dəfə ucuz satılıb. Belə ki, 2012-ci ilin 4.7 l
mühərrikli "Land Cruiser" avtomobilini müştəri 33 min dollara alıb.
Halbuki avtomobilin real bazar dəyəri 60-65 min dollardır.
Barterlə satılan maşınlar 3-5 manat
ucuzlaşıb
Bununla yanaşı, barterlə satılan avtomobillərin də qiymətlərində
enmə müşahidə edilir:
"Məsələn, son barterdə 2008-ci il model 2.4 l mühərrikli "Hunday
Sonata"nı üstündə 7 min manatla 2.7 l mühərrikli "Toyota Prado" ilə
dəyişdilər. Yəni, bu barterdə "Prado"nun qiyməti 15 min manat
hesablandı. Bir ay əvvəl isə eyni maşın 19 -20 min manata
satılırdı".
Ucuzlaşmanı "Hunday Sonata" avtomobilinə də aid etmək olar.
Məsələn, apreldə 11-12 min manata satılan avtomobilin qiyməti
barterdə 8 min manat dəyərləndirilib.