Yuxarı

İranın AzTV-yə qarşı addımı ilə bağlı bəyanat yayıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranın AzTV-yə qarşı addımı ilə bağlı bəyanat yayıldı

Azərbaycan Jurnalistlər Birliyi İran İslam Respublikasının Kəşfiyyat Nazirliyi tərəfindən bəzi xarici media qurumlarının, o cümlədən Azərbaycan Respublikasının dövlət televiziya kanalı AzTV-nin “düşmən media qurumları” siyahısına daxil edilməsi və həmin media qurumları ilə peşə əlaqələri quran şəxslərin hüquqi məsuliyyətlə hədələnməsinə dair yayılmış məlumatı ciddi narahatlıqla qarşılayır və qətiyyətlə pisləyir.

Axar.az xəbər verir ki, bu barədə qurumun İran İslam Respublikasının Kəşfiyyat Nazirliyi tərəfindən AzTV-nin “düşmən media qurumu” kimi təqdim edilməsi ilə bağlı bəyanatında deyilir.

Qeyd olunub ki, jurnalistlərin peşə fəaliyyətinə görə hədələnməsi, media qurumlarının siyasi mülahizələrlə “düşmən” kimi damğalanması və beynəlxalq peşə əlaqələrinin məhdudlaşdırılması söz və ifadə azadlığına, habelə müstəqil jurnalistikanın fundamental prinsiplərinə ziddir:

"Bu cür yanaşma Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Ümumi Bəyannaməsinin 19-cu maddəsi və Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 19-cu maddəsi ilə təmin olunan fikir və ifadə azadlığı hüququnun mahiyyəti ilə uzlaşmır. Eyni zamanda, Beynəlxalq Jurnalistlər Federasiyasının (International Federation of Journalists – IFJ) 2019-cu ildə qəbul etdiyi “Global Charter of Ethics for Journalists” (Jurnalistlər üçün Qlobal Etik Xartiya) jurnalistlərin peşə fəaliyyətinin siyasi təzyiq və hədələrdən kənar həyata keçirilməsini beynəlxalq peşə etikasının əsas prinsiplərindən biri kimi təsbit edir.

Belə addımlar təkcə jurnalistlərin peşə fəaliyyətinə deyil, həm də cəmiyyətin sərbəst informasiya almaq hüququna mənfi təsir göstərir, media sahəsində beynəlxalq əməkdaşlıq və qarşılıqlı etimad mühitinə xələl gətirir.

Azərbaycan Jurnalistlər Birliyi hesab edir ki, media sahəsində yaranan fikir ayrılıqları yalnız beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsipləri, peşə etikası və qarşılıqlı hörmət əsasında həll olunmalıdır. Jurnalistlərin peşə fəaliyyətinə görə hədələnməsi, onların beynəlxalq peşə əlaqələrinin məhdudlaşdırılması və media qurumlarının siyasi qarşıdurmaların alətinə çevrilməsi beynəlxalq hüququn fundamental prinsipləri ilə uzlaşmayan yanaşmadır.

Azərbaycan Jurnalistlər Birliyi Azərbaycan mediasına və jurnalistlərinə qarşı yönələn hər hansı təhdidi, əsassız ittihamı və ayrı-seçkilik cəhdini qətiyyətlə rədd edir. Azərbaycan jurnalistlərinin peşə fəaliyyətinə kənardan müdaxilə edilməsini və onların peşə borclarını yerinə yetirmələrinə maneə yaradılmasını jurnalist peşəsinin universal dəyərlərinə və beynəlxalq peşə etikasına zidd hesab edir.

Azərbaycan Jurnalistlər Birliyi Beynəlxalq Jurnalistlər Federasiyasını (International Federation of Journalists – IFJ), Avropa Jurnalistlər Federasiyasını (European Federation of Journalists – EFJ), Beynəlxalq Mətbuat İnstitutunu (International Press Institute – IPI) və media azadlığının müdafiəsi istiqamətində fəaliyyət göstərən digər beynəlxalq peşə təşkilatlarını baş vermiş hadisəyə prinsipial münasibət bildirməyə, jurnalistlərin peşə hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həmrəylik nümayiş etdirməyə çağırır.

Azərbaycan Jurnalistlər Birliyi bir daha bəyan edir ki, media azadlığına, jurnalistlərin peşə müstəqilliyinə və sərbəst informasiya dövriyyəsinə qarşı yönələn hər bir cəhd azad sözün fundamental prinsiplərinə zərbə vurur. Birlik Azərbaycan Respublikasında media azadlığının, jurnalistlərin qanuni peşə fəaliyyətinin və ölkənin informasiya məkanının qanuni maraqlarının müdafiəsi istiqamətində bundan sonra da prinsipial və ardıcıl mövqeyini davam etdirəcəkdir".

Tarix
2026.07.30 / 20:42
Müəllif
Axar.az
Digər xəbərlər

Nəcibə Nəsibova bu universitetə rektor təyin olundu

“Azərpoçt”da böyük kadr dəyişikliyi - Siyahı

Bu türk ölkəsi ilə 5 ildə ticarət 13 dəfə artıb

Fransanın bu bəyanatları qəbuledilməzdir - XİN

KMBİ fişinq şəbəkəsinin daha iki üzvü saxlanıldı - DİN

İlham Əliyev bu liderlərlə Qolf Klubunun açılışında - Foto

Axtarışda olan şəxs Azərbaycana ekstradisiya olunur

Çolpon-Atada Əliyevin səfərinə həsr olunmuş banner

TDT-nin ilk peyki bu tarixdə buraxılacaq

İlham Əliyev və xanımı Qırğızıstanda səfərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla