Belə məhdudiyyətlərin tətbiq olunmasına dünyada nümunə yoxdur. Mən bir qədər araşdırdım və buna bənzər məhdudiyyətlə rastlaşmadım. Əksinə, belə qərarlar insanların kartdakı vəsaitlərini daha tez nağdlaşdırmasına səbəb olacaq.
Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Azərbaycanda bank kartları ilə kartdan-karta əməliyyatlara limit tətbiq edilməsi barədə danışarkən deyib.
“İndiyədək insanlar rahat şəkildə kartda pul saxlayırdılar, kartdan-karta pul köçürürdülər. Məsələn, mən özüm də gün ərzində yoldaşıma və ya övladıma pul göndərirdim ki, tez alış-veriş etsinlər. Bu, həm rahat, həm də sürətli idi.
Ümumiyyətlə, istənilən məhdudiyyətin alternativi olur. Əgər hökumət düşünürsə ki, bu qərar qeyri-leqal əməliyyatların və vergidən yayınmanın qarşısını alacaq, məncə, əks effekt verəcək.
İnsanlar sadəcə nağd pula üstünlük verəcəklər. Kartda pul saxlamaq əvəzinə, bankomatdan çıxarıb nağd şəkildə istifadə edəcəklər. Yəni, yenidən köhnə sistemə qayıdılacaq.
Belə məhdudlaşdırıcı addımlarla vergi intizamını gücləndirmək və ya digər problemləri həll etmək mümkün deyil”, - o bildirib.
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli isə saytımıza açıqlamasında bildirib ki, kartdan-karta köçürmələrə limit tətbiq edilməsinin əsas məqsədi qeyri-rəsmi sahibkarlıq fəaliyyətini, vergidən yayınma hallarını və çirkli pulların yuyulması risklərini azaltmaqdır.
“Doğrudur, bəzi hallarda fərdi kartlardan kommersiya məqsədilə istifadə olunur və bu, dövlət üçün nəzarət baxımından problem yaradır. Lakin eyni məhdudiyyətin bütün istifadəçilərə şamil edilməsi müəyyən narahatlıqlar doğurur.
Bu, nəzarət üçün mümkün vasitələrdən biridir, amma yeganə çıxış yolu hesab oluna bilməz. Daha hədəfli yanaşmalar tətbiq etmək olardı. Məsələn, müntəzəm olaraq çoxsaylı və yüksək məbləğli köçürmələr qəbul edən kartlar risk əsasında təhlil edilə, yalnız şübhəli əməliyyatlar əlavə yoxlamaya cəlb oluna bilərdi. Eyni zamanda, kommersiya fəaliyyəti ilə məşğul olan şəxslərin biznes hesablarından istifadəsini stimullaşdırmaq, qeydiyyat və vergi prosedurlarını sadələşdirmək daha effektiv nəticə verə bilərdi.
Hazırkı limitlər isə yalnız qeyri-rəsmi sahibkarlara deyil, gündəlik həyatda kartdan istifadə edən adi vətəndaşlara da təsir göstərir. Ailə üzvləri arasında tez-tez pul köçürmələri edənlər, kiçik ticarətlə məşğul olanlar, müxtəlif xidmətlərə görə ödənişləri kartdan-karta həyata keçirən şəxslər əlavə çətinliklərlə üzləşə bilərlər.
Daha balanslı yanaşma həm dövlətin nəzarət imkanlarını qoruyar, həm də qanuni istifadəçilərin gündəlik maliyyə əməliyyatlarını məhdudlaşdırmazdı. Buna görə də uzunmüddətli perspektivdə risk əsaslı nəzarət mexanizmlərinin və rəqəmsal monitorinq sistemlərinin tətbiqi daha məqsədəuyğun görünür”, - Akif Nəsirli vurğulayıb.