Xalqlar var ki, min ildən
sonra torpağını qaytarır.
Bu sözləri Yeni Müsavat-a açıqlamasında guya BMT-də 25 il işğal
altında olan ərazilərin azad edilməsinin mümkünsüzlüyü haqda
"xüsusi sənəd"in olması ilə bağlı iddiaları şərh edərkən politoloq
Qabil Hüseynli deyib. O, qətiyyətlə BMT-nin belə bir sənədinin
olmadığını bildirib:
"Fələstin torpaqlarının işğalından 50 ildən çox vaxt ötür. Amma
bu torpaqların geri qaytarılması heç zaman gündəmdən çıxmır.
Ümumiyyətlə, beynəlxalq hüquqda işğalda olan ərazilərin ilhaqının
müəyyən illərlə əhatələnmiş dövrü yoxdur. Bütün bunlar xalqın
təxəyyülünün məhsuludur. Xalqlar var ki, min ildən sonra torpağını
qaytarır. Ermənilər deyir ki, 70 ildən sonra Dağlıq Qarabağı
özümüzə qaytarmışıq. Yalandan olsa da, bunu deyirlər. Dünya
supergüclərinin dəstəyi ilə ermənilər torpaqlarımızı işğal etdilər.
Unutmaq olmaz ki, 2-5 aprel savaşları Azərbaycanın həmin torpaqları
istənilən vaxt geri qaytaracağını göstərdi. Bir şərtlə ki,
ermənilərin havadarları bu məsələyə qarışmasınlar. Qondarma rejimin
25 illiyi ilə bağlı tədbirlər keçirmək üçün müəyyən cəhdlər
edilməsinin heç bir önəmi yoxdur.
Amerikanın Minsk Qrupundakı sədri açıq fikir ifadə etdi ki, ABŞ
"Dağlıq Qarabağ Respublikası" adlı dövlət tanımır. Bütün bunlar onu
göstərir ki, bu dövlətin de-yure tanınması mümkün deyil. Bunun
ətrafında gedən proseslər mənasızdır. Bir faktı deyim ki, son
məlumatlara görə, Dağlıq Qarabağda hazırda 45 min erməni var. Amma
vaxtilə bu 75 min idi. Bu da ciddi faktdır. Əgər apreldə
hücumlarımızı bir gün də davam etdirsəydik, torpaqlarımızın əminəm
ki, əksər hissələri azad ediləcəkdi".
Q.Hüseynli xalq arasında ərazilərimizin azad edilməsinin
mümkünsüz olması ilə bağlı fikir səsləndirənlərə də cavab
verib:
"Cəmiyyət 2-5 aprelə qədər ordumuzun bu gücdə olduğunu
görməmişdi. Belə fikirlər 2-5 aprel döyüşlərindən sonra
səngiməlidir. Bu sözləri deyənlərin sayı minimuma enməlidir. Çünki
xeyli torpaq, yüksəkliklər azad edildi. Çoxsaylı erməni əsgərləri
məhv edildi. Düşmən ordumuzun zərbəsini daddı. İndiyə qədər belə
şey olmamışdı. Hər gün Azərbaycan ordusu irəliyə doğru gedir.
Ağzımızı yenidən sülh danışıqlarına dirəyiblər. Rusiyanın
anlaşılmaz mövqeyi də meydana çıxıb.
Bir tərəfdən sülh məsələsini önə çəkir, digər tərəfdən
ermənilərlə birlikdə hərbi hissələr yaradır, pulsuz döyüş
texnikasını göndərir. Amma hər şeyin bir sonu var. Bu oyunun da
sonu olacaq. Xalqımız unutmasın ki, torpaqların işğaldan azad
edilməsi üçün müəyyən ilin olması boş söhbətdir. Uzağı 5-10 il
müddətinə Dağlıq Qarabağ geri qaytarılacaq. Geosiyasi vəziyyət hər
keçən gün Azərbaycanın xeyrinə doğru irəliləyir".
Qeyd edək ki,
sentyabrın 2-3-də İrəvanda keçirilməsi planlaşdırılan qondarma
"Dağlıq Qarabağ Respublikasının müstəqilliyinin 25 illiyi" ilə
bağlı tədbir ləğv edilib.