Ölkə başçısının İrana rəsmi səfəri öz nəticələrini
verməkdədir. Məhz bu səfərdən sonra ANS Azərbaycan teleməkanında
uğur əldə edib. Söhbət İranda fəaliyyət göstərmək üçün verilən
lisenziyadan gedir. Bu həm iki ölkənin mediası, həm də dövlətlərin
daha da yaxınlaşmasına imkan verəcək. İranda fəaliyyət göstərmək
üçün verilən lisenziyanın əhəmiyyətini daha da artıran dünyanın ən
nüfuzlu kütləvi-informasiya vasitələrinin (KİV) çoxunun bu imkandan
məhrum olmasıdır.
ANS Müstəqil Yayım və Media Şirkəti (MYMŞ) İranda fəaliyyət
göstərməsi üçün lisenziya aldı. Bununla da ANS İranda fəaliyyət
göstərməsi üçün rəsmi dövlət səviyyəsində razılıq alan ilk
Azərbaycan televiziya kanalı oldu. Lisenziyanı İranın
Azərbaycandakı səfiri Möhsün Pak Ayin bu gün ANS Şirkətlər Qrupunun
prezidenti Vahid Mustafayevə təqdim etdi.
Dünyanın bir çox aparacı televiziya kanalları bu lisenziyanı
almağa hələ də müvəffəq olmayıb. Rusiyanın, ABŞ-ın, Avropanın
aparıcı ölkələrinin televiziya kanalları, beynəlxalq miqyaslı
televiziya şirkətləri buna nail ola bilməyiblər. Bu müvəffəqiyyət
ANS-ə indi göründüyü qədər rahat və tez başa gəlməyib. Bunun üçün
ANS illərini sərf edib. Uzun danışıqlardan sonra təxminən 5 il
əvvəl ANS İranda müxbirinin fəaliyyət göstərməsinə nail oldu. Bu,
ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevin İrana
səfərindən və orada apardığı danışıqlardan sonra mümkün oldu.
ANS Şirkətlər Qrupunun Prezidenti Vahid Mustafayevin sözlərinə
görə, bu müddət ərzində bü günə qədər biz çalışırdıq ki, hətta o
səviyyəyə gəlib çatmışdıq ki, İran dövləti orda bizim müxbir
məntəqəmizin yaranmasına imkan vermişdi: "Hətta, biz son vaxtlar
ordan reportajlar da çəkirdik və göstərirdik. Bizə maneçilik də
törətmirdilər. Lakin bunlar rəsmi səviyyədə deyildi".
İndi isə bu lisenziyanın verilməsilə İran öz qapılarını ANS-in
və Azərbaycan tamaşaçısının üzünə taybatay açdı. İki ölkə arasında
zamanla yaşanan anlaşılmazlıqların aradan qalxması və
münasibətlərin inkişafı ilə bağlı indi hər iki tərəfin söz deməyə
ortaq məkanı var. Bura ANS-dir".
İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin deyir ki, ANS
İranda iki ölkə münasibətlərinə müsbət və obyektiv baxışı olan bir
telekanal kimi tanınır: "Səfirlik olaraq bizim aramızda da hər
zaman yaxın əlaqələr olub. ANS-dəki dostlarımız zamanla İrana səfər
ediblər. Bu səfərlər çərçivəsində iki ölkə xalqlarının
yaxınlaşmasına xidmət edən süjetlər hazırlanıb. Məhz bu cür
münasibətlər və sıx əməkdaşlıq ANS-in lisenziya əldə etməsinə səbəb
oldu".
ANS-ə İran haqqında məlumatları daha sərbəst əldə etmək imkanı
qazandıran bu tarixi hadisə həm də iki ölkə media nümayəndələrinin
sıx əməkdaşlığını təmin edəcək.
İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin qeyd edib ki, media
sahəsində güc sahibi olan ölkələr öz istədiklərini məhz media
vasitəsilə digər ölkələrdə yaymağa çalşırlar: "Media sahəsində
yaşanan azadlıq da məhz bu istəklərin reallaşdırılmasına yardım
edir. Bu isə məlumatların qeyri-obyektiv yayılmasına səbəb olur.
Buna görə də İran islam Respublikası iki ölkə mediasının
yaxınlaşmasını dəstəkləyir və gələcəkdə onlar arasında sazişlərin
imzalanacağına inanır".
Təbii ki, ANS-in bu uğuru Azərbaycan və İran arasında
münasibətlərin yaxınlaşmadan mümkün deyildi. Bu isə prezident İlham
Əliyevin İrana rəsmi səfərindən, prezident Həsən Ruhani və İranın
ali dini lideri Ayətullah Əli Xomenei ilə keçirdiyi görüşlərdən
sonra mümkün oldu.
Təsadüfi deyil ki, məhz o görüşdən bir həftə sonra ANS dövlət
səviyyəsində qeydiyyatdan keçərək lisenziya əldə etdi və beləliklə
bu ölkədə yazılı, video və foto jurnalistika ilə məşğul olmaq
imkanı qazandı.
ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev bildirib ki,
bizə bu gün lisenziyanı təqdim edəndə bir daha vurğulandı ki, bu
məhz iki ölkə prezidentlərinin görüşünün nəticəsində müsbət olaraq
baş verən bir hadisədir: "Fürsətdən istifadə edərək bir daha bizim
prezidentimizə, İlham müəllimə bütün ANS adından, öz adımdan, ANS
sevərlərin adından, İranda yaşayan ANS sevərlər adından öz
təşəkkürümüzü bildirmək istəyirik".
Xatırladaq ki, ANS "Avropanın Kommersiya Televiziya Yayımçıları"
Birliyinin - ENEX-in üzvüdür. Tehranda müxbir məntəqəmizə lisenziya
verilməsi barədə xəbər bu qurum tərəfindən də müsbət qarşılanıb.
Çünki bu, Avropanın əksər telekanallarının ANS vasitəsilə İrandan
gələn obyektiv informasiyaya və zəngin videosüjetlərə çıxış əldə
etməsi deməkdir. /ANS/