Sabiq müdafiə naziri Səfər Əbiyevin kirvəsi, vəzifədən
uzaqlaşdırılan Kənd Təsərrüfatı nazirinin müavini Aslan Aslanovla
bağlı "Aznews.az"a ilginc məlumatlar daxil olub.
Sabiq Müdafiə naziri Səfər Əbiyevlə qohumluq əlaqəsindən
istifadə etməklə orduda "nəzarətçi" funksiyasını yerinə yetirən
Aslan Aslanov vəzifədən kənarlaşdırıldıqdan sonra Gürcüstana getmək
istəsə də, "Qırmızı körpü"də saxlanılıb ki, bu da ona qarşı
narazılıqların üzə çıxmasına səbəb olub.
Mənbənin sözlərinə görə, əslində, A.Aslanovun durumu hələ vəzifədən
çıxarılmazdan əvvəl - yəni "Hərbi vəzifə və hərbi xidmət haqqında"
qanunun tətbiqi barədə fərmanın imzalanmasından sonra pisləşib.
Fərmana əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin
tabeliyində olan Hərbi Komissarlıq, Naxçıvan Muxtar Respublikasının
Hərbi Komissarlığı, rayon və şəhər hərbi komissarlıqları ləğv
edilərək, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidməti yaradılıb. Bu isə S.Əbiyevin ordudakı
"nəzarətçisi" Aslan Aslanovun təsir imkanlarını zəiflədib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti
yaradıldıqdan sonra xidmətin 18 rayon üzrə idarə rəislərinin
tutduqları vəzifədən azad edilməsi Aslanova qarşı narazılar
ordusunun yaranmasına rəvac verib. İşdən çıxarılanların əksəriyyəti
Aslan Aslanovun kadrları imiş. Səfər Əbiyevin Müdafiə naziri,
özünün isə Kənd Təsərrüfatı nazirinin müavini postundan
uzaqlaşdırılmasından sonra bu müddət ərzində susan bir çox keçmiş
hərbi komissarlar Aslan Aslanova qarşı birləşib. Bu da onun
vəziyyətini gərginləşdirib.
Məlumata görə, A.Aslanovun vaxtilə təyin etdirdiyi və bunun
müqabilində külli miqdarda pul aldığı şəxslər indi pullarını geri
tələb edirlər. Belə ki, A.Aslanov Şəmkirdə İcra Hakimiyyətinin
başçısı və daha sonra nazir müavini işlədiyi dövrlərdə hərbi
komissarların təyinatını "həyata keçirib". A.Aslanova verdiyi
pulları geri istəyənlər arasında Kəpəz, eləcə də Şəmkirin keçmiş
hərbi komissarları da var. Onlar da Aslan Aslanovdan narazılar
sırasındadırlar.
Məlumata görə, hərbi komissar Əli Əhmədovu daha yüksək vəzifə
vədi verərək külli miqdarda pul alan A.Aslanovun bu vədini yerinə
yetirə bilməməsi daha pis nəticələrə yol açıb. Belə ki, nə vəd
olunan vəzifəni, nə də bu vəzifə üçün Aslanova verdiyi pulu geri
ala bilən Ə.Əhmədovun psixi durumu gərginləşib. Səhhətində yaranan
problemlər üsə onun ümumiyyətlə sistemdən uzaqlaşmasına səbəb
olub.
A.Aslanovun Bakıda yüksək vəzifə vəd etdiyi şəxslərdən biri də
Tovuzun hərbi komissarı Ağaverdi Fəttahov olub. Bu vədə inanaraq
S.Əbiyevin kirvəsi olan A.Aslanova pul verən A.Fəttahov da hazırda
pulunu geri tələb edir. Çünki o, verdiyi pulun müqabilində nəinki
daha yüksək vəzifəyə gətirilib, əskinə, təqaüdə göndərilib.
Daha bir narazı şəxs isə hazırda həbsdə olan Binəqədi rayonunun
keçmiş hərbi komissarı Feyzi Ağabəyovdur. Məlumata görə, işlədiyi
vaxt daha "gəlirli" rayona - Xətai rayonuna dəyişmək üçün onunla
anlaşıb. İndi keçmiş komissarın yaxınları Aslan Aslanovun
cəzalandırılmasını tələb edir.
Qeyd edək ki, bütün bu ittihamlara cavab olaraq, Aslan
Aslanobvdan münasibət almaq cəhdlərimiz baş tutmadı.