İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi Sərrafın ardınca ölkənin Birinci vitse-prezidenti Məhəmməd Rza Arif də Azərbaycan Respublikasında məktəblilərin geyim normalarının sərtləşdirilməsi ilə bağlı qərara münasibət bildirib.
Axar.az xəbər verir ki, Arif X sosial şəbəkəsində Azərbaycanın bu qərarını qızların “təhsildən məhrum edilməsi” kimi qələmə verib və vahid məktəbli geyimi ilə razılaşmayanların İranda təhsillərini davam etdirmələrinə şərait yaradılmasını istəyib.
“İranın Elm Nazirliyinin Azərbaycan Respublikasında təhsildən məhrum qalan hicablı qızlarla bağlı dəvətini alqışlayıram. Hörmətli səhiyyə və təhsil nazirlərindən və İslami Azad Universitetinin hörmətli prezidentindən də azərbaycanlı tələbələrin qəbulu və təhsilinin davam etdirilməsi üçün lazımi tədbirləri görmələrini istəyirəm”, - Arif yazıb.
İranda 40 milyon azərbaycanlını ana dilində təhsil almaqdan məhrum edən bu zehniyyət azərbaycanlı uşaqlara hansı dildə təhsil verməyi düşünür?
Digər tərəfdən, niyə İslami Azad Universiteti? Ona görə ki, Ayətullah Xomeyninin dəstəyi ilə Əkbər Haşimi Rəfsəncani tərəfindən qurulub!
O Rəfsəncani ki, Xocalı qətliamı ərəfəsində Ayaz Mütəllibov Tehranda ondan yardım xahiş etmiş və rədd cavabı almışdı!
O Rəfsəncani ki, Azərbaycanın vasitəçilik xahişini “can-başla” yerinə yetirmiş və İranda tərəflər arasında görüş təşkil edərək, Azərbaycanı danışıqlara inandırmış və nəticədə Şuşanın 8 may 1992-ci ildə işğalına şərait yaratmışdı!
O Rəfsancani ki, “vasitəçilik edən tərəf” kimi danışıqlar vaxtı Ermənistan ordusunun hücuma keçməsi ilə İranın təşəbbüsünün içinə zibil qoyması səbəbindən bu ölkəyə sanksiya tətbiq etmək əvəzinə siyasi və iqtisadi dəstəyi artırmış, Azərbaycanın Ermənistanı tam blokadaya almasına qarşı dirəniş göstərmiş və iqtisadi baxımdan bu işğalçı ölkəni xilas etmək üçün heç bir yardımı əsirgəməmiş, düşmən, xristian, məscidləri dağıdan, məscidlərdə donuz saxlayan Ermənistanı xilas etmişdi!
İndi bu Rəfsəncaninin universiteti din qoruyan olub, hicaba görə azərbaycanlı qızlara təhsil şəraiti yaradacaqmış!
Bu “dinqoruyan” İran Xocalı qətliamında 613 şiə-müsəlman qardaşı qətlə yetiriləndə niyə səsini çıxarmırdı?
Bu “dinqoruyan” Ağdamda məscidə donuz salınanda niyə etiraz etmirdi?
Xristian ermənilərə “qardaş” deyib, şiə-müsəlman Azərbaycanın ərazisinin işğalına şərait yaradan, bir milyon azərbaycanlı-müsəlmanın 30 il qaçqın qalmasına ləzzətlə tamaşa edən İran “müsəlman” olub, müsəlman qızların təhsilindən narahatmış!
“Geyimin təhsilə mane olmaması gərəkdiyini” bildirən Sərraf baş yaylığından imtina etdiyi üçün küçədən oğurlanıb polis bölməsinə aparılan və orada zorlanıb öldürülən Məhsa Əminiyə görə səsini niyə çıxartmır?
Xameneinin nəvələri ABŞ-da sivil insanlar kimi, açıq-saçıq geyimdə poz verirlər, bunlar orta məktəb uşaqlarını çadraya bürüyürlər!
Bir ölkənin naziri və vitse-prezidenti ki öz ölkəsinin dərd-səri ilə məşğul olmaq, iqtisadi iflasının qarşısını almaq əvəzinə qonşuların daxili işlərinə burununu soxa...
Bir ölkənin ki Sərraf adı daşıyan elm naziri naşı, Arif adı daşıyan vitse-prezidenti nadan ola, o ölkənin gələcəyi heç yaxşı görünmür...