Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
16 İyul 2019


Satanist Daryanın fövqəlgücü: nələr bilirdi?

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

İblislə söhbət

“Mən Allahı işgəncə və təcavüz dolu köməksiz illərimdə uzun müddət səslədim; o mənə yardım etmədi..."

Moskva ərazisinə yazın gəlişi heç cürə təsir etməmişdi. Axşamlar yağan sulu qar gecə yarısından sonra xırda, bəyaz, parıltılı və soyuq muncuqlara çevrilirdi. Şənbə və bazar günləri universitetlərdə dərs keçirilmədiyindən, bu nəhəng meqapolis ürəyimi sıxır, sanki qəribçiliyi ilə bədənimi Moskvanın mənfi on dərəcə şaxtasından betər üşüdürdü.

Deyəsən, yataqxanada artıq bir neçə müddət mənimlə bir otaqda qalan Darya da bu narahatlığımı sezmişdi. Odur ki, axşam- axşam dolaşmağı təklif etdi. Əslində, Daryanı əvvələr heç bəyənmirdim. Üç il bir otaqda bərabər “qonşuluq etdiyim” Diana Brılyakova Moskvaətrafında yaşayan öz sevgilisinin yanına köçəndə ürəyimə bir vəlvələ düşdü. Tanımadığım insanın otağıma yerləşdiriləcəyini və çox güman ki, Diana qədər mənə həssas və əziz olmayacağını gözəl anlayırdım. Komendantın məni yanına çağırmağı ilə bütün məsələ aydın oldu: mənim otağıma qaradinməz, heç kimlə ünsiyyət etməyən, gənc qız olmasına baxmayaraq, daim kişi geyimində gəzən Darya Volkovanı keçirirdilər. Mən “yataqxana kraliçası” komendant xanıma öz narazılığımı bildirdim, “Nadejda İvanovna, mən o qaradinməz ilə bir otaqda qalmaq istəmirəm” dedim. Nadejda İvanovna öz yaşıl gözləri ilə məni başdan ayağa süzdü, sonra süni uzun dırnaqları ilə masanın üzərində sanki piano ifa edirmiş kimi taqqıldatmağa başladı. Psixoloqiyada bu hal həmsöhbətin əsəblərinə hakim olması üçün işlədilən “jestikulyasiya” adlandırılır. Səbirsizliklə onun qərarını gözləyirdim ki, bir neçə dəqiqə sükutdan sonra Nadejda İvanovan dilləndi:

- Deməli belə, Daşa keçir sənin otağına, çünki başqa boş yer yoxdur. Məlumatın olsun ki, onun əvvəlki qaldığı otağa Pakistandan gələn iki qız tələbə yerləşdirilib. Əgər Daryadan hər hansı narazılığın yaranarsa, söz verirəm ki, elə ilk müraciətində Daşanı rədd edəcəm! Amma güman edirəm ki, sən onunla ümumi dil taparsan.

Mənim etiraz etmək istəyimi görüncə isə Nadejda İvanovna, “Heç bir fikir bildirməyini istəmirəm, sadəcə bütün məsələləri zamana buraxaq” - dedi.

Beşinci mərtəbəyə necə qalxdığımı xatırlamırdım. Əsəblərim tamamilə oyaq idi. Hirslə otağımın qapısını açıb, içəriyə daxil oldum. Çarpayıda əyləşərək, xeyli düşünməyə başladım. Bu iri meqapolisin hər cür cərəyanı, xüsusilə də gənclərdən ibarət müxtəlif təriqətlərə, dinlərə bölünmüş ünsürləri vardı. Kim bilir qeyri-adi görünüşdə olan Daşa onlardan hansının nümayəndəsi idi!

Bu fikirlərlə necə yuxuya daldığımı hiss etmədim, ayılanda isə otağımın təzə sakininin məni oyatmamaq üçün ayaq barmaqlarının ucunda gəzdiyini hiss etdim. Oyandığımı sezərək geriyə çevirildi, sadəcə olaraq, “salam” dedi.

Daşa Moskva Tibb Universitetinin Psixologiya fakültəsində oxuyurdu, axşamlar isə universitetə yaxın özəl poliklinikaların birində tibb bacısının köməkçisi kimi çalışırdı. Onunla əvvəllər salam-kəlamım olmasa da, hər dəfə bu qeyri-adi oğlan cildində qıza maraqla baxır, “görəsən niyə əksər qızlar kimi deyil?” deyə düşünürdüm. İndi isə təsadüfə bax ki, maraqla uzaqdan izlədiyim insan düz çarpayımın yanında mənimlə bir otaqda yaşayır. Öz-özümə doğma diyarımızın “ilan-yarpız məsələsini” xatırladım. Yəqin, özüm də fərqinə varmadan, şüuraltı suallarımla bu qızı daxili dünyama cəlb etmişəm deyə düşündüm...

Könülsüz olaraq Daşaya “salam” dedim. Sonra əl-üzümü yuyub, axşam yeməyi üçün hazırlıqlara başladım. Daşa universitetdən yenicə gəlmişdi, tələm-tələsik paltarlarını dolaba yerləşdirib, işə yollandı.

Bu minvalla iki həftə səssiz ötüşdü, Daşa ilə aramızda “salam- sağol”dan başqa hər hansı bir söhbət olmurdu desəm, bəlkə də təəccüblü olar.

İkinci həftənin son iş günü isə həyatımda unudulmayacaq günə çeviriləcək və tərzini, qəribə görünüşünü bəyənmədiyim Daşa günün qəhrəmanı olacaqdı... Yəqin, bir çoxlarının rus xalqının ənənəvi göbələk kürüsü kimi xüsusi hazırladıqları turşu və şorabalarından xəbəri var. Adətən bütün yeməklərində istifadə olunan şüşə qablarda duzlaşdırılmış bu nəfis qidanı sevməyən rus ola bilsin ki, yoxdur. Moskvada olduğum müddətdə ilk dəfə dadına baxdıqda heyrətimi gizlədə bilmədiyim turşu, sən demə, sonralar həyatıma son qoya biləcək zəhər olacaqmış!

Miskin tələbə həyatından heç kəs bixəbər deyil. Səhər saat doqquzdan axşam yeddiyə kimi mühazirələrdə, kitabxanalarda zaman keçirən ac tələbənin yataqxanaya döndükdə ilk işi soyuducuda eşələnməkdən ibarət olur.

Beşinci gün idi. Tələbələrin çoxu universitetdən yataqxanaya deyil, iki-üç gün rahat dincəlmək üçün evlərinə getmişdi. Mən isə yeni dərs həftəsinə qədər az olmayan bu müddətin cansıxıcılığını ya kitablarla, ya da kompüterim vasitəsi ilə maraqlı film izləməklə keçirirdim.

Adəti üzrə yataqxanaya dönər-dönməz, soyuducuda eşələnməyə başladım. İlk əlimə düşən də elə bir həftədən çox qapağı açılmış yarımcıq göbələk turşusu oldu ki, onu soyuducudan çıxarıb çörəklə yeməyə başladım. Zəhərləndiyimi dərhal hiss etmədim. Beş dəqiqə sonra başımda dözülməz ağrılar yarandı, gözlərim qaralmağa, dizlərim tutulmağa başladı. Beynimin az da olsa düşünən küncündə reflektor olaraq yataqxanada bu boş günlərdə adətən heç kimin olmadığını anlasam da, yeganə ümidim komendantın otağına yaxın qalan növbətçi qadın - Vaxtşanın yanına getmək istəyim oldu. Otağımın çıxış qapısına bir-iki addım atmışdım ki, artıq hədsiz dərəcədə qüvvədən düşmüş ayaqlarım sözümə baxmadı; qapının tutacağından yapışsam da, o mənim yardımçım olmadı və yerə sərildim.

Neçə saat bu vəziyyətdə qaldığımı xatırlamırdım. Gözlərimi açmaq istəyəndə isə qəribə mahnıya bənzər uğultu hiss etdim. Yarımqaranlıq otaqlarda nəhəng-nəhəng ilanlar-əqrəblər üzərimə yeriyirdi; hər birinin son dərəcə təhlükəli olduğunu şüuraltı hiss edərək, küncə qısılmaq istəyim isə daşa dönmüş əzalarımın gücündə deyildi. İri həşəratlardan və zəhərli varlıqlardan məni şamlar ayırırdı; dairəvi olaraq ətrafıma bir-birinin ardınca uzun-uzun qırmızı alov dilli, otağı işıqlandıran şamlar düzülmüşdü. Başımın üstündə Daryanı gördüm. O özünə bənzəmirdi. Nərilti, hardasa uğultu və nalə ilə qəribə dildə sanki mahnı oxuyur, əllərini çarpaz sinəsinə dirəyir, sonra isə mənə tərəf tuşlayırdı. Bu minval ilə qız sanki kimdənsə mənim üçün imdad diləyir, həyata qayıtmağım üçün kömək istəyirdi.

Yalnız sonralar Daşanın mənə etdiyi etiraflarından öyrənəcəkdim ki, universitetdən işə hazırlaşmaq fikri ilə yataxanaya dönən Daşa məni yerdə halsız halda aşkarlayır və əlindən gələn bütün ilk tibbi tədbirlərin təsirsiz olduğunu gördükdə, parapsixologiyada insan aurası üçün ən ağır sayılan “ritual” adlandırılan sekta ayinini üzərimdə gerçəkləşdirmək məcburiyyətində qalır. Sən demə, yarımqaranlıq otaqda gözümə dəyən kölgələr, həşəratlar, əqrəb və ilan kölgələri də məhz qaranlıq aləmin nümayəndələri cildində olan ünsürlər idilər ki, müqəddəs şam işıqları məni onlardan ayin qanununa görə təmizləyir, yenidən həyata qaytarırmış. Beləliklə, qaradinməz, qəribə görkəmli Daşa mənim xilaskarıma çevirildi. Onunla sözün əsl mənasında dostlaşdıq. Məlum oldu ki, Darya sinəsində qara beş ulduz - “Pentaqon” gəzdirir və birbaşa şər qüvvələrin şahı sayılan İblisin özünə- Lütsiferə qulluq edirmiş. Çox maraqlıdır ki, şər qüvvələrin təmsilçisi və nümayəndəsi olan bu qızcığaz olduqca savadlı və eyni zamanda, məntiqə əsaslanan ədalətli bir şəxs idi.

Daryadan niyə məhz satanistlərdən ibarət cərəyana aid olduğu da maraqlandım. O, mənə kədər dolu həyatını anlatdı. Məlum oldu ki, körpəlikdən içki düşkünü olan valideynlərinin himayəsində böyüyən Daşa uzun illər əqli zəif olan ana babası tərəfindən zorlanmaya məruz qalıb. Beyni daim dumanlı olan anasına bu haqda bildirdikdə isə qızcığaz “yalançı” adlandırılaraq, valideynləri tərəfindən xüsusi işgəncələrlə üzləşib. Qızcığaza qarşı insanlığa sığmayan bu dəhşət dolu ailə şiddətini dinləyərkən inanılmaz dərəcədə təsirlənmişdim, Daşanın halına sözün əsl mənasında acıyırdım, bununla belə, bildiyim, eşitdiyim dini rəvayətlərdən, pritçalardan, ibrətamiz misallardan izahlar gətirməyə, insan övladının istənilən çətinlik qarşısında Allaha sığınaraq səbir etməyi barədə danışırdım.

Darya bu söhbətlərim zamanı məni uzun-uzadı dinlədi, sonra isə sönmüş gözləri ilə diqqətlə üzümə baxıb dedi:

- Mən Allahı işgəncə və tacavüz dolu köməksiz illərimdə uzun müddət səslədim, o mənə yardım etmədi... Yalnız bir dəfə İblisi çağırmaqla isə o, ailəmin təcavüz dolu əsarətindən məni xilas etdi. Əvəzində isə mən onun ən qüvvətli əsgərinə çevirildim.

Daşanı tutduğu səhv, hardasa, qəddar yoldan uzaqlaşdırmaq istəyim onun mənə o zaman etdiyi əsas etirafla bitdi. Eyni zamanda hadisələrin gedişatı da başqa cür tüğyan edirdi.

Yenə də son dərs həftəsi və yenə də Daşanın gəzmək təklifi ilə söhbətimiz baş tutdu. Daşa ilə Moskva ətrafında dolaşmağa qərar verdik. Soyuq Moskva axşamı təsirsiz ötüşmürdü: üz-gözümüz donmuş, ayqlarımız hələ də əriməyən buz asfalt örtüyünün soyuqluğunu öz üzərində hiss etməkdə idi. Mən Daşa ilə uca küknar ağaclarının məskən saldığı vahimə dolu qaranlıq meşəlik qismində olan parka yönəldim. Bu park sözün əsl mənasında qorxu filmlərinin pavilyonuna bənzəyirdi. Dəfələrcə Moskva yaxınlığındakı manyakların, satanistlərin insanlara hücumu haqqında eşitmişdim. Bu soyuq axşam isə zərif Daşaya baxaraq, özümü güvəndə hiss etdiyimi düşünmürdüm.

Daşa yaxınlıqdakı skamyanı göstərdi:

- Gəl bir az əyləşək, sonra yenə gəzişərik.

Skamyada bir neçə dəqiqə səssiz oturduq. İlk olaraq sükutu Daşa pozdu:

- Nəyə görə elə hey onu düşünürsən?

Mən karıxdım. Ağır əməliyyyatdan sonra bəlkə də narkozun beynimə birbaşa təsiri ilə bağlı düşündüklərimi qeyri-ixtiyari dilə gətirdiyimi düşündüm:

- Mən ki heç nə demədim!

Daşa gülümsündü:

- Mən insan beynini oxuya bilirəm. Səncə, nə üçün sırf psixoloq olmaq istəyim var?

Bu qız qəribəlikləri ilə məni get-gedə çaşdırırdı. Daşa isə sanki mənim çaşqınlığımdan zövq alaraq, heç nə olmamış kimi davam etdi:

- İnsanları daha yaxından hiss etmək üçün onlara psixoloq kimi yanaşmaq, dərdlərinə şərik olmaq... Mənim əsas amalım budur.

Satanist qızdan Moskva qaranlığında hər kəs insanların dərdinə şərik olmaq istəyini eşitsəydi, bəlkə də qorxudan tabe olardı. Mən isə öz növbəmdə onunla mübahisəyə başladım:

- Daşa, sənə elə gəlmir ki, bir çox insanlar digərlərindən fərqlənmək istəklərinə ən güclü və müqəddəs sayılanı əyməklə yiyələnmək niyyətindədir? Axı sən gördüyün missiyanı Allaha xatir də yerinə yetirə bilərsən?

Daşa qaşlarını çatdı:

- Peyğəmbərlər “öldürmə”, “zülm etmə” buyururlarsa, “öz düşmənini sev” deyirlərsə, bizdə bil ki, tam əksinədir. Mən öz düşmənimi tumarlaya bilmərəm! Əksinə, onun mənə əzab verdiyinin daha artığını ona yaşadaram!

O, əllərini yumruq şəklində bərk-bərk sıxdı; hiss olunurdu ki, çox qəzəblidir.

Bir-neçə gün əvvəl Daşa cavan politologiya müəlliməsinin “gəbərdiyi” xəbərini mənə sevinə-sevinə demişdi. Politologiyanı tədris edən Nijnı-Novqoroddan olan cavan müəllimə idi və onun Daşadan heç xoşu gəlmirmiş. Hər dəfə ümumi mühazirələrdə qızı aşağılayırdı, bir dəfə isə dərsinə gecikdiyi üçün Daşanı audoriyadan çıxmağa məcbur etmişdi. Dəfələrlə Darya gənc müəllimə ilə təkbətək danışmaq istəsə də, onun istəyinə rədd cavabı verən müəllimənin hirsi bununla soyumamışdı, “əmin ol ki, mənim imtahanımdan keçməyəcəksən”, demişdi. Maraqlıdır ki, həmin ərəfələrdə gözümə kefsiz dəyən Daşa uzun müddət ayaqyolunda hansısa ayinlər edir, nələrsə yandırırdı. Təbii ki, mən ona bu barədə heç bir sual ünvanlanmırdım. “İşlərini” bitirən gənc qız otağa döndükdə “artıq hazırdır” demişdi. Nəyin hazır olduğunu yenə də anlamadım. Lakin bir müddət sonra gənc müəllimənin qəfil beyninə qansızma diaqnozu ilə keçindiyi xəbərini eşidincə Daryanın “canfəşanlıqları” dərhal yadıma düşdü. Öz-özlüyümdə sanki İblisin özü ilə bir otaqda qaldığımı, dəfələrlə ondan necə uzaqlaşmağım barədə düşüncələrim də indi artıq deyəsən yerlə-yeksan olmuşdu.

Daşa telepat idi. Fikirləri oxuya bilən bu qız sən demə peyğəmbərlərə xas insanları diriltmək və İblisə xas yaradılanı başqa dünyaya göndərmək qabiliyyətinə malik imiş. Və bu bacarıqlar yalnız onun bacara biləcəkləri və nümayiş etdirmək istədiklərinin yalnız üç faizi imiş! Sən demə, mən Yer üzündə ən unikal, satanist, telepat, empat, eqreqor bir varlıqla qarşılaşmışam ki, o yalnız insanların həyatlarına deyil, birbaşa şüurlarına belə təsir edirmiş! Mən onunla barəmdə yarımçıq qalmış məsələdən danışmaq istədim:

- Bayaq mənə nə üçün onun haqqında çox düşündüyümü soruşdun...

Daşa müəmmalı şəkildə açıq göy gözlərini gözlərimə zillədi:

- Deyəsən, vurulmusan axı o nanəcibə!

Mən səmimi olmağa çalışdım:

- Madam ki, beynimi oxuyursan, o zaman açıq deyim ki, hə. Yəni bəyəndiyim insan var. Açığı, bizdə yaşayış bir qədər fərqlidir. Əksər cavanlar təmtəraqlı toy-büsat qurur, evlənirlər.

Daşa cibindən siqaret qutusu çıxardı, bir siqaret götürüb göyərmiş dodaqlarına aparıb yandırdı. Xeyli fikirli şəkildə tüstünü ciyərlərinə çəkdi, sonra isə qəfil dedi:

- O, sənlik deyil!

Mən şokda idim. Uzun illər beynimdə, xəyalımda qurduğum insan obrazına rast gəldiyimi düşünürdüm. İqbal mömin idi. Onunla teatr tamaşalarının təqdimatında tanış olmuşduq. Teatra gecikdiyim üçün yerimdə əyləşən kök xanımı qaldırmağa ürəyim gəlmədiyindən, boş yer aramağa başladım və təsadüfən də İqbalın yanında əyləşdim. Sonradan İqbal ilə tanışlığımız xoş dostluğa çevrildi. Bir gün də o, mənimlə evlənmək istəyini bildirdi...

İndi bütün varlığımla məni ölümdən xilas edən Daryaya nifrət edirdim. Beynimdə min cür fikir dolaşırdı. Bəlkə İqbal mömindir deyə, Darya onu bəyənmir? Bəlkə mənfi qüvvələrin təsirində olan Darya mənim xoşbəxtliyimi həzm edə bilmir?

Darya gülməyə başladı. Beynimdə dolaşdırdığım suallarıma cavabları açıq-aşkar sələndirməyə başladı:

- Mən işıqlı insanların əzab çəkməyini istəmirəm. Bu Yer üzündə biz də yaşayırıq və planetin əsas aparıcı gücü, qüvvəsi sizin də üzərinizə düşür ki, özümüzün yaşamağımız üçün sizi də qorumalıyıq. Əfsuslar olsun ki, bu kəlmələri möhtərəm İqbal haqqında söyləyə bilməyəcəm!

Məni artıq dəhşət bürümüşdü:

- Sən onun adını haradan bilirsən?

Daşa başını yellədi:

- Əzizim, mən hər şeyi bilirəm. Misal üçün, sən bilirdinmi ki, sənə evlənmək təklifi edən bu bədbəxt bir zamanlar ailəli olub?

Mən düşünməyə başladım. İqbalın ailəli olmağı ilə bağlı hər hansı bir söhbət eşitməmişdim. Daşa isə ürəyimi deşən suallarını bir-bir ünvanlayırdı:

- Bəs onun nə üstündə həyat yoldaşından ayrıldığını necə, bilirsənmi?

Mən çiyinlərimi çəkdim. Daşa mənim tutqunluğumu hiss etdi. Əlindəki siqaret kötüyünü yerə atdı:

- Əllərini mənə ver, - dedi, - gözlərini yum.

Mən onun dediyi kimi etdim. Daşanın əllərinin soyuqluğunu, sonra isə yavaş-yavaş artan isti hərarətini öncə qollarımda, sonra ürəyimdə, ən nəhayət isə başımda hiss etməyə başladım. Beynimdə film kimi bütün hadisələr, tanıdığım insanlar, onların real yaşayışları sürətlə ötüb keçir, ritmik həyat cərəyan edirdi. Budur, teatrda əyləşmişəm; İqbal ilə ilk tanışlıq, sonra isə danışıqlar, telefon zəngləri, daha sonra isə İqbalın az qala ağlaya- ağlaya mənim onunla ailə qurmaq yalvarışı. Aha, bu da toy! Kimin? Yox, bu mənə aid deyil! İqbalı bəylik kostyumunda görürəm, yanında ağ geyimli mələk kimi möminə gəlin dayanıb. Budur, onların övladları olub. Budur, oğlu ilə oynayan qadını uşaqdan ayıran İqbal qadına əl qaldırır. Onun saçlarından tutub, sürüyə-sürüyə hamama salır, qadına qarşı olmazın zorakılıq edir. “Mələk kimi qadındır”, - pıçıldayıram. Daşa isə əllərimi daha da bərk sıxır: “Sonrasına bax”.

Film kimi görüntü gözümün önündən keçməyə başlayır; İqbal vannanı su ilə doldurur, qadının başını suya salır və dəqiqələrlə orada saxlayır, qadın çırpınır, əlləri ilə İqbalın üzünə-gözünə toxunaraq, ondan sanki imdad diləyir. Və yeni kadr: İqbalın təcili yardıma zəngi: “Alo? Təcili yardım? Həyat yoldaşım paltar asarkən eyvandan yıxılıb. Dərhal ünvanı qeyd edin!”

- İlahi! Bu nə dəhşətdir?! Daşa, Daşa, o, ona nə edib?

Mən isterikada idim, qışqırmağa, ayağa qalxıb o tərəf-bu tərəfə qaçmağa başladım. Daşa məni sakitləşdirməyə cəhd edirdi. O, hədsiz dərəcədə sarsılmışdı. Məni hər zaman təmkinli tanıyan və bu cür görməyə vərdiş etməyən qız indi bütün halı ilə “əvəlki insan olmağıma” çalışırdı.

Bir qədər özümə gəldikdən sonra sakit səslə Daşanı qucaqlayıb ağlamağa başladım.

- Daşa, o gəlinə kömək et!

Daşa susurdu. Onun susmağı məni daha da qorxudurdu.

- Bu mümkün deyil, əzizim, - Daşa dilləndi: O qadın artıq həyatda yoxdur...

Biz şaxta basmış yol ilə yataqxanaya dönürdük. Bu vahimə dolu qaranlıq meşəlik parkı heç bir zaman unutmayacağımı düşünürdüm. Gecənin qorxunc, iztirab və əzab dolu görüntüləri arxada qalmışdı. Yanımda mənimlə bir addımlayan çəlimsiz, zərif, eyni zamanda dağ qədər əzəmətli, qüvvətli, güclü Darya, satanist, telepat, empat, eqreqor və kimi bilir, bəlkə də İblisin özü mənim ən yaxın sirdaşıma çevirilirdi...

Ardı var

Tarix
2019.03.26 / 02:12
Müəllif
Aynur Nurlu
Şərhlər
loading...
Digər xəbərlər

Heydər Əliyev və milli gəmiçilik siyasəti... - Yeni kitab

Dahi şairə həsr edilən festival: nələr olacaq?

Bu jurnalın yubileyinə nazir və deputatlar gəldi

Bakı əsrarəngiz gözəlliyi ilə məni valeh etdi - Əl-Armuti

Leyla Əliyeva “Yanardağ”dakı poeziya axşamında - Foto

Nəsimi ilə bağlı kitab dərc edildi

Leyla xanımın şeiri Kamal Abdullanın tərcüməsində

Zabil Müqabiloğlunun “Son zəng”i “çalındı” - Foto

Məşhur şair vəfat etdi

Mən fəhlələrin alın təriyəm...

KULT
<>
Xəbər xətti
 
e-vetendash
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla