Baş naziri Nikol Paşinyan bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev şəxsi söhbətlər zamanı Ermənistanın Konstitusiyaya dəyişiklik məsələsini müstəqil şəkildə həll etmək hüququnu tanıyıb. Bununla belə, Bakı mövcud konstitusion müddəalar qüvvədə olduğu müddətdə İrəvanla sülh sazişi imzalamaq istəmədiyini bəyan edib.
Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Paşinyan “Restart” fondunun təşkil etdiyi “MaskOFF” adlı panel müzakirəsində danışıb.
Baş nazirin sözlərinə görə, Azərbaycanla müzakirələrə başlayarkən Konstitusiya məsələsinin Ermənistanın daxili işi olduğu barədə mövqe əsas götürülüb. O bildirib ki, İrəvan bu məsələni heç bir xarici aktor və ya tərəfdaşla müzakirə etmək niyyətində deyil, qərarı yalnız öz xalqı ilə müzakirələr əsasında vermək istəyir.
Paşinyan qeyd edib ki, Əliyev şəxsi söhbətlərdə Bakının bu mövqeyi qəbul etdiyini təsdiqləyib və Ermənistandan Konstitusiyanı dəyişdirməyi birbaşa tələb etməyib.
Lakin Ermənistan baş nazirinin iddiasına görə, Azərbaycan tərəfi mövcud konstitusion müddəalarla sülh sazişini imzalamaq və onu Ermənistanla ratifikasiya etmək istəmədiyini də açıqlayıb.
Paşinyan vurğulayıb ki, bu iki mövqe zahirən oxşar görünsə də, aralarında prinsipial fərq var və vəziyyət qiymətləndirilərkən həmin fərq nəzərə alınmalıdır.