17:40
Sumqayıt şəhərində ağır yol qəzası baş
verib.
"Axar.az" APA-ya istinadən xəbər verir ki, yol qəzası bu gün
saat 17 radələrində Sumqayıt Texnologiya parkının yanında qeydə
alınıb.
3 saylı xətt üzrə hərəkət edən "Daewoo" markalı sərnişin
avtobusu "SHACKMAN" markalı yük avtomobili ilə toqquşub.
Polisdən qəza nəticəsində ölən və xeyli sayda yaralı olduğu
bildirilir.
18:33
Bu gün Sumqayıt şəhərində baş verən ağır yol qəzasında
ilkin məlumatlara əsasən 1 nəfər ölüb, 20-yə yaxın insan
yaralanıb.
Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım
Stansiyasından verilən xəbərə görə, ölən şəxs avtobusun sürücüsü
Ramiz Qurban Oğlu Muradovdur. O, hadisə yerindəcə dünyasını
dəyişib.
Yaralılar Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının
Travmatologiya Şöbəsinə yerləşdirilib. Hazırda onların müayinələri
aparılır.
20:20
Bakı-Quba yolunun 40-cı kilometrliyində "İsuzu" markalı
sərnişin avtobusu ilə "Ford" markalı yük avtomobili toqquşması
barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
"Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi
saytına istinadən məlumat verir ki, dərhal Fövqəladə Hallar
Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki,
"İsuzu" markalı avtobusun təxminən 20 nəfər sərnişini xilasedicilər
çatana kimi yaralı vəziyyətdə xəstəxanaya aparılıb və sürücü Vaqif
Azad oğlu Behbudov isə hadisə yerində vəfat edib.
Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə
deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış
sürücünün cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.
Əməliyyat saat 17:19-da başa çatıb. Hadisə ilə əlaqədar müvafiq
qurumlar tərəfindən təhqiqat aparılır.