Referendum demokratik, ədalətli, tam şəffaf şəkildə
keçirilib.
Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev
Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş
iclasda deyib.
Prezidentin sözlərinə görə, yüzdən çox xarici müşahidəçi
referendumu izləyib:
"Bir neçə beynəlxalq rəy sorğusu agentliyi eksit-poll
keçirmişlər. Eksit-pollun nəticələri və rəsmi nəticələr üst-üstə
düşür. Bu da təbiidir. Çünki referendum tam şəffaf, ədalətli
keçirildi. Mənə verilən son məlumata görə, Mərkəzi Seçki
Komissiyasına təqribən cəmi 20, ya ondan bir qədər çox şikayət
daxil olmuşdur. Bizim beş mindən çox seçki məntəqəmiz var. Cəmi 20,
bəlkə də bir qədər çox şikayət olub. Bu, nəyi göstərir? Onu
göstərir ki, insanlar, Azərbaycan xalqı referendumun nəticələrini
dəstəkləyir. Onların iradəsi referendumun nəticələrində öz əksini
tapmışdır.
Müşahidə aparan beynəlxalq qurumlar, xüsusilə Avropa Şurası
Parlament Assambleyasının nümayəndələri referenduma çox yüksək
qiymət vermişlər. Bunun da çox böyük əhəmiyyəti var. Çünki adətən
Avropa strukturlarında bizi tənqid edirlər. Bir çox hallarda
əsassız tənqid edirlər. Ancaq hətta bizi tənqid etməyə öyrəşən
qurum da artıq heç bir irad tapa bilmir. Bu, referendumun bir
nəticəsidir. Bu, onu göstərir ki, kim nə deyirsə-desin, hansı
uydurma ortaya atırsa-atsın, Azərbaycan demokratiya yolu ilə gedir.
Bizdə azad seçki keçirilir, şəffaf şəkildə referendum keçirilir.
Biz bir çox ölkələr, xüsusilə özlərini demokratiyanın beşiyi sayan
ölkələr üçün nümunə ola bilərik. Gəlsinlər, bizim təcrübəmizi
öyrənsinlər.
Referendumun ikinci əsas nəticəsi ondan ibarətdir ki, Azərbaycan
xalqının mütləq əksəriyyəti təklif olunan dəyişikliklərə öz
dəstəyini verdi. Bu da əslində bizim siyasətimizə növbəti dəfə xalq
tərəfindən verilən böyük dəstəkdir. Mən şəxsən bunu belə qəbul
edirəm. Çünki təklif olunan dəyişikliklər biz tərəfdən irəli
sürüldü və Azərbaycan xalqı, onun böyük əksəriyyəti bu referenduma
"Hə" dedi. Bu, əlbəttə ki, bizə əlavə güc verir. Bu, bizim üçün
böhranlı ildə növbəti bir test, sınaq idi.
Əlbəttə, onsuz da mən bilirəm ki, ölkəmizdə hansı ab-hava var,
insanları hansı məsələlər düşündürür və onların ümumi işimizə
münasibəti necədir. Bunu mən yaxşı bilirəm. Referendumun nəticələri
bütün ölkəyə, bütün xalqımıza, dünyaya bunu bir daha əyani şəkildə
təqdim etdi. Azərbaycan xalqı apardığımız siyasəti dəstəkləyir, bu
dəstəyə sadiqdir və görür ki, bizim siyasətimizə alternativ siyasət
yoxdur. Alternativ siyasət fəlakət ola bilər, yenə Azərbaycanı
uçuruma apara bilər, yenə Azərbaycanı qırğın meydanına çevirə
bilər. Azərbaycan xalqı bizim siyasətimizi dəstəkləyərək
referendumda "Hə" dedi. Azərbaycan xalqına göstərdiyi böyük etimada
və dəstəyə görə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Əziz
xalqımı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da bu yolla
gedəcəyəm, Azərbaycanın inkişafını təmin edəcəyəm və heç bir kənar
qüvvə bizi bu yoldan çəkindirə bilməz".