"Son on il ərzində Azərbaycan kimi iqtisadi sahədə
sürətlə inkişaf edən ikinci ölkə olmayıb. Bu, böyük tarixi
nailiyyətimizdir. Ölkə qarşısında duran bütün vəzifələr uğurla icra
edilir, iqtisadi potensialımız artır, iqtisadiyyat üç dəfədən çox
artıb. Ölkədə böyük sosial layihələr, sosial proqramlar icra
edilir, iqtisadi islahatlar, eyni zamanda, sosial məsələlərin
həllində də bizə kömək göstərir".
"Axar.az" APA-ya istinadən xəbər verir ki, bu barədə prezident
İlham Əliyev Bakıda, Azərbaycan xalqının milli bayramı - Novruz
münasibətilə ümumxalq şənliyindəki nitqində deyib.
Dövlət başçısı qeyd edib ki, iqtisadi potensialın artırılması
üçün daha da gözəl imkanlar var: "Çünki biz artıq iqtisadiyyatımızı
şaxələndirə bilmişik. Keçən il qeyri-neft sektorumuz təxminən 10
faiz, bu ilin iki ayında təxminən 9 faiz artıb. Yəni, bu, onu
göstərir ki, iqtisadiyyatla bağlı qarşıda duran əsas vəzifələr
uğurla icra edilir. Gələcək illərdə bu sahədə islahatlar davam
etdiriləcək. Azərbaycanda çox güclü sənaye potensialı yaradılacaq.
Bundan sonra Azərbaycan iqtisadiyyatı qeyri-neft sektoru hesabına
inkişaf edəcək. Artıq biz bunu görürük və bölgələrdə aparılan
işlər, sənayenin, kənd təsərrüfatının inkişafı, ərzaq
təhlükəsizliyi məsələləri ilə bağlı olan təşəbbüslər öz səmərəsini
verməkdədir".
"Biz iqtisadi sahədə apardığımız islahatlarla dünyanın aparıcı
iqtisadi qurumlarının da yüksək qiymətlərinə layiq ola bilmişik. Bu
gün dünyanın aparıcı iqtisadi qurumu olan Dünya İqtisadi Forumu
Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə 39-cu
yerə layiq görüb. Bu, islahatlar nəticəsində əldə edilmiş
uğurlardır. Ancaq istənilən islahat ilk növbədə, insanların həyat
şəraitinin yaxşılaşmasında özünü büruzə verməlidir və bu, özünü
göstərir. Bu gün yoxsulluq şəraitində yaşayan soydaşlarımızın sayı
getdikcə azalır, işsizlik aradan götürülür", - deyə İ.Əliyev
vurğulayıb.
Azərbaycanın dünyada çox önəmli enerji təchizatçısı olduğunu
xatırladan İ.Əliyev keçən ilin sonunda Avropanın ən böyük
infrastruktur layihəsinə Bakıda start verildiyini bildirib: "Uzun
illərdir ki, "Cənub" qaz dəhlizinin yaradılması ilə bağlı
danışıqlar gedirdi. Mən təqribən son 7-8 il ərzində ondan çox
beynəlxalq tədbirdə iştirak etmişəm. Ancaq bu tədbirlərin nəticəsi
olmamışdı. Bəyanatdan başqa heç bir praktiki addımlar atılmamışdı.
Azərbaycan dövləti bu sahədə də liderliyi, bütün məsuliyyəti,
siyasi, iqtisadi, maliyyə məsuliyyətini üzərinə götürərək bu
layihəyə də start verdi. Bu layihə bizim uğurlu gələcəyimizi təmin
edəcək, Azərbaycanda sosial problemlərin həllinə kömək göstərəcək.
Bu layihə Azərbaycanı dünya miqyasında önəmli güc mərkəzi kimi
təqdim edəcək və bizim uzunmüddətli, dayanıqlı inkişafımızı
şərtləndirəcəkdir".
"Gələcək inkişafımızla bağlı bu ilin əvvəlində də önəmli
addımlar atılıb. Keçən ay regionların sosial-iqtisadi inkişafı
Dövlət Proqramı qəbul edilib. Qalan sosial və iqtisadi məsələlər də
2018-ci ilə qədər bu proqramın icrası nəticəsində öz həllini
tapmalıdır. Beləliklə, Azərbaycan bundan sonra da inamla inkişaf
edəcəkdir", - deyə İ.Əliyev bəyan edib.