"Öz məktəblərini bitirən insanları müxtəlif yerlərə
yerləşdirmək artıq şəbəkələşmədir".
Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Elxan Şahinoğlu
dedi.
O, Fətullah Gülən tərəfdarlarının Azərbaycanda Ərdoğana qarşı
fəaliyyətlərini genişləndirməməsini Azərbaycan hakimiyyətinin
qəzəbinə tuş gələ bilmə ehtimalları ilə bağlı olduğunu dedi: "Baş
nazir Ərdoğanla Fətullah Gülən arasında açıq-aşkar savaş gedir.
Ərdoğan çıxışlarının birində Gülənin əsas şəbəkələrindən birinin
məhz Azərbaycanda olduğunu dedi. Buradakı gülənçilər hələlik
səssizdirlər. Öz mediaları vasitəsilə və yaxud digər vasitələrlə
Ərdoğanı vurmurlar. Bilirlər ki, bu addım Azərbaycan hakimiyyəti
tərəfindən yaxşı qarşılanmayacaq. Azərbaycan üzərindən Ərdoğanı
vurmaq onlara sərf etməyəcək. Əgər fikir versəniz görərsiniz ki,
onların Azərbaycandakı başbilənləri çıxışlarında yenə deyirlər ki,
biz burada ancaq təhsil verməklə məşğuluq. Mən bunu başa düşürəm.
Amma hər dəfə "biz təhsillə məşğuluq" deyib bunu başa vurmaq lazım
deyil. İkinci bir tərəfdən, burada kasıb təbəqənin uşaqları təhsil
ala bilmir. Başqa bir tərəfdən isə Azərbaycanda onlar təkcə təhsil
verməklə məşğul deyillər. Onların Azərbaycanda həm mətbuatı, həm də
televiziyası var. Yaxşı, onda sual verirəm: Yalnız təhsillə məşğul
olursunuzsa, bu televiziya və mətbuat sizin nəyinizə lazımdır? Bax,
bu suallar hələ ki, açıq qalır".
Bu, dövlət içində təhlükədir
Politoloq bu təriqətin tərəfdarlarının Azərbaycanda siyasi
hədəflərinin olduğunu da vurğuladı: "Türkiyədəki hadisələr
başlayandan sonra Ərdoğan ilk olaraq onların çirkli işləri haqqında
danışmağa başladı. Ardınca isə gizli telefon dinləmələri ortaya
qoydular. Hələ onların arasında Müdafiə naziri Zakir Həsənovu
təbrik etmələri haqqında da sözlər var idi. Yaxşı bəs, Müdafiə
nazirini təbrik etməkdə sizin nə marağınız ola bilər? Görünür,
onların siyasi hədəfləri də var. Lakin bu siyasi hədəfləri hələ ki,
Azərbaycanda dilə gətirməyiblər. Əgər Türkiyədə bu işləri
bacarırlarsa, niyə də Azərbaycanda belə şeylər görməsinlər?"
Elxan Şahinoğlu həmçinin nurçuların ölkədə təhsil verməklə
bərabər müxtəlif idarələrdə artıq öz şəbəkələrini
formalaşdırdıqlarını da qeyd etdi:
"Onlar özlərinin şəbəkələrini formalaşdırırlar. Yenə də
müdafiəçiləri yazırlar ki, onlara təhsil verir, işlə təmin edirlər.
Bu, çox gözəldir. Amma bütün bunlar sonrakı mərhələdə şəbəkələşməni
işə salır. Öz məktəblərini bitirən insanları müxtəlif yerlərə
yerləşdirmək artıq şəbəkələşmədir. Bu, artıq dövlət üçün
təhlükədir. Bu gerçəyi əks etdirəmn yazışmalar da var".