"Ermənistan işğalçılıq siyasəti nəticəsində Azərbaycana
vurduğu maddi ziyanın təzminatını ödəməlidir, çünkü bunu ondan
beynəlxalq hüquq normaları tələb edir".
Bunu Milli Məclisin deputatı Xanhüseyin Kazımlı Belarusun Brest
şəhərində keçirilən "Avrasiya Qiymətləndiricilər Birlikləri
Assosiasiyası"nın 13-cü beynəlxalq konfransında çıxışı zamanı
deyib.
Milli Məclisin deputatı Avrasiya Qiymətləndiricilər Birlikləri
Assosiasiyasının idarə heyətinin üzvlərini işğalçılıq siyasətindən
əl çəkməyən Ermənistana qarşı iqtisadi sanksiya tətbiq etməyə
səsləyib. Xanhüseyn Kazımlının fikrinə dəstək verən Moldova
nümayəndə heyətinin rəhbəri Dmitri Tereburka həmkarlarına düzgün
qərar verməyin vacib olduğunu xatırladıb: "Azərbaycan Avrasiya
məkanında işğaldan əziyyət çəkən ölkələr sırasındadır. Bu baxımdan
işğal altında olan Dağlıq Qarabağ ve ətraf rayonlara dəyən ziyanın
hesablanması və bununla bağlı Ermənistanın təzminat ödəməsi
beynəlxalq hüquq normalarına əsasən tələb olunmalıdır".
3 gün davam edən beynəlxalq konfransın ilk günündə Azərbaycan və
Moldova tərəfindən irəli sürülmüş işğalçı ölkələrə qarşı iqtisadi
sanksiyaların tətbiq edilməsi layihəsi geniş müzakirə olunaraq
quruma üzv olan ölkələrin səs çoxluğu ilə qəbul olunub. Bu baxımdan
Ermənistanın işğalçılıq siyasətinə görə Azərbaycana vurduğu ziyanın
təzminatını ödəməsi məsələsi beynəlxalq təşkilatın hüquqi sənədinə
daxil edilib.
Qeyd edək ki, 9 ölkədən 60 nəfər peşəkar mütəxəssis və
ekspertlərin iştirak etdiyi beynəlxalq konfransa Milli Məclisin
deputatı Xanhüseyin Kazımlı sədrlik edir. Konfransda MDB və
Avrasiya məkanında baş verən müharibə, terror, münaqişə və təbii
fəlakət zamanı zərər çəkən ölkələrə dəyən maddi ziyanın
hesablanması, beynəlxalq hüquq normalarına əsasən terror və işğalçı
ölkələr tərəfindən zərər çəkən tərəfə təzminatların ödənilməsi,
onlara qarşı iqtisadi sanksyaların tətbiq olunması mexanizminin
öyrənilməsi məsələləri ətrafında geniş müzakirələr aparılıb.
Konfransda Avrasiya Qiymətləndiricilər Konqresinin baş direktoru
Nikolay Trifonov, Moldova nümayəndə heyətinin rəhbəri Dmitri
Tereburka, Gürcüstan, Qazaxistan, Rusiya, Belarus və digər
ölkələrin mütəxəssisləri çıxış edərək Beynəlxalq Avrasiya
Qiymətləndiricilər Konqresinin fəaliyyətinin gücləndirilməsinin
vacibliyindən danışıblar.
Avrasiya məkanında işğala və terrora məruz qalan ölkələrə dəyən
maddi ziyanın birgə hesablanması və aqressiv mövqe nümayiş etdirən
tərəfə cəza sanksiyalarının tətbiq edilməsi üçün beynəlxalq
komissiya yaradılmasının zəruriliyini vurğulayıblar. Tədbir
iştirakçılarının diqqətini Ermənistan silahlı qüvvlərinin
Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətinə yönəldən
Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiasiyasının idarə
heyətinin üzvü, millət vəkili Xanhüseyn Kazımlı bununla bağlı
Azərbaycan respublikasının prezidenti İlham Əliyevin göstərişinə və
Azərbaycan hökumətinin sərəncamına əsasən ölkəmizə dəyən ziyanın
hesablanması üçün işçi qrupunun yaradıldığını və ilkin
hesablamalara görə bu ziyanın 100 milyardlarla ABŞ dolları həcmində
olduğunu nəzərə çatdırıb.
Beynəlxalq Konfrans öz işini iyunun 15-də yekunlaşdıracaq.
ANS