Ana səhifə Gündəm |
FETÖ istintaqı çərçivəsində baş katib və 5 şöbə müdirinin həbs edildiyi Qərbi Aralıq dənizi İnkişaf Agentliyində (BAKA) işçilər arasında toplantılar keçirildiyi məlum olub.
Axar.az xəbər verir ki, 2013-cü ildə keçirilən toplantılardan birində o dövrdə prezident olmuş Abdullah Gül və Rəcəb Tayyib Ərdoğanın səhhətində ciddi problemlərin olduğu, yaxın vaxtlarda vəfat edəcəkləri deyilib.
Bu barədə məhkəmədə BAKA işçisi İ.K. ifadəsində məlumat verib.
Onun sözlərinə görə, keçirilən toplantılarda Gülənin moizələri dinlənilib. Toplantıya qatılanlar qurum içərisində yaxşı vəzifələrə gətirilib, qatılmayanlar isə işdən uzaqlaşdırılıb:
"Bu toplantılar 2013-cü ilə qədər dini motivdə keçirilirdi. Lakin sonradan o dövrdə prezident olmuş Abdullah Gül və Rəcəb Tayyib Ərdoğanın səhhətində ciddi problemlərin olduğu, yaxın vaxtlarda vəfat edəcəkləri deyilirdi. Söhbətlərin lazımsız istiqamət aldığını gördüm. Sonra 17 dekabr hadisələri baş verdi. Toplantılara qatılmadığım müddətdə mənimlə danışmırdılar. Tuncay Ənginin baş katib olduğu dövrdə toplantılarda iştirak edən şəxslər şöbə müdirliyinə gətirildilər. Sırrı Özən baş katib olduqdan 5 ay sonra işdən çıxarıldım".
Xatırladaq ki, 15 iyul dövlət çevrilişinə cəhd istintaqı çərçivəsində BAKA-nın sabiq baş katibi Tuncay Əngin, hazırkı baş katib Məhməd Sırrı Özən və 5 şöbə müdiri həbs edilib.
Tarix
2016.08.01 / 16:54
|
Müəllif
Hacı Qulu
|