Bakı meri Hacıbala Abutalıbovun oğlu, vəhabi olduğu
iddia edilən İsrafil Abutalıbovun həbs olunması ilə bağlı məlumat
yayılıb.
Axar.az-ı məlumatlandıran mənbənin sözlərinə görə, İsrafil
Abutalıbov Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin ötən
həftə İçərişəhərdəki Aşurbəy ("Ləzgi məscidi") məscidində
keçirdikləri əməliyyatdan sonra saxlanılıb.
Qeyd edək ki, İsrafil Abutalıbovun Suriyaya döyüşməyə gedən
azərbaycanlı vəhabilər arasında təbliğat apardığı və onlara maliyyə
dəstəyi göstərdiyi barədə informasiya ictimaiyyət arasında xeyli
müddətdir ki, dolaşırdı. Aşurbəy məscidində aparılan əməliyyat
zamanı da hüquq mühafizə orqanı əməkdaşlarının dindarların İsrafil
Abutalıbovla bağlı sorğu-sual edildiyi bildirilirdi.
Hacıbala Abutalıbovun telefonuna cavab verən xanım şəxsi sual
olmasına baxmayaraq, merin əvəzindən bildirdi ki, belə məlumatlara
inanmaq lazım deyil: "Hamısı yalandır, belə bir şey yoxdur".
Milli Təhlükəsizlik Nazirliyinin məlumat mərkəzindən isə
ümumiyyətlə Aşurbəy məscidində əməliyyat keçirildiyi inkar
edildi:
"Bizdə belə bir əməliyyatın keçirilməsi ilə bağlı məlumat
yoxdur".
Xatırladaq ki, iyunun 20-də Bakının "Ləzgi məscidi"ndə
("Aşurbəy") MTN və DİN əməliyyat keçirərək 20 nəfəri həbs edib.
Məlumatı əməliyyat keçirən nazirliklər təsdiqləyib. Əməliyyatla
bağlı fotolar da xəbərlər arasında yer almışdı.
Elə həmin vaxtı Axar.az-ın mötəbər qaynaqlardan
əldə etdiyi məlumatda deyilirdi ki, əməliyyat zamanı saxlanılan
sələfilər Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala
Abutalıbovun oğlu barəsində də sorğu-sual olunublar. Onlar
sələfilərin Bakıda əsas himayəçilərindən sayılan İsrafil
Abutalıbovun İŞİD-ə qoşulmaq istəyənlərin ölkəni tərk etməsinə
şərait yaratması və əlaqələrin hansı istiqamətdə olması ilə bağlı
dindiriliblər. O da bildirilirdi ki, sələfilərin Badamdar
qəsəbəsində yerləşən ibadət yerlərində aparılan yoxlamalardan sonra
kifayət qədər böyük məbləğ müsadirə edilib.
İsrafil Abutalıbovun da elə bu səbəbdən həbs edildiyi ehtimal
olunur.
Onu da qeyd edək ki, mətbuatda Hacıbala Abutalıbovun oğlundan
imtina etməsi haqda xəbərlər xeyli vaxtdır yayılıb.
Məsələ ilə bağlı öyrənəcəyimiz yeni detal və faktları
diqqətinizə çatdıracağıq.