Ana səhifə Bakı 2015 |
Bu gün I Avropa Oyunları Əməliyyat Komitəsində Bakı-2015
ilə bağlı xarici KİV jurnalistlərin müraciəti əsasında "dəyirmi
masa" keçirilib.
Azərtac-ın verdiyi
məlumata görə, "dəyirmi masa"da Azərbaycan Respublikası
Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov,
gənclər və idman naziri, "Bakı-2015" Əməliyyat Komitəsinin baş
icraçı direktoru Azad Rəhimov xarici jurnalistləri maraqlandıran
bir sıra sualları cavablandırıblar.
Xarici KİV-lərin nümayəndələrini ölkəmizdə salamlayan Ə. Həsənov
bunları deyib: "Siz hər biriniz Azərbaycana müəyyən missiya ilə
gəlmisiniz. Missiyanızın təməlində Bakıda gördüklərinizi,
eşitdiklərinizi, müşahidə etdiklərinizi, Avropa Oyunlarının ən
maraqlı məqamlarını təmsil etdiyiniz ölkənin, dünyanın
ictimaiyyətinə çatdırmaqdır. Bu müddətdə siz qarşınıza qoyulmuş
tapşırıqları yerinə yetirməklə bərabər, Azərbaycanı özünüz üçün
kəşf etdiniz. Ümid edirəm ki, öz ölkənizə qəlbinizdə Azərbaycan
sevgisi ilə qayıdacaqsınız. Əminəm ki, siz təmsil etdiyiniz
ölkələrin xalqları ilə Azərbaycan xalqını birləşdirə, bir-birinə
bağlaya biləcək müsbət amilləri də ətraflı
işıqlandıracaqsınız".
Azərbaycanda kifayət qədər müasir idman infrastrukturunun
yaradıldığını deyən prezidentin köməkçisi bildirib ki, bu idman
infrastrukturları Azərbaycana, Bakıya dünyanın ən mühüm idman
tədbirlərinin, o cümlədən Olimpiya Oyunlarının ölkəmizdə
keçirilməsinə imkan yaradır: "Ona görə də bu məsələdə Azərbaycanın
iddiası heç də digər böyük dövlətlərin iddiasından az deyil.
Dövlətin gücü, qüdrəti heç də onun ərazisi və ya əhalisinin sayı
ilə ölçülmür. Dövlətin gücü onun iqtisadi-sosial potensialı, milli
iradəsi ilə müəyyənləşir. Azərbaycan idman ölkəsidir, tolerantdır.
Azərbaycan vətəndaş cəmiyyəti normalarını bərqərar etmiş bir
ölkədir. Bütün bunlar gələcəkdə Azərbaycana dünyanın ən mühüm,
qlobal idman tədbirlərinə ev sahibliyi etmək imkanı verir".
Ə. Həsənov bildirib ki, Azərbaycan dövləti tərəfindən düzgün
seçilmiş strategiya nəticəsində ölkəmizdə iqtisadiyyatın
şaxələndirilməsi uğurla yerinə yetirilib. "Azərbaycan ilk neft
gəlirlərindən istifadə strategiyasını müəyyən edərkən ölkənin
neftdən asılılığının qısa müddətdə azaldılmasının təmin olunması
qarşıya əsas vəzifə kimi qoyulub. Daxili iqtisadiyyatı
şaxələndirməklə, Azərbaycanın dinamik və davamlı inkişafını təmin
etmək yolu seçilib. Bu vəzifəni yerinə yetirmək məqsədilə 2004-cü
ildən başlayaraq Azərbaycanın sosial-iqtisadi inkişafı ilə bağlı üç
dövlət proqramı qəbul olunub. Birinci proqramın icrasının sonunda
artıq məlum oldu ki, Azərbaycanın istehsal etdiyi ümumi daxili
məhsulun 65 faizi qeyri-neft sektorunun hesabına formalaşır. Bu, o
deməkdir ki, Azərbaycanın büdcə gəlirlərinin də, digər sosial
xərclərinin də əsas yükü artıq neft və neft məhsullarının üzərindən
götürülüb. Gələcəkdə bu yük daha da azalacaq",- deyə Ə. Həsənov
vurğulayıb.
A. Rəhimov isə ölkəmizə və birinci Avropa Oyunlarına göstərdikləri
diqqətə görə xarici kütləvi informasiya vasitələrinin
nümayəndələrinə minnətdarlığını bildirib. O qeyd edib ki, Oyunlarla
bağlı müxtəlif suallar daxil olur və buna görə də bir sıra
tədbirlər keçirilir. Azərbaycan prezidenti İlham Əliyevin və
"Bakı-2015" birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri
Mehriban Əliyevanın fəaliyyəti sayəsində bu mötəbər idman
tədbirinin yüksək səviyyədə keçdiyini diqqətə çatdıran nazir
vurğulayıb ki, bunu ölkəmizə gələn nümayəndə heyətləri də dəfələrlə
bəyan ediblər. Bu isə onu göstərir ki, ölkəmiz üzərinə düşən işin
öhdəsindən layiqincə gəlib.
Birinci Avropa Oyunlarında idmançılarımızın qazandıqları medalların
sayının gözləniləndən də artıq olduğunu söyləyən A. Rəhimov medal
sayına görə Azərbaycan komandasının ikinci yerdə qərarlaşmasının
sevindirici hal olduğunu vurğulayıb. Bu Oyunlar zamanı Azərbaycanda
həm də könüllülük məktəbinin yarandığını bildirən nazir deyib ki,
on yeddi min könüllünün gördüyü iş Oyunlara dəstək baxımından böyük
töhfə olub. Həmçinin Oyunlar zamanı azarkeşlik mədəniyyətimiz
nümayiş etdirilib.
Nazir diqqətə çatdırıb ki, Oyunlar üçün inşa edilən arenalar
gələcəkdə ölkəmizdə idmanın inkişafına xidmət edəcək. Ümumilikdə,
Avropa Oyunları üçün inşa edilən və yenidən qurulan idman
obyektləri beynəlxalq idman qurumları tərəfindən bəyənilib,
ölkəmizdə bir sıra dünya və Avropa əhəmiyyətli yarışların
keçirilməsi ilə bağlı təkliflər irəli sürülüb. A.Rəhimov Bakı ilə
yanaşı, Azərbaycanın regionlarında da müasir idman
infrastrukturunun yaradıldığını bildirib.
Tədbirdə birinci Avropa Oyunlarının gündəliyinə əlavə edilən idman
növləri və jurnalistləri maraqlandıran digər suallara aydınlıq
gətirilib.
Tarix
2015.06.27 / 17:30
|
Müəllif
Axar.az
|