Yuxarı

Anar Niftəliyev: "Ekspertlər qatil həkimlərdən rüşvət alıb"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin ekspert qrupu, başda birliyin direktor müavini Ziya Məmmədov olmaqla, Elnarə Tofiqqızının qətlində iştirak edən həkimlərdən rüşvət alıb".

Bu sözləri APA-ya açıqlamasında ötən ilin sentyabrında cərrahiyə əməliyyatı zamanı vəfat edən tənqidçi Elnarə Tofiqqızının həyat yoldaşı, jurnalist Anar Niftəliyev deyib.

A.Niftəliyev bildirib ki, iddiasını sübut etmək üçün kifayət qədər əsası var: "Məndə bu barədə məlumat hələ Nəsimi Rayon Prokurorluğunda cinayət işi açıldıqdan sonra vardı. Bildirilmişdi ki, cinayət işini aparan müstəntiq göz yumur və Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin ekspert qrupu elə bir rəy verir ki, məsuliyyət yalnız anestezioloqun üzərində qalır. Buna görə də mən cənab prezidentə, baş prokurora və səhiyyə nazirinə müraciət etdim. Cinayət işinin istintaqı baş prokurorun nəzarətinə keçdikdən sonra ekspertizaya təkrar suallar göndərildi. Ancaq bu dəfə də Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin ekspert qrupu həkimlərin ayrı-ayrılıqda məsuliyyətinin nədə olması ilə bağlı sualı cavablandırmaqdan yayındı. Buna görə də Birliyin rəisi Şakir Musayevlə görüşdüm və bu problemi qaldırdım. Şakir müəllim məni əmin etdi ki, prezidentin nəzarətində olan bir işdən kimsə rüşvət almaz, yalnız prokurorluq sualını aydın qoymadığı üçün cavablar da mücərrəd alınıb. Daha sonra, yanvarın 22-də baş prokurorun birinci müavini Rüstəm Usubovla görüşümdə bu məsələdən narahatlığımı bildirdim. R.Usubov bu cinayət işi ilə bağlı öz yanında müzakirələr aparıldığını və Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi ekspertlərinin cavablandırması üçün 5-ci dəfə işin onlara göndərildiyini, 12 sualdan ibarət konkret cavab tələb edən sorğu verildiyini nəzərimə çatdırdı. Aradan az qala iki aya yaxın vaxt keçib. Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin ekspertlərinin cavabı hazırdır, amma yenə də həkimlərin ayrı-ayrılıqda məsuliyyəti ilə bağlı prokurorluğun ünvanladığı suala konkret cavab verilməyib".

A.Niftəliyev deyib ki, onu aldadaraq cərrahiyyə əməliyyatına razı salan və tamah məqsədilə dələduzluq edən həkim Fərəcullah İdrisovla üzləşəndə onun heç bir mənəvi əzab çəkmədiyinin, cinayət təqibinin olmayacağına dair arxayınlığının şahidi olub ki, bu da hazırkı iddiasının sübutlarından biridir: "Həkimlər məsuliyyətə cəlb olunmayacaqlarına çox əmindirlər. O qədər ki, hətta müstəntiqin çağırışına da "elmi işimin müdafiəsidir" deyə gəlmirlər. Çox çirkin bir şəbəkənin şahidi oluram. İlk iş günündəcə cənab prezidentə müraciət edəcəyəm. Onun müdaxiləsi olmasa, bu cinayət işi ört-basdır ediləcək. Bütün proses ona aparır".

Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktor müavini Ziya Məmmədov APA-ya bildirib ki, bu məsələ ilə bağlı A.Niftəliyevin iddiası ilə tanış olduqdan sonra açıqlama verəcək.

Qeyd edək ki, 1977-ci il təvəllüdlü E.Tofiqqızı ötən il sentyabrın 20-də Bakının Nəsimi rayonunda yerləşən "Medi Sina" Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib. Ölüm işi ilə bağlı sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda cinayət işi qaldırılıb.

Tarix
2014.03.10 / 15:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla