Ekspertlər AŞPA Nazirlər Kabinetinə sədrlik dönəminin
Azərbaycana nələr verəcəyi ilə bağlı məsələni Axar.az oxucuları
üçün şərh edirlər.
Azərbaycan həqiqətlərini Avropaya çatdırmaq
imkanı
Asim
Mollazadə Avropa Şurasında NK-ya Azərbaycanın sədrlik dönəminin
ölkəmizin həqiqətlərini dünyaya tanıtdırmaqdan ötrü mühüm önəm kəsb
etdiyini bildirib:
"Bu, Azərbaycan həqiqətlərini Avropaya çatdırmaq imkanı verir.
Mənə elə gəlir ki, hazırda ölkəmizin problemlərini Avropaya
çatdırmaqdan ötrü gözəl fürsət yaranıb. Problemlərlə yanaşı, biz
Azərbaycan mədəniyyətini də Avropaya tanıtdıra bilərik. Bizim
Avropa ilə münasibətlərimiz çoxşaxəli xarakter daşıyır. Əməkdaşlıq
sahəsində həm siyasi, həm iqtisadi istiqamətə böyük önəm veririk.
Sədrlik dövründə də bunu genişləndirməyə çalışacağıq".
Mühüm etimad
Politoloq
Qabil Hüseynli AŞPA Nazirlik Kabinetinə sədrliyin Azərbaycana
verilməsinin Bakıya göstərilən etimaddan irəli gəldiyini deyib:
"Nazirlər Kabineti icraedici orqandır. Bu isə Azərbaycana çox
imkanlar verir. Bu baxımdan Azərbaycanın bir sıra məsələləri
qaldırmaq, müzakirə etmək hüququ var. Burada Avropa Şurasının cari
məsələləri ilə əlaqədar olaraq təkliflər də irəli sürülə bilər.
Azərbaycana AŞPA Nazirlər Kabinetnin sədri vəzifəsinin verilməsi
ona göstərilən mühüm etimaddır. Bundan əvvəl Ermənistan bu
funksiyanı yerinə yetirib. Postsovet məkanında Azərbaycan ikinci
ölkədir ki, belə vəzifəyə sahiblənib. Bu, bir tərəfdən də göstərir
ki, Azərbaycan beynəlxalq münasibətlərində mühüm siyasi fiqura
çevrilməkdədir. Bu mövqeyindən istifadə edərək Azərbaycan öz
problemlərini Nazirlər Kabinetinin müzakirəsinə çıxara bilər".
Azərbaycan ciddi suallarla qarşılaşacaq
Hüquqşünas
Eyyub Kərimov isə sədrlik dövrü ərzində Azərbaycanın ciddi
suallarla qarşılaşacağını vurğulayıb:
"Azərbaycanın Avropa Şurası Nazirlər Kabinetinə sədrlik etməsi
onun diqqət mərkəzində olması deməkdir. Çünki belədə Avropa
Şurasının deputatları birbaşa suallarını Azərbaycana yönəldəcəklər.
Yəni göz önündə olacağıq. Hesab edirəm ki, mətbuat azadlığı,
Azərbaycanda azad məhkəmələrlə əlaqədar işlər görülməlidir və
görüləcək. Sədrlik edən ölkə ən azı həmin müddət ərzində nümunəvi
olmalıdır. Bu baxımdan Azərbaycan cəmiyyəti üçün ölkəmizin Nazirlər
Kabinetinə sədrliyi uğurludur. Amma hesab edirəm ki, Azərbaycanın
diqqət mərkəzində olmasından düşmənlər də istifadə edəcək və
müzakirələrdə əleyhimizə təkliflər, suallar səsləndirəcəklər. Buna
görə də təmsilçiliyimiz zaman bizi ciddi sınaqlar gözləyir".
Ələ düşən mühüm fürsət
İqtisadçı
ekspert Natiq Cəfərli isə Azərbaycan hakimiyyətinin əlinə düşən
mühüm fürsətdən istifadə edə biləcəyinə ümid etdiyini qeyd
edib:
"Avropa Şurası NK-ya sədrlik zamanı Azərbaycan Avropa
institutlarını cəlb etməklə, ölkənin mühüm problemlərinin həllində
ciddi dəyişikliyə nail ola bilər. Bundan Qarabağla bağlı hər hansı
addımların atılması, həmçinin Ermənistana qarşı xartiyaların qəbul
olunmasını reallaşdıra bilərik. Ölkənin daxilində hökumətin də
imtina etmədiyi söz azadlığı, iqtisadi azadlıq, korrupsiya və digər
şeylərlə bağlı problemlərin həllində də əlverişli fürsət yaranıb.
Ümid edirəm ki, Azərbaycan hakimiyyəti bu fürsətdən maksimum
istifadə edəcək".