C‑130 Herkules ABŞ istehsalı olan dördmühərrikli hərbi‑nəqliyyat təyyarəsidir. Tarixdə C‑130‑lar 3, 2, hətta 1 mühərriklə təhlükəsiz eniş edə biliblər, lakin bu, yük, hava şəraiti, hündürlük və idarəetmə sistemlərinin vəziyyətindən asılıdır. Nəzəri baxımdan bu təyyarənin hətta heç bir mühərrik çalışmadan da yerə enməsi mümkündür. C‑130 böyük qanad sahəsi və aerodinamik sabitliyə malikdir, bu da təyyarənin mühərriksiz və ya qismən mühərrikli vəziyyətdə süzülərək eniş trayektoriyasını tutmasına imkan verir.
Axar.az xəbər verir ki, bu sözləri Avropada yaşayan jurnalist Elbəyi Həsənli ötən gün Gəncədən havaya qalxan və Gürcüstanda qəzaya uğrayan Türkiyənin C-130 hərbi təyyarəsi haqda qeyd edib.
“Texniki baxımdan, dörd mühərrikin eyni vaxtda sıradan çıxması mümkündür, lakin nadir haldır və adətən yanacaq kəsilməsi kimi problemlərlə bağlı olur.
Maraqlı nümunə: 15 aprel 1972‑ci ildə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus C‑130E Vyetnam müharibəsi zamanı təxminən bir işlək mühərriklə enişi uğurla həyata keçirmişdi. C‑130-in mühərriksiz eniş edə bildiyi təsdiqlənib. Yəni bu təyyarə böyük təhlükəsiz eniş potensialına malikdir.
Türkiyədə bu təyyarənin bəzi təcili eniş hallarına dair qeydlər mövcuddur — məsələn, 2019‑cu ildə bir C‑130-un təkəri partlamışdı. Ancaq həmin təyyarə uğurlu eniş etmişdi...” – o bildirib.
Qeyd edək ki, təyyarə qəzası nəticəsində 20 əsgər şəhid olub.