"Şahdəniz" layihəsi
imzalananda bəziləri buna etiraz edirdi. O zaman Heydər Əliyev
müşavirə keçirdi, bizi də dəvət etdi. Xoşbəxt Yusifzadə, mən
ARDNŞ-in vitse-prezidenti kimi o müşavirədə iştirak etdik. Heydər
Əliyev hər birimizə söz verdi ki, doğurdanmı bu sazişi
imzalamamalıyıq? Azərbaycan rəhbərliyində bir nəfər "Şahdəniz"
layihəsi ilə bağlı müqavilənin imzalanmasına etiraz edirdi. O şəxs
də çoxdan Azərbaycandan qaçıb gedib. O etirazın da səbəbi indi
bəlli olur. Onun məqsədi Azərbaycana xeyir gətirmək yox, ziyan
vurmaq idi.
APA-nın məlumatına
görə, bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyev Bakı Dərin
Özüllər Zavodunda "Şahdəniz-2" layihəsinin hasilat və dikborular
platformasının dayaq blokunun dənizə yola salınması mərasimindən
sonra zavod kollektivi ilə görüşdə deyib.
Prezidentin sözlərinə görə, həmin şəxs o vaxt "Şahdəniz"
layihəsinin əleyhinə çox böyük kampaniya açıb: "Milli Məclisdə bəzi
öyrədilmiş deputatlar, hökumətdə bəziləri bunun əleyhinə çıxmağa
başlamışdılar. Heydər Əliyev yaxşı bilirdi ki, "Şahdəniz"
layihəsini mütləq imzalamalıyıq. Ancaq Heydər Əliyev məsələni
müzakirə etmək üçün bizim hamımızı müşavirəyə dəvət etdi. ARDNŞ-in
bütün rəhbərləri, hökumət üzvlərini və Milli Məclis rəhbərliyini
dəvət etdi, dedi ki, buyurun, sizin iradınız nədir? "Şahdəniz"
layihəsinin əleyhinə heç bir arqument ortaya qoyulmadı. Biz hamımız
durub sözümüzü dedik ki, mütləq "Şahdəniz" layihəsi imzalanmalıdır.
Çünki bu, Azərbaycan üçün həyati əhəmiyyət daşıyır. Həyat da bunu
sübut etdi. O zaman müşavirədə təcrid olunmuş vəziyyətdə qalan fərd
- belə desəm, daha düzgün olar - çox məyus oldu və iclası tərk
etdi. Bu müşavirədən 2-3 ay sonra Azərbaycandan da həmişəlik getdi.
Yəni "Şahdəniz" layihəsinin ərsəyə gəlməsi o qədər də asan olmayıb.
O şəxs bu layihənin Azərbaycana xeyir gətirəcəyini başa düşmürdümü?
Başa düşürdü, sadəcə, istəmirdi ki, Azərbaycan inkişaf etsin.
İstəyirdi ki, vəziyyət pisləşsin, sonra tutduğu vəzifədən də böyük
vəzifə əldə etsin. Ancaq "Şahdəniz" layihəsi bu gün göz
qabağındadır, 10 minlərlə Azərbaycan vətəndaşı işləyir, əsərlər
yaradır. Azərbaycan dünya miqyasında daha da əhəmiyyətli ölkəyə
çevrilir. Ölkəyə böyük həcmdə valyuta gəlib və gələcək".
Prezident İlham Əliyev bildirib ki, "Şahdəniz-2" layihəsinin işə
salınması nəticəsində əlavə 16 milyard kubmetr qaz ixrac ediləcək:
"Şahdəniz" layihəsi olmasaydı, heç kim "Abşeron", "Ümid" yatağına
sərmayə qoymazdı. Kim 3 min 500 km boru xətti çəkər, kim 45 milyard
dollar sərmayə qoyardı? Əgər 1996-cı ildə Azərbaycanın
düşmənlərinin, ölkəmizə, dövlətçiliyimizə xəyanət etmiş insanların
mövqeləri üstünlük təşkil etsəydi, bunların heç biri
olmayacaqdı".
Qeyd edək ki, "Şahdəniz" layihəsinə qarış çıxan şəxs həmin
dövrdə Milli Məclisin sədri olan Rəsul Quliyev olub.