Ermənistanın mövcud sülh gündəliyi ilə bağlı verdiyi açıqlamalarla əməli addımları arasında ziddiyyətlər rəsmi İrəvanın mövqeyinə dair şübhələr yaradır. Xüsusilə Ermənistan Müdafiə Nazirliyinin “Qapalı Dövrə 2026” adlanan son təlimi bu şübələri gücləndirdi.
İyunun sonlarında keçirilən təlimin məqsədi aktiv döyüş əməliyyatları zamanı yerli media ilə ordu arasında koordinasiyanı təşkil etmək, informasiya yayımını idarə etməkdir. İlk baxışda bu, təəccüblü görünmyə bilər, hərçənd, açıq qalan məqamlar var.
Birincisi, sülh gündəliyinin mövcud olduğu dövrdə belə bir təlimlərin keçirilməsi hansı zərurətdən qaynaqlanır?
İkincisi, təlimlər Lori bölgəsində - Azərbaycanla sərhəddən qısa məsafədə keçirilib. Məlumatlar məkanın Tavuş bölgəsinin sərhəd əraziləri olduğu ehtimalını önə çıxarır. Niyə indi, niyə Azərbaycanla sərhəd?
Bu məqamlar Ermənistanın hərbi rəhbərliyinin bölgədəki sülh gündəliyi üçün gözlənilməz hesab ediləcək ssenarilərə hazırlaşdığı fikrini formlaşdırır. Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryanın birbaşa nəzarət etdiyi təlimlərdə Azərbaycanla sərhəddə mümkün eskalasiya zamanı media nümayəndələrinin idarə olunmasının simulyasiyası həyata keçirilib.
Əsas diqqətçəkən məqamlardan biri Hərbi Polis bölmələrinin təlim ərazisində media nümayəndələrindən ibarət qrupların hərəkətini idarə etməsidir. Lori regional administrasiyasının məlumatında bildirilir: “Müdafiə Nazirliyinin təşəbbüsü ilə keçirilən “Qapalı Dövrə 2026” təlimi çərçivəsində hərbi polis 27 iyun tarixində Lori bölgəsinin bir neçə yaşayış məntəqəsində gücləndirilmiş patrul xidməti həyata keçirəcək. Bölgə əhalisindən bunu nəzərə almalarını xahiş edirik”.
Təlimlərdə iştirak edən jurnalistlər xüsusi nişanlarla hərbi polisin qurduğu postlardan keçərək, toplanış zonasına daxil olur. Bu o deməkdir ki, Ermənistan Baş Qərargahı X günündə tam karantin təşkil etməyi planlaşdırır: döyüş əməliyyatlarının olacağı ərazilərə giriş nəzarətə götürüləcək, yalnız Müdafiə Nazirliyinin nümayəndələri tərəfindən əvvəldən seçilmiş və təlimatlandırılmış şəxslərə icazə veriləcək. Hərbi karantin zamanı rabitə və internet bağlanır, informasiya axını nəzarətə götürülür. Məqsəd Müdafiə Nazirliyinin gələcək fəaliyyəti zamanı müxtəlif ssenarilərin işlənib hazırlanmasıdır.
O da xüsusi diqqət çəkir ki, telekanallar və digər media qurumlarının əməkdaşlarına verilən “PRESS” gödəkçələr neytral hesab olunan mavi yox, xaki rəngdədir. Bu isə uzaq məsafədən baxdıqda gülləkeçirməz jilet və dəbilqə geyinən şəxsin media işçisi, yoxsa döyüşçü olub-olmadığını müəyyənləşdirməyi mümkünsüz edir.
Ermənistanın hərbi-siyasi rəhbərliyinin bu təlimlə özlərinə bağlı olan və Müdafiə Nazirliyinin məlumatlarını yayacaq sadiq jurnalist ordusu yaratmaq istədiyi aydın görünür. Çünki 2016-cı il, 2020-ci il və 2023-cü il döyüşləri zamanı məlumat axınının nəzarətdən çıxması Ermənistan ordusunun imicinə ciddi zərbə vurdu və hesab etmək olar ki, rəsmi İrəvan analoji vəziyyətlə üzləşmək istəmir. Və bu məqsədlə döyüş zonasına məhdud, nəzarətli girişi təşkil edəcək komanda formalaşdırılır və jurnalistlərə təlimlər keçirilir.
Amma və lakin belə bir ssenarinin məşq edilməsi sülh gündəliyinə tamamilə ziddir. Çünki Ermənistan Müdafiə Nazirliyi potensial “döyüş nöqtələri”nin istiqamətini açıqlayır, buna uyğun təlimlər keçirir. Təlim ərazisinin sərhədyanı bölgələr olması Azərbaycanın yenidən potensial hədəf kimi göstərildiyini təsdiq edir. Rəsmi göntülərdə isə erməni jurnalistlərin döyüş postlarına, hətta Lori bölgəsində yerləşməyən yeni tikilmiş bunkerə baş çəkdiyi də diqqətdən yayınmır. Bütün bunlar Ermənistanın yeni döyüş əməliyyatlarına hazırlaşdığına dair təhlükəli ehtimalları aktuallaşdırır.