2016-cı il 5-8 oktyabr tarixlərində "Dövlət Sərhəd
Xidmətinin bölmələri tərəfindən Xəzər dənizinin Azərbaycan
Respublikasına mənsub bölməsində yerləşən neft-qaz infrastrukturuna
qarşı təhlükə yarandıqda axtarış əməliyyatlarının aparılması və
aşkar olunmuş terror-təxribat qüvvələrinin zərərsizləşdirilməsi"
mövzusunda taktiki təlimlər keçirilib.
DSX-dən Axar.az-a verilən məlumata görə, taktiki təlimlərin əsas
məqsədi Xəzər dənizində neft-qaz yataqları, sualtı boru
kəmərlərinin mühafizəsinin təşkili və döyüş əməliyyatlarının
aparılması zamanı Dövlət Sərhəd Xidmətinin bölmələrinin döyüş
hazırlığının yüksəldilməsi, qarşılıqlı fəaliyyətdə komandir
heyətinin idarəetmə bacarığının inkişaf etdirilməsi, qaranlıq hava
şəraitində sərhəd axtarışının aparılması, raket-artilleriya
qurğularından atışların keçirilməsi üzrə praktiki vərdişlərin
təkmilləşdirilməsi olub.
Üç mərhələdə on taktiki epizod üzrə keçirilən təlimlərdə
neft-qazçıxarma rayonlarının, platformaların, ixrac boru
kəmərlərinin mühafizəsi və müdafiəsi ilə bağlı Dövlət Sərhəd
Xidmətinin Sahil Mühafizəsinin və Aviasiya Dəstəsinin gündəlik
şəraitdən fövqəladə şəraitə keçirilməsi və birgə axtarış
əməliyyatlarının aparılması, sorğuya cavab verməyərək ərazidən
uzaqlaşan gəminin dayandırılması üçün xəbərdarlıq atəşinin
açılması, havadan çevik qrupun helikopter vasitəsilə gəmiyə
desantlaşdırılması, gəmidə şərti düşmənin terror-təxribat qrupunun
zərərsizləşdirilməsi, dayandırılmış gəmiyə təlim keçmiş xidməti
itlər və xüsusi axtarış vasitələri ilə baxış keçirilməsi, kütləvi
qırğın silahlarının komponentlərinin və narkotik vasitələrin aşkar
edilməsi kimi təlim tapşırıqları uğurla icra olunub.
Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi
gəmilərinin və Aviasiya Dəstəsinin helikopterlərinin
zenit-artilleriya qurğuları və raket komplekslərindən günün işıqlı
və qaranlıq vaxtlarında hədəflərə döyüş atışları müvəffəqiyyətlə
həyata keçirilmiş, neft platforması rayonunda kəşfiyyat fəaliyyəti
ilə məşğul olan rəqibin pilotsuz uçuş aparatının və tələblərə tabe
olmayan pozucu qayığın, şərti düşmənin sualtı təxribat qruplarının
və sahildə düşərgə qurmuş şərti terrorçu qruplarının qaranlıq hava
şəraitində aşkarlanması və məhv edilməsi üzrə tapşırıqlar yüksək
dəqiqliklə icra edilib.
Cari ilin iyun ayının 13-də Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab Ilham
Əliyevin baxış keçirdiyi Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin
Gəmi İnşası və Təmiri Mərkəzində tikintisi başa çatdırılan
itisürətli və yüksək üzmə qabiliyyətinə malik, mükəmməl naviqasiya
və radiotexnika avadanlıqları ilə, müasir silahlarla təchiz edilmiş
sərhəd gözətçi gəmiləri təlimlərdə uğurla sınaqdan keçirilib.
Təlimlərdə qarşıya qoyulan vəzifələr tam həcmdə icra olunmuş,
şəxsi heyət möhkəm intizam, yüksək döyüş hazırlığı nümayiş
etdirib.
Dövlət Sərhəd Xidmətinin rəisi Sərhəd Qoşunlarının Komandanı
general-polkovnik Elçin Quliyev təlimlərin uğurlu yekunu
münasibətilə şəxsi heyəti təbrik edib, Xəzər dənizində dövlət
sərhədlərinin etibarlı mühafizəsinin və neft-qaz hasilatı daşınması
infrastrukturunun təhlükəsizliyinin təmin edilməsinin Dövlət Sərhəd
Xidmətinin əsas vəzifələrindən biri olmasını xüsusi vurğulayıb,
Xəzər dənizində sərhəd mühafizə imkanlarının təkmilləşdirilməsi və
şəxsi heyətin peşəkarlığının daha da artırılması istiqamətində
hərbi hissə və bölmələr qarşısında konkret tapşırıqlar müəyyən
edib.
Təlimlər zamanı yüksək peşəkarlıq nümayiş etdirmiş hərbi
qulluqçular təltifləndiriliblər.
Taktiki təlimləri Azərbaycan Respublikası Baş Nazirinin birinci
müavini Yaqub Eyyubov izləyib.