ABŞ-ın irəli sürdüyü 4 əsas tələb İranın əsla qəbul edə bilməyəcəyi şərtlərdir. ABŞ İrana bu şərtləri qəbul etdirməyə çalışırsa, deməli, məqsədi anlaşmaq yox, hücuma keçmək üçün “səbəb”, yəni bəhanə tapmaqdır.
Axar.az xəbər verir ki, bu sözləri politoloq Heydər Oğuz İran ətrafında yaranan son proseslər haqda qeyd edib.
“ABŞ-ın ilk şərti nüvə zənginləşdirməsindən əl çəkməkdir. İran ilk qurulduğu illərdə İraqla girdiyi müharibədə 1 milyondan çox adam itirdikdən sonra özünün ən etibarlı müdafiə strategiyasının nüvə silahı olduğunu anladı və bu istiqamətdə addımlar atmağa başladı. İndi durub birdən-birə nüvə strategiyasından imtina etməsi onu yenidən 1980-ci illərdəki zəif vəziyyətə sala və düşmənlərini İrana hücum etməyə həvəsləndirə bilər. Fikrimcə, Tehran nəyin bahasına olursa olsun, nüvə strategiyasından vaz keçməyəcək.
ABŞ-ın ikinci tələbi İranın proksi qüvvələrdən imtina etməsidir. Proksi qüvvələrə yönəlməsi də İranın ən mühüm müdafiə strategiyalarından biridir. İran rəsmilərinin fikrincə, Yaxın Şərqin müxtəlif yerlərində fəaliyyət göstərən və “müqavimət oxu” adlanan proksi qüvvələr ona ediləcək xarici hücumları sərhədlərindən kənarda qarşılamaq imkanı verir. İran öz proksilərindən imtina edərsə, məcburən düşməni ölkənin sərhədləri daxilində qarşılamalıdır. Bu isə böyük dağıntılarla qarşılaşmaq mənasına gəlir.
Üstəlik, müsəlman ölkələrin müxtəlif yerlərinə basdırılmış bu canlı minalar İranın beynəlxalq müzakirələrdə təsir gücünü artırır, onu bir növ regional gücə çevirir. “Müqavimət oxu”ndan imtina İranı regional güc mərkəzindən lokal dövlətə çevirə bilər ki, Tehran bu tale ilə barışmaq istəmir.
ABŞ-ın digər tələbi SEPAH kimi dini rejimə bağlı silahlı qüvvələrdən imtinadır ki, hətta Xamenei istəsə belə, bu şərti yerinə yetirə bilməz. İran iqtisadiyyatının 60%-ni öz əlində cəmləşdirən, son zamanlar hətta neft hasilatının yarısını ələ keçirən SEPAH düşünüldüyündən daha güclüdür.
Dördüncü tələb isə ballistik raket ehtiyatlarını azaltmaq və onların mənzilini İsraili vura bilməyəcək qədər qısaltmaqdır. İran bunu da etməz. Çünki İsraili vurmaq təhdidi onun əlində bəlkə də atom bombasından daha güclü silahdır. Hər dəfə başı ABŞ-la dərdə girəndə “Mərg bər İsrail” deyə bağırıb, Təl-Əvivin və Vaşinqtondakı yəhudi lobbilərinin incə damarına neştər soxur. Onlar da hərəkətə keçib ABŞ prezidentlərini öz yerində oturdurlar”, - politoloq vurğulayıb.
H.Oğuzun fikrincə, bütün bunlar ABŞ-ın irəli sürdüyü tələblərin İranın həqiqi qırmızı cizgiləri olduğunu təsdiqləyir:
“Tehran bu qırmızı cizgilərini nəyin bahasına olursa olsun, qorumağa məhkumdur. ABŞ-ın da ondan qırmızı cizgilərindən vaz keçməsini tələb etməsi onu göstərir ki, Donald Tramp İranı vurmaq üçün bəhanə axtarır”.