Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində Azərbaycanın Qəzzaya sülhməramlı göndərməyəcəyi haqda dedikləri geniş müzakirələrə səbəb olub. Dövlət başçısı bəyan etdi ki, biz kiminsə naminə azərbaycanlıların həyatını və sağlamlığını riskə atmaq niyyətində deyilik. Əlavə etdi ki, ərəb ölkələrinin məsələlərini ərəb dövlətlərinin özləri həll etməlidir.
“Bizim başımız bəlada olanda öz taleyimizin hökmünə buraxılmışdıq. Heç kim bizi müdafiə etmirdi. O cümlədən Fələstinə bütün hörmətimə və dərdlərinə şərik olmağıma rəğmən. Axı, Fələstin də bizi elə də müdafiə etmirdi. Bəli, İslam Əməkdaşlıq Təşkilatının hamının dəstəklədiyi qətnamələri var idi. Biz buna görə bütün ölkələrə minnətdarıq, eynilə Azərbaycan da həm BMT-də, həm Qoşulmama Hərəkatında, həm də İslam Əməkdaşlıq Təşkilatında həmişə Fələstini və Fələstin dövlətinin yaradılmasını dəstəkləyib. Azərbaycanda Fələstinin səfirliyi də fəaliyyət göstərir, həm də Azərbaycanın maliyyə yardımı sayəsində. Ona görə də mənim mövqeyim həmişə ondan ibarət olub ki, ərəb ölkələrinin məsələlərini ərəb dövlətlərinin özləri həll etməlidir. İndiyədək dərindən inanıram ki, qeyri-ərəb müsəlman ölkələr parovozun önündə qaçmamalıdır. Bu, heç bir yaxşı nəticə verməz”, – dövlət başçısı bildirib.
Prezidentin bu mövqeyi Qəzzadakı reallıqlardan qaynaqlanır.
Birincisi, mövcud vəziyyətdə Azərbaycan əsgərinin Qəzzaya göndərilməsi, onu birbaşa təhlükə altına atmaq deməkdir.
ABŞ prezidenti Donald Trampın Qəzza ilə bağlı “20 bəndlik sülh planı” faktiki olaraq dalana dirənib. Planın birinci mərhələsi münaqişə tərəflərinin marağında olduğu üçün icra olundu, çünki həm HƏMAS, həm İsrail üçün girovların azad edilməsi vacib idi. Lakin ikinci mərhələsi tərəflərin bölgə ilə bağlı planlarına uyğun deyil.
Tramp planı HƏMAS-ın tərksilah edilməsini, Qəzzanın idarəçiliyindən çıxarılmasını, İsrail ordusunun geri çəkilməsini və bölgənin beynəlxalq mandat altında idarə olunmasını nəzərdə tutur. Silahı yerə qoymaq istəməyən HƏMAS bunu qəbul etmir, eyni zamanda, bu, Qəzzanı tamamilə nəzarətə götürməyə çalışan İsrailə də sərf etmir. Qəzzada sülh perspektivlərini sual altına salan bu vəziyyəti BMT Təhlükəsizlik Şurasının bölgəyə beynəlxalq missiyanın yerləşdirilməsi ilə bağlı qərarı da dəyişdirə bilməz. Hazırda tərəflərdən heç biri sülhə hazır deyil. Belə bir vəziyyətdə Qəzzaya göndəriləcək sülhməramlı missiyanın təhlükəsizliyinin təmin edilməsi problemi var. Prezident İlham Əliyevin də dediyi kimi, kiminsə naminə azərbaycanlıların həyatını və sağlamlığını riskə atmaq istəməyən Azərbaycan dövlətinin imtina qərarı da bu reallıqdan qaynaqlanır. Çünki Qəzzaya sülhməramlı kimi göndəriləcək Azərbaycan əsgəri çarpaz atəş altına düşəcək.
İkincisi, ərəb ölkələri prosesdən kənarda dayanmağa çalışdığı halda, qeyri-ərəb ölkələrinin “parovozun önündə qaçmaları” praqmatik yanaşmadan uzaqdır.
Qəzza məsələsi ilk növbədə Ərəb Dövlətləri Liqasında təmsil olunan 22 ərəb ölkəsinin problemi olmalı, Fələstin məsələsində məhz bu dövlətlər dəstək göstərməlidir. Reallıqda bunun əksi baş verir, yaxud ərəb ölkələri Qəzza məsələsinə ən yaxşı halda siyasi dəstək verir və maliyyə yardımı edirlər. Eyni dəstəyi Azərbaycan da edir: beynəlxalq təşkilatlarda Fələstin dövlətinin yaradılmasını dəstəkləyir; Fələstin səfirliyinin fəaliyyətinə maliyyə yardımı göstərir, o cümlədən, humanitar yardım kampaniyalarına aktiv şəkildə qoşulur. Qəzzada sülhün təmin edilməsi, ümumiyyətlə məsələnin həlli artıq Ərəb Liqasının gündəmi olmalıdır, Azərbaycanın yox. Bu kontekstdə Azərbaycanın Qəzzaya əsgər göndərməməsi həm öz vətəndaşlarını təhlükə altına atmamaq, həm də başqalarının münaqişəsinə qoşulmamaq baxımından ən doğru qərardır.
Prezident İlham Əliyevin doğru qərarının Azərbaycan xalqı ilə yanaşı, Türkiyə ictimaiyyəti tərəfindən də təqdir olunması diqqət çəkir. Çünki Türkiyədə, xüsusilə informasiya və sosial media platformalarında Fələstin məsələsi mütəmadi olaraq, Azərbaycana qarşı ittiham mövzusu kimi istifadə olunub. Hətta “Qəzzanı bombalayan İsrail təyyarələrinin yanacağını Azərbaycan verir”, “Azərbaycan Fələstinə qarşıdır” kimi irreal iddialar/ittihamlar irəli sürülüb. Azərbaycanın Qəzzaya əsgər göndərməməsi qərarına verilən reaksiya isə tamamilə fərqlidir.
Türkiyənin 3 milyona yaxın izləyicisi olan “Onedio.com” və geniş auditoriyaya malik bir sıra digər sosial media platformaları Prezident İlham Əliyevin Qəzzaya əsgər göndərməyəcəyi haqda fikirlərini paylaşıb. Paylaşımlara çoxsaylı reaksiya verilib və mütləq çoxluq Azərbaycan Prezidentinin mövqeyini təqdir edir, hətta ona heyran olduqlarını bildirirlər.
Türkiyə vətəndaşları şərhlərdə yazır:
- “Halal olsun, hörmətli başqan. Adam öz xalqına və əsgərinə sahib çıxır”;
- “Adam ağıllıdır, ölkəsinin maraqları nəyi tələb edirsə, onu edir”;
- “Sona qədər haqlıdır. Qarabağ müharibəsində Fələstin Ermənistanı dəstəklədi, türk diplomatlarını qətlə yetirən ASALA-nın da qurulmasında böyük rol oynayıb”;
- “Ərəb ölkələri Fələstin üçün bir dəfə belə yürüş keçirməyiblər, amma Azərbaycandan nəsə istəyirlər”;
- “Əliyevin bu mövqeyi dövlət idarəçiliyinin romantizmlə yox, rasional ağılla edildiyini göstərən liderlik dərsidir”;
Daha öncə Qəzza məsələsinə görə Azərbaycanın ittiham edilməsi fonunda Türkiyə ictimaiyyətinin Prezident İlham Əliyevə dəstək verməsi iki reallığı da ortaya çıxardı.
Birincisi, Türkiyə ictimaiyyəti də Fələstin məsələsinin ərəb ölkələrinin problemi olduğunu tədricən anlayır və qeyri-ərəb dövlətlərin öndə getməsini qəbul etmirlər;
İkincisi, indiyə qədər Türkiyənin informasiya və sosial media platformalarında Fələstinə görə Azərbaycanın ittiham edilməsi təşkil olunmuş kampaniya olub və türk ictimaiyyətinin mövqeyini əks etdirmir.
Minlərlə Türkiyə vətəndaşının Prezident İlham Əliyevin fikirlərini dəstəkləməsi bunu deməyə əsas verir.